İlham Rəhimli

(Əvvəli qəzetimizin 11, 13, 18 dekabr, 22, 24, 29, 31 yanvar, 5, 7 fevral tarixli nömrələrində)

Qüdrətli dramaturq, rejissor, şair Cəfər Cabbarlıya (1899-1934) xitab.
Birinci sual.
- Cənab Cabbarlı!
«Maarif və mədəniyyət» jurnalı 1923-cü ildə çıxan birinci sayında yazır: «Cəfər Cabbarlının «Araz çayı» mənzum pyesi yazılmış və dram teatrına təhvil verilmişdir».
Ustad!
Həmin pyes nə üçün tamaşaya qoyulmadı?
Bu səhnə əsərinin əlyazısı haradadır?
* * *
İkinci sual.
- Cəfər bəy!
«Əfqanıstan» pyesiniz 1933-cü ilin sonlarında Azərbaycan Dövlət Dram Teatrının repertuar planına daxil edilib. Əsərin üzərində bir qədər işlənilməklə 1934-cü ildə onun məşqlərinə başlanılıb. Tamaşanın quruluşu İsmayıl Hidayətzadə ilə Sizə tapşırılıb. Məşqlər iki həftəyə yaxın davam edib. Qəflətən yaradıcılıq prosesi dayandırılıb.
Bu əsərin məşqləri hansı səbəblərdən, kimin (yaxud kimlərin) göstərişi ilə yarımçıq saxlanılıb?
«Əfqanıstan» pyesinin əlyazması haradadır?
Əsər itə bilməzdi, çünki məşq prosesində onun dörd-beş nüsxəsi çıxarılmışdı. O vaxt tamaşada rol almış aktyorların xatırladıqlarına görə əlyazmanın orijinalı və nüsxələrdən biri müəllif kimi Sizdə, biri İsmayıl Hidayətzadədə olub. Digərləri öz rollarını köçürmək üçün aktyorlara və bir nüsxə teatrın arxivinə verilib. (Bir qayda olaraq teatrda oynanılan tamaşaların əlyazma variantları, yaxud surət nüsxələri teatrın arxivinə-kitabxanaya verilir).
Bəs onlar harada it-bata düşüb?
Pyes həbs olunduğunuz illərə təsadüf etsəydi yenə də itirilməsinə ehtimal olardı.
* * *
Üçüncü sual.
- İsmayıl Hidayətzadə öz xatirələrində yazır ki, Cəfər Cabbarlı ilə növbəti görüşümüzdə halı pərişan idi. Səbəbini soruşdum. Teatrın repertuarından, rejissor işindən, forma axtarışlarının uğursuzluğundan, aktyorların böyük qisminin köhnəlmiş ifadə vasitələrinə əsaslanmalarından gileyləndi. Yeni teatr yaratmaq arzusunu söylədi və biz respublika hökumətinə aşağıdakı məzmunda məktub imzaladıq.
Həmin məktubun mətnini təqdim etməmişdən əvvəl deyim ki, 1929-cu ildə hazırlanmış 10 təzə tamaşanın 7-si tərcümə əsəri idi. Onlardan üçü əvvəllər də təkrar-təkrar oynanılmışdı.
İki teatr fədaisinin imzaladığı məktubun mətni belə idi:
«Biz aşağıda imza edən İsmayıl Hidayətzadə və Cəfər Cabbarlı aprel ayının 10-da ikimiz belə bir qərara gəldik: Azərbaycan teatrı başqa teatrlardan geri deyilsə də, rəqabət yoxluğundan teatr bir durğunluq keçirir və özünü təkrar edir. Səhnəni bu durğunluqdan çıxarmaq və yeni bir təkanla tərəqqisini gücləndirmək lazımdır. Onun üçün biz ikimiz gənc qüvvələrdən yeni bir kadr (truppa - İ.R.) düzəldib, yeni bir teatr binası qurmağa çalışacağıq».
Bilirəm ki, gənc qüvvələr deyəndə əsasən Ülvi Rəcəbi, Məmmədəli Vəlixanlını, Möhsün Sənanini, Rza Əfqanlını, Mərziyə Davudovanı, Sona Hacıyevanı, Dadaş Şaraplını, Musa Hacızadəni, Türk İşçi Teatrından Fatma Qədrini, Ələsgər Ələkbərovu, Bakı Teatr Məktəbindən bir neçə tələbəni nəzərdə tutmusunuz. Onlar da böyük həvəs və intizarla bu arzunun reallaşacağına ümid bəsləyirdilər.
Həmin dövrdə Moskvada Vçevolod Meyerxold, Yevgeni Vaxtanqov yeni teatr açmışdılar. Bugünkü Akademik Satira Teatrı yenicə fəaliyyətə başlamışdı. Gürcüstanda Rustaveli və Marcanaşvili kimi iki nəhəng kollektiv bir-birinə böyük ehtiramla yaradıcılıq rəqabəti aparırdılar.
Təzə teatr açmaq bir yana, hələ iki il sonra Bakı Türk İşçi Teatrını gözlənilmədən Gəncəyə köçürdülər.
Teatr açmağınıza kimlər mane oldular?
«Olmaz!» demək üçün gətirdikləri bəhanənin mahiyyəti nədən ibarət idi?


Əməkdar artist, koloritli komik Dadaş Şaraplıya (Məmmədov. 1903-1959) xitab.
Sual.
- Hörmətli Şaraplı!
Gənc yaşlarından müxtəlif teatr truppalarında kiçik rollar oynamısınız. 1921-ci ildə yenicə yaranan Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul edilmisiniz. Bir il sonra Milli Dram Teatrının aktyor truppasına götürülmüsünüz. Teatrda çalışa-çalışa Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil almısınız. 1938-ci ildə Musiqili Komediya Teatrı açılanda kömək məqsədilə həmin kollektivə dəvət edilmisiniz. Bir neçə rol ifa edib yenə akademik teatra qayıtmısınız.
Milli Dram Teatrında Kərəməli («Hacı Qara», Mirzə Fətəli Axundzadə), Təlxək («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev), Serqo («Şeyx Sənan», Hüseyn Cavid), Mazandaranski, Ocaqqulu («Oqtay Eloğlu» və «Almaz», Cəfər Cabbarlı), Təlxək («Vaqif», Səməd Vurğun), Bərbərzadə («Xoşbəxtlər», Sabit Rəhman), Pardon Qubanəli («Həyat», Mirzə İbrahimov), Silvestr («Skapenin kələkləri», Jan Batist Molyer), Papas («Qaçaqlar», Fridrix Şiller), Tranio («Şıltaq qızın yumşalması», Uilyam Şekspir), Jerubino («Fiqaronun toyu», Pyer Bomarşe), Fite («80 gün dünya səyahəti», Jül Vern), Bezqali («Tom dayının koması», Biçer Stou), Şabaşkin («Dubrovski», Aleksandr Puşkin), Mişka («Müfəttiş», Nikolay Qoqol), Milavzorov («Günahsız müqəssirlər», Aleksandr Ostrovski), Alyoşa («Yurdsuz insanlar», Maksim Qorki), Landirin («Qanlı qala», yaxud «Nell qülləsinin sirri», Aleksandr Düma), Redibel («Gülən adam», Viktor Hüqo), Pərviz («Dəmirçi Gavə», Şəmsəddin Sami), Tilet («Göy quş», Moris Meterlinq) kimi xarakterik rollar oynamısınız.
Bunları ona görə bir qədər uzun-uzadı sadaladım ki, Dadaş Şaraplının yaradıcılığı barədə oxucularımızda müəyyən məlumat olsun. Onu da nəzərə çatdırım ki, Dadaş Şaraplı teatrda Mirzağa Əliyev, Məmmədəli Vəlixanlı, Mustafa Mərdanov kimi qüdrətli komediya ustaları ilə eyni rollarda çıxış edib.
Yaradıcılığınızın zirvələrə yüksəlişi mərhələsində, 37-38 yaşlarında, fəxri adla təltif olunandan iki-üç il sonra «müəmmalı» şəkildə teatrdan çıxmısınız. Az müddət sirkdə çalışmısınız, amma bir daha teatra qayıtmamısınız.
Uzun illərdir, düşünürəm: satirik və yumorlu ifadə vasitələri çox koloritli, təbii və şirəli olan Dadaş Şaraplının səhnədən uzaqlaşmasının səbəbi nə idi?
Bəlkə kollektivdə kiminləsə ciddi konfliktiniz olub?
Elə də deyin görək, o konflikt nədən ibarət idi? Aranızda kiminlə anlaşılmazlıq yaranmışdı?
Bəs hörmətinizi saxlayan, Sizə rəğbəti olan yaşlı aktyorlar nə üçün teatrda qalmağınıza yardımçı olmadılar?


SSRİ Xalq artisti, rejissor, kino aktyoru, pedaqoq Ədil İsgəndərova (1910-1978) xitab.
Birinci sual.
- Ədil Rzayeviç!
1930-1931-ci illərdə Bakı Teatr Məktəbinin tələbəsi ola-ola tətillərdə Gəncədə həvəskarlarla tamaşalar hazırlayırdınız. Dəmiryolçular klubunun dram dərnəyində quruluş verdiyiniz tamaşalarda qadın baş rollarını əsasən Barat Şəkinskaya ifa edirdi. 1935-ci ildə Moskvadakı Ümumittifaq Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinin diplomçusu kimi bugünkü Akademik Milli Dram Teatrına göndərildiniz. Burada Ukrayna dramaturqu Aleksandr Korneyçukun «Platon Kreçet» dramını «Polad Qartal» (tərcümə-təbdilçilər Mustafa Mərdanov və Ülvi Rəcəb idi) adı ilə tamaşaya hazırlamaq təklifini aldınız. Məşqlərə başlamaq ərəfəsində küçədə təsadüfən Gəncədən Bakıya Tibb İnstitutuna daxil olmağa gəlmiş, ancaq imtahanlara gecikmiş Barat Şəkinskayanı görmüsünüz. Onu özünüzlə teatra gətirmiş, rəhbərliyin icazəsi ilə «Polad Qartal»da Şəfiqə rolunu ona tapşırmısınız. Uğurlu alınan tamaşanın premyerası 3 yanvar 1936-cı ildə göstərilib.
Bundan sonra Barat xanım bir-birinin ardınca Tiltil («Göy quş», Moris Meterlinq), Cülyetta, Kordeliya («Romeo və Cülyetta» və «Kral Lir», Uilyam Şekspir), Atlas, Aida, Hürü («Həyat», «Madrid» və «Məhəbbət», Mirzə İbrahimov), Pəri («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev), Bənövşə («Yanar dərə», Cabbar Məcnunbəyov), Luiza («Məkr və məhəbbət», Fridrix Şiller), Tamara («Vaqif», Səməd Vurğun), Kiçik Napoleon («Ögey ana», Onore de Balzak), Çimnaz («Qaçaq Nəbi», Süleyman Rüstəm), Mirvari («Xoşbəxtlər», Sabit Rəhman), Varya («Vətən oğlu», Konstantin Simonov), Nataşa («İntiqam», Zeynal Xəlil), Almaz («Almaz», Cəfər Cabbarlı), Qəmər («Eşq və intiqam», Süleyman Sani Axundov) rollarını oynayıb.
Barat xanımın rollarına ondan istedadca aşağı olan və teatra rəqqasəlikdən təzəcə gələn aktrisanı hazırlayıb ansambla əlavə etdiniz. Hətta həmin aktrisa əsas heyətdə çıxış edirdi. Bundan möhkəm inciyən Barat Şəkinskaya küsüb Gəncə teatrına getdi. İki il orada işlədi. Akademik teatra 1945-ci ilin sonunda, yeni ailə qurduğu rejissor Mehdi Məmmədovla qayıtdı.
Nə üçün belə gözəl aktrisanın Sizin kollektivdən getməyinə razılıq verdiniz?
Hətta niyə onun ərizəsinə birinci və tərəddüdsüz qol çəkdiniz?
* * *
İkinci sual.
- Nasir-dramaturq Ənvər Məmmədxanlının «Şərqin səhəri» dramına möhtəşəm səhnə quruluşu vermisiniz (7 noyabr 1947). Bir il sonra tamaşanın yaradıcı heyətindən səkkiz nəfər Stalin mükafatına layiq görülüb. Səhnə əsərində Məcid Şamxalov Ağalarov rolunda Sidqi Ruhullaya, Məmmədəli Vəlixanlı Nəcəf bəy obrazında Mirzağa Əliyevə, Sofiya Bəsirzadə Nataşa surətində Hökümə Qurbanovaya roldaş (dublyor) verilmişdi. Onlar məşqlərin hamısında iştirak ediblər. Hətta onlar üçün də səhnə geyimi tikilib. Həmçinin tamaşanın kütləvi tirajla çap olunmuş proqramlarında bu ifaçıların adları verilib.
Onlar hansı səbəbdən «Şərqin səhəri» tamaşasında oynamayıblar?
Deyə bilərsiniz ki, Məcid Şamxalov aktyorluq imkanlarına, ifadə vasitələrinin rəngarəngliyinə görə Sidqi Ruhulladan qat-qat zəifdir. Razıyam. Bəs bunu bilə-bilə onu belə nəhəng aktyora niyə roldaş verirdiniz?
Yaxud, əgər məşq prosesində Şamxalovun, Sofiya xanımın və Vəlixanlının ifaları zəif alınmışdısa, onları tamaşaya buraxmamaq qərarına gəlmişdinizsə, bəs onda nə üçün proqramda adları var?
* * *
Üçüncü sual.
- 1945-ci ildə Bakı kinostudiyasında (indiki «Azərbaycanfilm») «Fətəli xan» filminin çəkilişləri başlandı. Ssenari müəllifləri Mehdi Hüseyn və Ənvər Məmmədxanlı idi. Filmə rejissor kimi Akademik Dram Teatrının direktoru və bədii rəhbəri olaraq Sizi dəvət etdilər. Əsgər İsmayılov filmin əsas operatoru, Arif Nərimanbəyov ikinci operatoru, Yuri Şvest tərtibatçı rəssamı, Tofiq Quliyev bəstəkarı təsdiqləndilər. Kamil Xanlarov və İzzət Seyidovanın eskizləri əsasında geyimlər tikildi, rekvizit, butafor hazırlandı, pavilyon dekorasiyaları quruldu, natura çəkilişlərinin məkanları müəyyənləşdirildi. Əsas rolların aktyorları Rza Əfqanlı (Fətəli xan), Leyla Bədirbəyli (Xədicə xanım), Mirvari Novruzova (Tuti Bikə), Rza Təhmasib (Ağası xan), İsmayıl Əfəndiyev (Əmir Həmzə) filmin çəkilişinə təsdiqləndilər. Qısa müddətdə filmin bəzi epizodlarının çəkilişləri reallaşdı. «Kommunist» qəzeti 12 sentyabr 1945-ci il tarixli saylında «Fətəli xan» filmi üzərində aparılan yaradıcılıq işlərinə bir səhifə həsr etdi. Həmin səhifədə Leyla xanımın, Mirvari xanımın, İsmayıl Əfəndiyevin, Rza Təhmasibin və Rza Əfqanlının öz obrazları haqqında fikirləri dərc olunmuşdu. Müəlliflər əsas yaradıcılıq qayələrinin estetik mahiyyətini açıqlayırdılar...
Günlərin birində «Fətəli xan» filmi üzərində yaradıcılıq işi dayandırıldı. Siz rejissorluqdan uzaqlaşdırıldınız. Filmin rejissoru Moskvadan dəvət olunmuş Yefim Dziqan təyin edildi (qəribədir, Azərbaycanın tarixi filminin rejissoru Yefim...). Əsas operator Əlisəttar Atakişiyev təsdiqləndi. Filmin musiqisini Niyazi bəstələdi. Fətəli xan roluna Ələsgər Ələkbərov çəkildi. Leyla Bədirbəyli Tuti Bikə, Nəcibə Məlikova Xədicə rollarında çıxış etdilər. Qalan obrazların ifaçıları əsasən əvvəlki kimi qaldılar.
«Fətəli xan» filmi 1947-ci ildə ekranlara buraxıldı.
Ədil müəllim!
Hansı səbəblərdən Sizi filmin çəkilişlərindən uzaqlaşdırdılar?
Bu işdə Sizə qarşı birbaşa kimlərin bəd niyyətləri olub?
* * *
Dördüncü sual.
- Ədil Rza oğlu!
Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi 15 may 1946-cı ildə «Respublika teatrlarında rus klassik dramaturgiyasına baxışın yekunları» barədə xüsusi əmr verdi. On bir bənddən ibarət əmrin yeddinci bölməsində göstərilirdi ki, Azərbaycan Dövlət Dram Teatrı (bugünkü Milli Dram Teatrı) dahi rus ədibi Lev Tolstoyun məşhur «Anna Karenina» əsərini tamaşaya hazırlasın. Bununla bağlı Georgi Markovun romanı səhnələşdirdiyi nüsxə Azərbaycan dilinə tərcümə olunub və onun məşqləri başlayıb. Tamaşa monumental-romantik üslubda hazırlanırmış. Ancaq «Anna Karenina» tamaşası hasilə gəlməyib, məşqləri yarımçıq saxlanılıb.
Bu xoşagəlməz faktın ilk vaxtlarında məşqlərin yarımçıq dayandırılmasına truppanın hazır olmaması, əsasən Anna Karenina rolunun səhnə təcəssümündəki problemlər səbəb kimi göstərilib. İnandırıcı görünmür. Deyim niyə.
Gəlin, xatırlayaq. 1946-cı ildə teatrda Anna Karenina rolunu oynaya biləcək Mərziyə Davudova, Barat Şəkinskaya, Hökümə Qurbanova kimi aktrisalar vardı.
Ona görə də mənim bu sualım yerində səslənir: «Anna Karenina» dramının məşqləri nə üçün yarımçıq saxlanılıb?
Bəlkə bu rolu rəğbətiniz olan başqa aktrisaya tapşırmısınız, o da obrazın öhdəsindən gələ bilməyib?
* * *
Beşinci sual.
- 1952-ci il aprel ayının 4-də 49 saylı əmrə əsasən İmran Qasımovun «Bakılılar» pyesinin məşqlərinə başlanılıb. Bu əsər dramaturqun «Arzu» (22 dekabr 1938) pyesindən sonra teatra təqdim etdiyi ikinci dram əsəri idi. «Bakılılar» pyesinin quruluşu teatrın bədii rəhbəri kimi Sizə və rejissor Ələsgər Şərifova həvalə edilib. Tamaşanın bədii tərtibatını rəssam Nüsrət Fətullayev işləmiş, geyim eskizlərini Bədurə Əfqanlı vermişdi. Geyimlər tikilmişdi, tərtibat bir-iki xırda detalı çıxmaqla, demək olar, hazır idi. Heç kəsin gözləmədiyi bir məqamda, baş məşqlərin başlandığı ilk günlərdə «Bakılılar» tamaşası üzərində aparılan yaradıcılıq işləri dayandırıldı.
Yaradıcı heyətin iki aydan çox çəkdiyi zəhmət nə üçün nəticəsiz qaldı?

Xalq rəssamı Bədurə Əfqanlıya (1912-2002) xitab.
Sual.
- Bədurə xanım!
Teatr tarixindən bilirik ki, 1940-1960-cı illərdə Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışmısınız. Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan tifaq», «Köhnə dudman», Cəfər Cabbarlının «Od gəlini», Karlo Qoldoninin «Məzəli hadisə», Maksim Qorkinin «Vassa Jeleznova», Boris Lavrenyovun «Amerikanın səsi», Nazim Hikmətin «Türkiyədə» (Nüsrət Fətullayevlə birlikdə), Vadim Sobkonun «İkinci cəbhə arxasında», Abdulla Qəhharın «İpək naxışlar» və daha neçə-neçə əsərin tamaşasına bədii tərtibat vermisiniz, bir sıra səhnə əsərlərinə geyim eskizləri çəkmisiniz.
İlk tamaşası 1947-ci il noyabrın 7-də göstərilən Ənvər Məmmədxanlının «Şərqin səhəri» dramının tamaşasının tərtibat rəssamları Bədurə Əfqanlı və Nüsrət Fətullayev, geyim rəssamı Kazım Kazımzadə idi.
Ağıla sığmayan «məntiq» olsa da, faktdır. Necə olub ki, tərtibatı verən rəssamlardan biri Stalin mükafatı ilə təltif edilib, digəri, yəni Siz unudulmusunuz?
Rəhbərlikdən şəxsən kimlər Bədurə Əfqanlını elə ilk təqdimatda siyahıya daxil etməyib?
Bəs necə olub (?) ki, Moskvadan gələn komissiya bu incə məsələyə diqqət yetirməyib?

(Ardı var)