Son dövrlər milli təsviri sənətimizin öyrənilməsi və təbliği sahəsində çox işlər görülmüşdür. Qələmə alınmış müxtəlif məzmunlu tədqiqatlar arasında Rafiq Quliyevin bu yaxınlarda “Letterpress” nəşriyyatında nəşr olunmuş “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı (elmi redaktoru - Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev) bir sıra məziyyətlərinə görə seçilir.
Bunu şərtləndirən başlıca səbəb, heç şübhəsiz, bu mövzunun Azərbaycan sənətşünaslığında ilk dəfə kifayət qədər əhatəli işlənilməsidir. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin incəsənət bilikləri şöbəsinə rəhbərlik edən müəllif təsviri sənət sahəsində qazandığı çoxillik elmi-praktik təcrübəsinə əsaslanaraq rəssam və heykəltəraşlarımız tərəfindən yaradılan tarixi tutumlu əsərləri bir araya gətirməklə, onların bədii-estetik və mənəvi-tarixi dəyərini müəyyənləşdirməyə çalışmışdır.
Rafiq Quliyevin tarix və şəxsiyyət mövzusunu maraqlı tədqiqat əsərinə çevirməsinin kökündə problemin həllini təkcə hadisələrdə və onların gerçəkləşməsinə rəhbərlik etmiş görkəmli şəxsiyyətlərin fəaliyyətində görməyib, onun çərçivəsini kifayət qədər genişləndirməsi durur. Kitabın zəngin məzmunundan da görmək olur ki, Azərbaycan gerçəkliyində tarix yaşadan qaynaqlar düşündüyümüzdən də çoxdur. Aydın olur ki, arzulanan diqqətin və məntiqli yanaşmanın olmaması bu vaxta qədər həmin qaynaqların bələndiyi tarixi-bədii mahiyyəti üzə çıxarmağa imkan verməmişdir. Bu baxımdan “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı problemə yanaşma baxımından örnək ola biləcək nəşrdir desək, yanılmarıq.
Tədqiqatın “Ön söz əvəzi” bölümündə Azərbaycan təsviri sənətinin çoxəsrlik tarixinə və zəngin bədii ənənələrinə verilən dəyərləndirmə yeniliyi və məntiqli şərhi ilə diqqət çəkir. Rafiq Quliyevin miniatürlə bağlı fikirləri elmi dəlillərinə görə çox inandırıcı qəbul olunur. Etiraf edək ki, miniatürə bu cür elmi yanaşma hələ SSRİ dövründə milli sənət növlərimizə Avropa və rus-sovet sənətşünaslarının göstərdiyi və bu günədək davam edən “elmi” münasibətlərdən köklü şəkildə fərqlənir. Dediklərimizə əyanilik gətirmək üçün, gəlin, həmin qeydlərlə tanış olaq: “Çox təəssüf ki, bu vaxta kimi “miniatür” termini daha çox elə avropalıların anlamındakı kimi başa düşülməkdədir. Belə ki, əslində “miniatür” sözü heç də kiçik (?) ölçünün sinonimi olmayıb, bilavasitə Şərq-müsəlman, o cümlədən də Azərbaycan incəsənətinin özünəməxsus - özündə fəlsəfi-ruhani və mənəvi-estetik dəyərləri qovuşduran və gerçəkliyin dərketməyə xidmət edən bədii-fəlsəfi vasitəsidir. Tədqiqatlar göstərir ki, “miniatür” bir çoxlarının düşündüyü kimi təkcə kitab tərtibatına aid edilən sənət növü və yaxud janr deyil. Mahiyyətcə Avropa rəssamlığının ifadə vasitələrinə alternativ olan, perspektivin və işıq-kölgənin yoxluğu, yaxın-uzaq planlarda eyni gücdə olan rənglərdən istifadə, üst-üstə və spiralvarı kompozisiya qurma prinsipinə əsaslanma və s. bədii məziyyətləri hifz edən Şərq-müsəlman miniatürünün dünya rəssamlığında bərabəri yoxdur desək, heç bir mübaliğəyə yol vermərik...”
Rafiq Quliyev miniatür üslubunun təsviri sənətdə keçdiyi axtarışlar yolunu, Təbriz məktəbi ənənələrinin “Qacar üslubu” ilə əvəzlənməsi və onun realist-gerçəkçi sənətin ifadə vasitələri ilə zənginləşməsinə aid nümunələrin timsalında Azərbaycan təsviri sənətinin bir neçə əsrlik mənzərəsini canlandırır.
Müəllifin uzaq-yaxın keçmişimizə tutulan “bədii güzgü”nün bu vaxta qədər elmi dəyərini almamasına münasibətini onun tədqiqata cəlb etdiyi materialların rəngarəngliyindən görmək mümkündür. O, oxucuda əminlik yaradır ki, tarixi janr dedikdə təkcə döyüş səhnələri başa düşülməməlidir. Bu mənada qədim keçmişimizdən “boylanan” gərgin döyüşlərlə yanaşı, maddi-mədəniyyət nümunələri də, hadisələrin gerçəkləşməsini şərtləndirən şəxsiyyətlər də, müxtəlif motivli mənzərələr də, adət-ənənələrimiz və bayramlarımız da tarixi həqiqətin daşıyıcısı kimi qəbul oluna bilərlər. Kitabda tarixi tutum daşıyıcısı kimi rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələrindən söz açılır, bu sənət nümunələrinin tarixi ardıcıllıqla dəyərləndirilməsi həm də milli təsviri sənətimizdəki bədii meyllərin və üslubların təkamülünü izləməyə imkan verir.
Kitabın “rəngkarlıq”, “qrafika” və “heykəltəraşlıq” bölümlərində təqdimatı oxucunun təsviri sənətin bu növlərində yaradılan tarixi mövzulu əsərlərlə tanışlığına imkan verir. Burada rəssamlarımızın bir çox nəslinin əsərlərinin rəngli reproduksiyası da yer alıb. Şübhəsiz, kitabın diqqətçəkənliyini şərtləndirən səbəblərdən biri də onun səhifələrində məşhur fırça və tişə ustaları ilə yanaşı, adı hələ sənətsevərlərə yaxşı tanış olmayan müəlliflərin əsərlərinə də diqqətin yetərincə olmasıdır. Bu mənada Vaqif Ucatay, Natiq Fərəcullazadə, Fəxrəddin Məmmədvəliyev, Nadir Bayrışov, Nəcməddin Hüseynov, Nizami Hüseynov, Kamil Kamal və Günay Mehdizadə (rəngkarlıq), Aytən Şirzadova, Zivərbəy Əhmədbəyov, Tahir Məcidov və İsmayıl Əvəzovun (qrafika), Zakir Əhmədov, Nəriman Məmmədov, Nicat Məmmədov, Əlisəfa Əskərov, Nəriman Tağıyev, Səyad Rüstəm, İbrahim Həsənov və Azad Əliyevin (heykəltəraşlıq) adlarını çəkmək olar.
Müəllifin Azərbaycan təsviri sənətində tarixi mövzulu əsərləri bir araya gətirməsini və dəyərləndirməsini həm də onun ölkəmizin yaradıcı qüvvələrinə ismarışı kimi qiymətləndirmək olar. Onun qənaətinə görə, hər bir sənətkar öz dövrünün aynası olmalıdır. Qeyd edilən qısa dəyərləndirməyə əsasən, “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı sanballı elmi tədqiqat kimi müasir sənətşünaslığımıza töhfədir. Kitabda toplanan zəngin informasiya ali və orta ixtisas məktəblərində, bütünlükdə isə gənclərin vətənpərvərlik tərbiyəsində gərəkli mənbə kimi istifadə oluna bilər.
Binnət Hümbətoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı