Yusif Hacıyev: «Bu elə bir sənət növüdür ki, insanın mənəvi zövq alması ilə bərabər, cisminə də qulluq edir»
«Şıxlar» sənəti haqqında bəlkə də çoxları eşitməyib. Çünki bu, nisbətən yeni bir dekorativ-tətbiqi sənət növüdür. Onu XXI əsr dekorativ-tətbiqi sənətinin yeniliyi, orijinal bir istiqaməti də adlandırmaq olar.
Bu sənətin mahiyyətini öyrənmək üçün onun yaradıcısı, Siyəzən rayonunun Şıxlar kənd sakini Yusif Hacıyevlə görüşdük. O, təbiətin qoynunda çoxlarımızın görə bilmədiyi gözəllikləri - ağac, daş və sairə materialların harmonik, mütənasib forma və ölçülərini seçib bu təbii sənət əsərlərini maraqlı, orijinal təqdimatda bizlərə göstərir.
Bu sənəti necə seçməsi ilə bağlı sualımızı özünəməxsus tərzdə cavablandırır: «Dünyaya gələn insan sənətkar əqlinin məhsulu ilə zövqünə və insanlığa xidmət etməkdədir. Mən də bu xidmətin sahibiyəm, insanlığa xidmət edirəm».
Sənətinin tanınması isə, özünün də dediyi kimi, bir təsadüf nəticəsində baş verib: «2012-ci ildə II respublika dekorativ-tətbiqi sənət festivalı çərçivəsində sərgiyə qatılmışdım. Mədəniyyət və turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva da tədbirdə iştirak edirdi. O mənim əl işlərimlə maraqlandı və bildirdi ki, bunun yeni sənət növü kimi tanıtmaq lazımdır. Onu da dedi ki, bu, Azərbaycan xalqının dünya xalqlarına yeni sənət hədiyyəsidir. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları bu sənətlə yaxından maraqlandılar, 2013-cü ildə Müəllif Hüquqları Agentliyi tərəfindən mənə müəlliflik hüququ şəhadətnaməsi verildi. «Şıxlar» sənəti Allah-təalanın yaratdığı gözəlliyin aşkarlanmasıdır. Mən əsərlərimə heç bir şey əlavə etmirəm, yonmuram, düzəltmirəm. Bu sənət nəqqaşlıq, xəttatlıq, dülgərlik, rəssamlıq, boyama, tikmə, xalçaçılıq kimi sənətlərdən əsaslı şəkildə fərqlənir. «Şıxlar» elə bir sənət növüdür ki, insanın mənəvi zövq alması ilə bərabər, cisminə də qulluq edir».
Nazirlik bu sənətə böyük diqqət yetirir
Sənətkar «Bu gözəlliyi hər kəs görə bilmir axı. Gəlin, etiraf edək ki, bunun özü də bir istedaddır» fikrimizə təvazökar bir münasibət bildirir: «Mənim boynuma yıxmayaq. İnsanlığın, azərbaycanlıların gözəlliyidir ki, Allah-təala bunu xalqımıza qismət edib. Bir də elə gözəlliyi hamının görməməsinin bir özəlliyi var. Yəni necə Yaradan insanın ölümünü yaşadığı müddətin içində sirli saxlayır, burada da məqsəd var. Hamı bilsə ki, nə vaxt dünyasını dəyişəcək, onda həyatın, yaşamağın mənası da olmazdı. Bu sirr insanı həmişə ayıq olmağa və gözəlliyi axtarmağa, yaşamağa maraqlı olmağa vadar edir. O gözəlliyin də təbiətin içində gizli saxlanmasının sirri ondadır ki, onu tək-tək bəndələr görsün və başqalarında dünyaya, təbiətə, Yaradana maraq yaratsın».
Həmsöhbətim deyir ki, dünyanın bütün ustaları müasir avadanlıqlarla yığılıb aylarla çalışsalar da, təbiətin yaratdığı gözəlliyin milyonda birinin bənzərini belə yarada bilməzlər: «Bunları Yaradan yaradıb, mən yaratmamışam. Mən yaratsaydım, bəlkə də bundan səliqəli, bir başqa formada yaradardım. Amma bunun təkrarını yarada bilməzdim. Necə ki, barmağımızın izindən tutmuş qəlbimizin nuruna qədər hər birimiz fərdi və təkrarolunmaz yaradılmışıq, bir daha bizdən olmayacaq. Həmçinin təbiətin daşından ağac budağınadək hər şey fərqli yaradılıb. Bizim də borcumuz odur ki, bu gözəlliyi aşkarlayıb bütün dünyaya bəyan edək».
«Şıxlar» yeni sənət növü olmasına baxmayaraq, onun müəllifi Yusif Hacıyev dəfələrlə fəxri fərmanlara layiq görülüb, Azərbaycanda və xarici ölkələrdə keçirilən sərgilərdə iştirak edərək laureat adını qazanıb. Həmsöhbətimiz buna görə ilk növbədə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və kollektivinə təşəkkür edir. Çünki ilk gündən onun sənətinə nazirliyin diqqət və qayğısı var.
Bu sənətin adının da özünəməxsus yozumu var: «Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində bu sənətə ad qoyulması müzakirə olunurdu. Müəllif kimi fikrimi soruşduqda dedim ki, kəndimizin adını qoymaq istəyirəm. Şıxlar Şah İsmayıl Xətainin atası Şeyx Heydərin ziyarətgahıdır. Belə gözəllikləri alimlər, üləmalar, ziyalılar görər deyə həm də bu səbəbdən sənətin adının “Şıxlar” olmasını istədim və etiraz etmədilər. 2013-cü ilin yanvarında Müəllif Hüquqları Agentliyində bu adla qeydiyyatdan keçdi».
Ustanın sözlərinə görə, bu sənətlə maraqlananlar çoxdur. Görən hər kəsin xoşuna gəlir. Bu ilin fevralında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edərkən Yusif Hacıyev bu sənətin yaşadılması və inkişafının təmin edilməsi məqsədilə «Şıxlar» sənət mərkəzinin yaradılması üçün nazirə müraciət edib: «Artıq müraciət öz nəticəsini verib. Mədəniyyət və Turizm Nazirliyindən Siyəzən Rayon İcra Hakimiyyətinə rayonda «Şıxlar» sənət mərkəzinin yaradılmasına kömək göstərilməsi ilə bağlı məktub daxil olub. Bu günlərdə məni rayon İcra Hakimiyyətindən mərkəzə yer seçilməsi üçün dəvət etmişdilər. Buna görə nazirliyin rəhbərliyinə minnətdaram. İstəyirəm, bu sənət yaşasın. Ömrümün sonuna qədər gənclərlə bu istiqamətdə məşğul olmağa hazıram. Bundan əlavə, «Şıxlar» sənətinin orta məktəb dərsliklərinə salınmasını da istərdim».
İnsan dərk edir ki, gözəllik bu imiş...
“Amma bu sənət zövqlə bağlıdır. Üstəlik, yaradıcılıq tələb edir. Bunu şagirdlərə necə aşılamaq olar” sualımıza maraqlı cavab alırıq: «Dünya özü əksliklərin vəhdəti üzərində bərqərar olub: mənfi-müsbət, isti-soyuq, gecə-gündüz, pis-yaxşı və s. Bunların birini ayırsan, digəri də olmayacaq. Sənin, mənim zövqümlə həqiqi gözəlliyin zövqünü vəhdət şəklində birləşdirəndə inkişafa doğru gedəcək. Amma ona fikir verməyəndə tənəzzülə uğrayacaq. Mənim də çalışdığım odur ki, bütün insanlar Yaradanın bəxş etdiyi bu gözəlliyin ətrafında birləşsinlər. Bir də baxırsan ki, təhsili, elmi dərəcəsi, sənətkarlıq haqqında anlayışı da yoxdur, amma baxan kimi o ağaca aludə olur. Nədir bizi birləşdirən? Bu, insanlığın birləşməsidir. İnsan dərk edir ki, gözəllik bu imiş. Gözəllik də bizim üçündür. Hamımız orda birləşəndə zövqlərin vəhdəti, cəmiyyət yaranır, insan və insanlıq olur».
Yazımızı da ustanın fikirləri ilə bitirmək istərdik: «Yaradan gözəlliyin əslini yaratdı ki, şüurunu hikmət nuru ilə işıqlandıran insan gözəlliyi aşkarlamaqla onun əslini dərk etsin və çəkdiyi zəhmətin ləzzətini yaşayıb əbədiyyətə qovuşsun. Bu yolda çəkilən zəhmət əbədiyyət yolunun ziyasına çevrilərkən insanın öz yolunu və insanlığın yolunu işıqlandırır. Bu səbəbdəndir ki, dərk etdiyim dünyəvi gözəlliklərin əslini aşkarlamaq sənəti olan «Şıxlar» ilə məşğul oluram».
Biz də Yusif Hacıyevə bu yolda uğurlar və cansağlığı arzulayırıq. Allah yolunu açıq etsin!
Fəxriyyə Abdullayeva