İlham Rəhimli
(Əvvəli qəzetimizin 11, 13, 18 dekabr, 22, 24, 29, 31 yanvar, 5, 7, 12 fevral tarixli nömrələrində)
Xalq artisti, rejissor Ələsgər Şərifova (1909-1982) xitab.
Birinci sual.
- Ələsgər müəllim!
Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri» komediyasını tamaşaya hazırlamısınız. Sizin quruluşun ilk tamaşası 19 noyabr 1948-ci ildə göstərilib. Tamaşada əsas rolları Mustafa Mərdanova və Ağahüseyn Cavadova (Xan), Mirzağa Əliyevə və Kazım Ziyaya (vəzir Mirzə Həbib), Mərziyə Davudovaya (Ziba xanım), Fatma Qədriyə (Şölə xanım), Leyla Bədirbəyliyə (Nisə xanım), Möhsün Sənaniyə (Teymur ağa), Məhluqə Sadıqovaya və Böyükxanım Axundovaya (Pəri) tapşırmısınız. Tamaşanın proqramlarında da bu ifaçıların adları verilib. Ancaq axıra qədər məşq etsələr də, nə Mustafa Mərdanov, nə də Mirzağa Əliyev tamaşada oynamayıblar. Xatırlayaq ki, hər iki ifaçı həmin rolları müxtəlif illərdə dəfələrlə oynayıblar. Xüsusən qüdrətli komediya aktyoru Mirzağa Əliyev altı-yeddi müxtəlif quruluşda vəzir Mirzə Həbib rolunda səhnəyə çıxıb. Özü də çox gözəl və təravətli cazibədarlıqla.
Bu aktyorların tamaşada oynamamalarının səbəbi nədir?
* * *
İkinci sual.
- Yoldaş Şərifov!
Uzun illər quruluşçu rejissor işlədiyiniz Milli Dram Teatrı 1942-ci ildə şair Osman Sarıvəllinin «Babək» mənzum dramını repertuar planına daxil edib. Müharibə zamanında qəhrəmanlıq mövzulu əsərlərin oynanılması mütləq lazım idi. Bilirik ki, Babək də uzun illər ərəb istilaçılarına qarşı əzmlə, mərdliklə mübarizə aparan cəngavər qəhrəman olub. «Babək» əsərinin rejissorluğu Sizə, bədii tərtibatı rəssam Nüsrət Fətullayevə, geyim eskizləri İsmayıl Axundova tapşırılıb. Məşqlər başlayıb. Bu barədə mətbuat da xəbər verib. Ancaq məşqlərin qızğın məqamlarında «yuxarıdan» əsərin hazırlanmasına qadağa gəlib. Təbii ki, teatrın rəhbərliyi bu barədə ilk növbədə Sizə məlumat verib.
Həmin qadağa nədən ibarət idi?
Məşqlərin yarımçıq saxlanılması üçün əsas səbəb nə göstərilmişdi?
Özbəkistanın Xalq artisti Nəzirə xanım Əliyevaya (1912-1980) xitab.
Sual.
- Nəzirə xanım!
Özbəkistanın paytaxtı Daşkənd şəhərindən 1927-ci ildə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsində oxumağa gəlmisiniz. Qısa müddətdə Azərbaycan türkcəsində sərbəst danışmısınız. Məktəbi yüksək qiymətlərlə bitirəndən sonra Azərbaycan Maarif Komissarlığının məqsədli göndərişi əsasında (təhsildən sonra Bakıya qayıtmaq şərti ilə) Moskvaya ali təhsil almağa getmisiniz. 1930-1934-cü illərdə təhsilinizi başa vurub Bakıya gəlmisiniz və Milli Dram Teatrına aktrisa götürülmüsünüz. Qısa müddətdə teatrın repertuarındakı tamaşalarda Şelavina («Günahsız müqəssirlər», Aleksandr Ostrovski), Tatyana («Çiçəklər yolu», Valentin Katayev), Gülümsər («Qızıl çeşmə», Qurban Musayev), Leyla («Polad Qartal», Aleksandr Korneyçuk), Firuzə («Şahnamə», Mkrtıç Canan. Mirzə Fətəli Axundzadənin «Aldanmış kəvakib» əsəri əsasında), İşıq («Göy quş», Moris Meterlinq), Qiastina («Skapenin kələkləri», Jan Batist Molyer), Natella («Vətən namusu», Georgi Mdivani), Şərəfnisə xanım («Müsyö Jordan və dərviş Məstəli şah», Mirzə Fətəli Axundzadə), Səadət («Müsibəti-Fəxrəddin», Nəcəf bəy Vəzirov) rollarını böyük məharət və ustalıqla ifa etmisiniz.
Sizinlə bir dövrdə işləmiş sənətkarlar Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Barat Şəkinskaya, Məcid Şamxalov öz xatırlamalarında ehtiramla deyirdilər ki, cazibəli səhnə görkəminiz, yapışıqlı və məlahətli lirik-məxməri səsiniz varmış. Emosional və romantik ehtiraslı aktrisa kimi sevilmisiniz. Yaradıcılığınızın sürətli və parlaq nailiyyətlərlə zirvələrə yüksəldiyi bir vaxtda teatrdaxili konfliktə, daha doğrusu, intriqaya düçar olmusunuz. Nəticədə inciyib-küsərək Daşkəndə qayıtmısınız. Orada Həmzə Həkimzadə adına Özbəkistan Dövlət Akademik Dram Teatrında aktrisa kimi böyük yaradıcılıq ehtirası ilə çalışmısınız. Nəticədə Xalq artisti fəxri adına layiq görülmüsünüz. Həmçinin Özbəkistan Teatr Sənəti İnstitutunda professor kimi pedaqoji fəaliyyət göstərmisiniz.
Ancaq... ancaq bir daha Bakıya gəlməmisiniz. Müxtəlif illərdə mətbuata verdiyiniz müsahibələrdə yaradıcılığınızın Bakı dövrünü kövrəkliklə xatırlasanız da, buranı tərk etməyinizin səbəbini açmamısınız.
Milli Dram Teatrından niyə küsüb getdiniz?
Bəlkə hansısa aktrisa (və yaxud aktrisalar) Sizin kimi istedadlı xanımın teatrda qalmasını özlərinə rəqib hesab edirdilər?
Belədirsə, onların adlarını çəkə bilərsinizmi?
SSRİ Xalq artisti Hökümə xanım Qurbanovaya (1913-1989) xitab.
Birinci sual.
- Hökümə xanım!
Uilyam Şekspirin «Maqbet» faciəsində Ledi Maqbet rolunu oynamaq istəyinizi 1979-cu ildə kollektivin baş rejissoru Tofiq Kazımova bildirmişdiniz. O da razılıq verməmişdi. Demişdi ki, Ledi Maqbet üçün yaşınız keçib, ehtiraslı və çılğın səhnə imkanlarınız indiki halda Şekspirin bu obrazına uyğun deyil. 1980-ci ilin yayında Tofiq Kazımov faciəli şəkildə avtomobil qəzasında dünyasını dəyişdi. Dəfələrlə və hətta təkidlə bu arzunuzu teatrın direktorluğuna bildirirdiniz. Rəhbərlik əvvəl-əvvəl qəti etiraz etdi. Məlik Dadaşov da Sizə qoşulub Maqbeti oynamaq istədiyini bəyan etdi. İki qüdrətli sənətkarın inadı qarşısında teatrın direktorunun tərəddüd göstərməyi köməyə çatmadı. Nəhayət, razılıq verməyə məcbur oldu. Milli Dram Teatrı «Maqbet» faciəsini Abdulla Şaiqin tərcüməsində 1982-ci ilin repertuar planına daxil etdi. Həmin vaxtlar teatr baş rejissorsuz işləyirdi. Tamaşanın quruluşu Milli Dram Teatrında yenicə işləyən rejissor Mərahim Fərzəlibəyova tapşırıldı. Premyerası 19 noyabrda göstərilən tamaşa uğursuz alındı. Uğursuzluğun da əsas səbəbi sözsüz ki, Maqbet və Ledi Maqbet rollarının sönüklüyü ilə bağlıydı.
Hökümə xanım, Uilyam Şekspirin «On ikinci gecə»sində Oliviya (20 aprel 1946), «Qış nağılı»nda Hermiona (22 oktyabr 1955), «Antoni və Kleopatra»da Kleopatra (23 aprel 1964) rollarında qazandığınız möhtəşəm sənət qələbələrinə, füsunkar oyun tərzinə Ledi Maqbetin ifasında nail ola bilmədiniz. Bunu bütün teatr ictimaiyyəti, sənətinizə vurğun olan teatrşünaslar, səhnə sənətinə yaxın filoloq alimlər də acı təəssüflə təsdiqləmək məcburiyyətində qaldılar.
Altmış doqquz yaşına çatıb, beş ay idi ki, yetmişə qədəm basan Hökümə xanım rolun ifasındakı uğursuzluğunu hələ məşq prosesindən görə-görə (eləcə də Məlik Dadaşov) nə üçün tamaşa üzərində işini yarımçıq saxlamadı?
Əgər Ledi Maqbet rolunu yaradıcılıq bioqrafiyanızın zahiri zənginliyi naminə oynamaq istəmişdinizsə, məncə, buna qətiyyən ehtiyac yox idi. Çünki yaradıcılıq bioqrafiyanızda onlarca möhtəşəm baş rollar oynamışdınız. Yalnız Hüseyn Cavidin «Şeyx Sənan»ında Xumar, Fridrix Şillerin «Orlean qızı»nda Janna D"ark, Cəfər Cabbarlının «Od gəlini»ndə Solmaz, Səməd Vurğunun «Fərhad və Şirin»ində Şirin, Nazim Hikmətin «Məhəbbət əfsanəsi»ndə Məhmənəbanu, Mirzə İbrahimovun «Həyat»ında Həyat, «Kəndçi qızı»nda Bönövşə, Şıxəli Qurbanovun «Sənsiz»ində Sevinc, Tennessi Uilyamsın «Şüşəli heyvanxana»sında Amanda, Anton Çexovun «Vanya dayı»sında Yelena Andreyevna rollarını xatırlamaq kifayətdir. Hələ əllidən çox tamaşada əsas olan xarakterik səhnə obrazlarınızı demirəm.
Bəs hansı istək və səbəbdən Ledi Maqbeti mütləq oynamaq iddiasında sərt və şıltaq inadkarlıq göstərdiniz?
* * *
İkinci sual.
- Mehdi Məmmədovun haqqınızda yazdığı «Onun sənət ulduzu» kitabında (Bakı, «İşıq», 1983, səh. 96) Sizə belə bir sualla müraciət edib: «Bəs klassik dramaturgiyadan hansı rolları oynamaq niyyətindəsiniz?»
Cavabınız: - Niyyətində «olmuşam» demək daha düzgündür. Aktyorun həyatı, fəaliyyəti başqa sənətkarların fəaliyyətinə bənzəmir. Aktyor öz niyyətini-arzusunu gərək öz vaxtında, dərhal yerinə yetirsin. Yerinə yetməyən niyyət itirilmiş hesabındadır. Ötən illər aktyorun, xüsusilə aktrisanın yaradıcılıq hesabından silinir... Mən bir müddət Hamlet rolu haqqında düşünürdüm, buna can atırdım (mətbuat səhifələrində də bu xüsusda bir neçə dəfə yazılıb). Amma heyf ki, arzu başa gəlmədi. Mən arzudan ayrı düşdüm. O, keçmişdə qaldı».
Hökümə xanım!
Uilyam Şekspirin «Hamlet» faciəsində baş rolu oynamaq ideyası qəlbinizdə haradan və nədən doğmuşdu?
Tarixdən bilirik ki, məşhur fransız aktrisası Sara Bernar (1844-1923) kişi rolu Hamleti böyük ustalıqla ifa edib. Siz də tarixə düşmək istəyirdiniz, yoxsa konkret olaraq Hamletin ifası ilə hansısa fəlsəfi-psixoloji fikirləri canlandırmaq istəyiniz vardı?
Hamleti ifa etmək arzunuz barədə Milli Dram Teatrında çalışan rejissorlardan Ədil İsgəndərovla, Mehdi Məmmədovla, Tofiq Kazımovla, yaxud başqa kimlərləsə fikir mübadiləsi aparmışdınızmı?
Aparmışdınızsa, onların fikirləri nədən ibarət idi?
Hamletin sevgilisi Ofeliya rolunda hansı aktrisanı görür, onunla yöndaş olmaq istəyirdiniz?
Arzunuzun reallaşmasına əsas nə və yaxud kim (kimlər) mane oldu?
Xalq artisti Əli Zeynalova (1913-1988) xitab.
Birinci sual.
- Əli müəllim!
Romantik aktyor məktəbinin nümayəndəsi kimi pafoslu, zərif qiraətçilik qabiliyyətiniz, coşqun daxili ehtirasınız, qəhrəman sevgi rollarında cazibəli səhnə məlahətiniz ilə həmişə seçilmisiniz.
Əvvəl Bakı Pedaqoji Texnikumunu, 1933-cü ildə Bakı Teatr Məktəbini bitirərək az müddət Nuxa (Şəki) Dövlət Dram Teatrında, 1934-1945-ci illərdə isə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyorluq etmisiniz. İrəvan teatrında Cəfər Cabbarlının “1905-ci ildə” (Baxış), “Aydın” (Aydın), “Oqtay Eloğlu” (Oqtay) dramlarının tamaşalarında, Uilyam Şekspirin “Otello” (Otello) və “Hamlet” (Klavdi) faciələrində, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” pyesinin tamaşasında (Neznamov) baş rollar oynamısınız. Ümumən 40-dək rol ifa etmisiniz.
1945-ci ilin dekabrında heç kəsin gözləmədiyi halda Bakıya gələrək Milli Dram Teatrının aktyor truppasına götürülübsünüz. 1975-ci ilə qədər bu sənət ocağında çalışmısımız.
Bunları xatırlamaqda əsas məqsədim oxuculara, cüzi də olsa, Əli Zeynalovun sənətkarlığı haqqında məlumat verməkdir. Ancaq xatırlamada başqa bir mətləbim də var.
İrəvan teatrında aparıcı aktyor olmusunuz, kollektivdə ehtiramınız ucu tutulub. Nə səbəbdən bu teatrı tərk etdiniz?
«İki ömrüm olsaydı...» kitabınızda da bu barədə heç nə yazmamısınız. Otello rolundan danışırsınız. Cümlə bitər-bitməz üç nöqtə və ulduzlar qoyub yazırsınız: «1945-ci ilin dekabr ayı idi. Mən artıq Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında işləyirdim».
Bu kitab Siz İrəvan teatrından ayrılandan 28 il sonra çap olunub. Heç olmasa burada repertuarında ağırlıq yükünü çəkdiyiniz kollektivdən incikliyinizin səbəblərini yazmaq olmazdımı?
* * *
İkinci sual.
- İrəvan teatrında əsasən aktyor kimi çalışmış, eyni zamanda bir neçə tamaşaya rejissorluq etmisiniz. Bununla yanaşı, «Fəridə» (Məmmədbağır Qaraxanovla birlikdə, 1937-ci il), «Daşqın» (1940-cı il), «Həyəcanlı qəlb» (1942-ci il) pyeslərini yazmısınız. Müasir mövzulu həmin dramlar İrəvan teatrının repertuarında yer alıb. Birinci əsərinizi Baxşı Qələndərli, digər iki pyesinizi özünüz tamaşaya qoymusunuz.
Başa düşmək olar ki, üç pyes yazmaq adi maraq deyil. Nə də dramaturgiyanın nəzəri-təcrübi prinsiplərini yaxşı bilən bir aktyor üçün ötəri hiss ola bilməzdi. O dövrün tənqidi mətbuatı da pyeslərinizin tamaşaları barədə müsbət fikirli resenziyalar yazıb.
Necə oldu ki, Bakıya gələndən sonra bir daha pyes yazmadınız?
Hətta İrəvanda əsərlərinizin oynanıldığını da sənət dostlarınızdan az qala «sirr» kimi gizlədirdiniz. Niyə?
Buna nə hacət vardı?
* * *
Üçüncü sual.
- 1975-ci ildə teatrın repertuarında olan Nəbi Xəzrinin «Sən yanmasan...» (Yanar), Cəfər Cabbarlının «Aydın» (Dövlət bəy) əsərlərinin tamaşalarında əsas rolları oynayırdınız. Belə bir məqamda, 62 yaşında teatrdan uzaqlaşmağınızın kökündə nə dururdu?
Həmin dövrdə soruşanlara deyirdiniz ki, təqaüd vaxtım çatmışdı. Özünüz hamıdan yaxşı bilirsiniz ki, bu sözü «can qurtarmaq» üçün deyirdiniz. Çünki həmin dövrdə sizdən yaşlı olan aktyorlardan Ağahüseyn Cavadov (1894), Ağasadıq Gəraybəyli (1897), Hacıməmməd Qafqazlı (1898), Möhsün Sənani (1900), İsmayıl Osmanlı (1902), Cabbar Əliyev (1904), Abbas Rzayev (1904), İsmayıl Dağıstanlı (1907), Sadıq Saleh (1907), Fateh Fətullayev (1909), həmyaşıdlarınız Hökümə Qurbanova, Əliağa Ağayev, Məmməd Sadıqov hələ teatrın truppasında çalışırdılar. Deməli, bütün varlığınızla sevdiyiniz teatrdan uzaqlaşmağınızın çox ciddi səbəbi var.
Nədir o səbəb?
Kimə acıq eləyib getdiniz teatrdan?..
Rejissor, Əməkdar incəsənət xadimi Zəfər Nemətova (1915-1971) xitab.
Sual.
- Zəfər müəllim!
Əvvəlcə birlikdə tarixə kiçik ekskurs edək. Bugünkü Gənc Tamaşaçılar Teatrının yaradıcılarından birisiniz. Bu kollektivə 1931-ci ildə gəlmisiniz. İlk illər aktyorluq etmisiniz və paralel olaraq rejissor assistenti kimi çalışmısınız. 1943-cü ildən sırf rejissor yaradıcılığı ilə məşğul idiniz. 1954-1969-cu illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru işləmisiniz. Gözlənilmədən baş rejissorluqdan çıxarılandan az müddət sonra, 1970-ci ildə teatrdan tamamilə uzaqlaşmısınız. Daha dəqiq desəm, uzaqlaşdırılmısınız.
Teatr tarixindən bilirik ki, bu kollektivdə aktyor truppasının formalaşmasında, repertuar siyasətinin qurulmasında, sənət ocağının fəaliyyət istiqamətinin, mövzu dairəsinin genişlənməsində böyük xidmətləriniz var. Sonralar müxtəlif fəxri adlarla təltif edilən neçə-neçə sənətkarı yeniyetmə və gənclik yaşlarından teatra məhz Siz dəvət etmisiniz. Etiraf edək ki, bu teatrın truppası Zəfər Nemətovun baş rejissorluğu dövründəki qədər güclü, qüdrətli və möhtəşəm olmayıb.
Bunları xatırlamaqda sözümün canı var.
Ay ustad! Bu qədər xidmətlərin müqabilində, müdrik çağınızda (54 yaşda) baş rejissorluqdan uzaqlaşdırılmağınızın, bir il sonra teatrı tərk etməyinizin səbəbkarı kimlər olub?
Mədəniyyət Nazirliyinin Zəfər Nemətovu vəzifədən çıxarmaqda arqumenti, bəhanəsi nə oldu, hansı əsası gətirdi?
Sizi az qala əli üstə saxlayan kollektiv baş rejissorun dəyişməsinə necə münasibət göstərdi?
Heç olmasa kimsə Mədəniyyət Nazirliyinin bu qərarına yazılı, yaxud şifahi etirazını bildirdimi?
(Ardı var)