Bütün xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik!
8 mart Beynəlxalq Qadınlar Gününün tarixi XIX əsrin ortalarına və okeanın o tayına gedib çıxır. Mahiyyətində zəhmətkeş qadınların hüquqlarının müdafiəsi, sosialist təmayüllü siyasi çalarlar olsa da, illərdir ki, bu gün hər şeydən öncə gözəllik, zəriflik bayramı kimi qeyd olunur.
Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin mənəvi dayağı olub. Şərq qadınları arasında mədəniyyətin və incəsənətin, elmin və texnikanın ayrı-ayrı sahələrində ilk addımlar da bizim ölkənin qadınları tərəfindən atılıb. Müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb Bakıda yaradılıb, qadınlara seçib-seçilmək hüququ Azərbaycan Xalq Cümhuriyyətində verilib. Bu gün xanımlarımız milli-mədəni zənginliklərimizin və mənəvi dəyərlərimizin qorunub saxlanılmasının təminatçılarıdır.
Hər bir qadın ailənin, cəmiyyətin, dünyanın bəzəyidir. Bayramınız mübarək, əziz xanımlar!