Milli Məclisdə Azərbaycan milli mətbəxinin qorunması və təbliği məqsədilə yeni qanun layihəsi hazırlanır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun bildirdiyinə görə, layihə yaz sessiyası dövründə müzakirəyə çıxarılacaq. «Kulinariya mədəniyyəti haqqında» qanun layihəsində milli mətbəx nümunələrinin qeydiyyatı, onların qorunması və təbliği, bu sahədə peşəkar kadrların hazırlanması, qədim və nadir milli mətbəx nümunələrinin tədqiq edilməsi, milli mətbəximizin dünyaya təqdim olunması, yemək mədəniyyətimizin başqa xalqlar tərəfindən mənimsənilməsi və bunun qarşısının alınması ilə bağlı xeyli məqamlar yer alıb.
Layihənin müəllifi, millət vəkili Leyla Abdullayeva Azərbaycanda ilk dəfə bu tip qanunvericilik sənədinin hazırlandığını bildirib. Qanun layihəsində qeyd edilir ki, Azərbaycan xalqına məxsus, texnoloji, avadanlıq və resept komplekslərini özündə birləşdirən xörək və qida məhsullarının hazırlanması ilə əlaqədar insan fəaliyyətinin nəticələri milli mətbəx nümunələri hesab edilir. Millət vəkilinin sözlərinə görə, layihə ekspert rəyi alınması üçün Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinə göndərilib.
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov qəzetimizə açıqlamasında belə bir qanunun qəbulunun vacibliyini qeyd etdi. Onun sözlərinə görə, bəzi ölkələr mətbəx sahəsində mövcud olan üstünlüklərini realizə etmək üçün belə qanun qəbul ediblər: «Fransa, İtaliya, Çin, Aralıq dənizi ölkələri, Yaponiya, Fransa öz mətbəxlərini UNESCO-nun siyahısına salıblar. Yəni bir çox ölkələr bu yolla gedir. Bizdə isə bu məsələ gecikir. Mətbəx sahəsində mütləq üstünlüyə malik olmağımıza baxmayaraq, bu üstünlüyü biz dünyada realizə edə bilməmişdik. Ötən il qəbul edilən «Mədəniyyət haqqında» qanunda ayrıca bir bəndlə milli mətbəximiz millətimizin qeyri-maddi irsi kimi qeyd olunub. Amma bunlar kifayət deyil. Azərbaycanda bu gün kulinariya sahəsində ixtisaslaşmış məktəb yoxdur. Mətbəximizi öyrənən ayrıca elmi tədqiqat institutu yoxdur, amma bir çox ölkələrdə belə qurumlar var. Bizdə milli mətbəx muzeyi olmalıdır. Və ən nəhayət, mətbəximizin restoran biznesinə gətirilməsi məsələsi bu gün aktualdır. Hazırda beynəlxalq tədbirlərin keçirildiyi yüksək səviyyəli hotellərimizin restoranlarında Azərbaycan mətbəxi təmsil olunmur. Bu mətbəx restoran biznesinə gətirilməlidir, xarici ölkələrə çıxarılmalıdır. Digər tərəfdən, məlumdur ki, qonşularımız mətbəximizin bir hissəsini oğurlayıblar. Onların da qarşısına sədd çəkilməlidir. Azərbaycanda mətbəx qeyri-maddi mülkiyyət kimi ona mülkiyyət və müəllif hüququ alınmalıdır, bundan sonra o beynəlxalq patentlərə cəlb olunmalı, standartlaşmalıdır. Həm də milli irs kimi hər tərəfdən qorunma rejimi tətbiq olunmalı, tədris sisteminə gətirilməlidir. Bizdə restoran biznesində təhsili olanlar azlıq təşkil edir. Bütün bu vəziyyətlərdən çıxmaq, mətbəxi tədqiq etmək, qədim mənbələri bir yerə toplamaq, qorumaq, mətbəxin öyrənilməsi, təbliği, tanıdılması və dünya restoran və turizm bazarına çıxarılması üçün üzərində işlər getməlidir. Bunlar da qanunla tənzimlənməlidir”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar