“Nizami Gəncəvinin əsərlərində dünyaya mədəni inteqrasiya ideyası var”

Xəbər verildiyi kimi, aprelin 28-29-da Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu, 27-30 aprel tarixində isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin VI beynəlxalq toplantısı və I Baş Assambleyası keçirildi. Tədbirlərdə müxtəlif ölkələrdən dövlət xadimləri, sabiq prezidentlər, alimlər iştirak edirdi. Ötən sayımızda Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa ilə geniş müsahibəni təqdim etmişdik. Bu gün isə qonaqların bəzilərinin təəssüratlarını diqqətə çatdırırıq.

Petru Luçinski
(Moldovanın keçmiş prezidenti):
- Mən Nizami Gəncəvinin aforizmləri ilə bağlı 4 dildə kitab nəşr etmişəm. Bu kitab Azərbaycan, Moldova, rus və ingilis dillərindədir. Prezident İlham Əliyevin qəbulunda olarkən kitabın birini şəxsən ona təqdim etdim. Eyni zamanda tədbirdə iştirak edən nümayəndələrə də kitab bağışlamışam. Mən Nizami Gəncəvi haqqında çoxdan bilgiyə malik olduğuma görə məmnunam. Demək olar ki, onun bütün əsərlərini oxumuşam. Gənclik illərimdə Opera və Balet Teatrında “Yeddi gözəl” baletinə tamaşa etmişəm. Moldovada Nizamiyə böyük sevgi var və 2005-ci ildə paytaxt Kişineuda Prezident İlham Əliyevin iştirakı ilə Nizaminin heykəlinin açılışı olmuşdu. Çox şadam ki, Bakıda belə bir tədbirdə iştirak etdim.

Ceyms Riçard Mançam
(Şeysell Adaları Respublikasının banisi, sabiq prezident):

- Forumda gördüklərimdən çox təsirləndim. Ona görə ki, toplantının ideyası çox maraqlı və əhəmiyyətlidir. Dünyada sülh və stabilliyin əldə olunması baxımından müştərək cəmiyyət çox vacibdir. Bu baxımdan toplantıda səsləndirilən bütün fikirlər, çıxışlar dünyanı yalnız sülhə səsləyir.
Nizami Gəncəvi dünya şöhrətli şair olub. Onun yazdığı əsərlər bütün zamanlarda öz aktuallığını qoruyub saxlayır və insanları sülhə səsləyir. Belə bir mütəfəkkiri olduğuna görə Azərbaycan xalqı xoşbəxtdir və eyni zamanda dünya bu dahini tanımalıdır. Ən əhəmiyyətlisi isə budur ki, şair istər öz dövründə, istərsə də müasir dövrdə həm ədəbiyyata, həm də cəmiyyətə təsir edə bilib. Nizaminin vətənində olduğuma və bu forumda iştirakıma görə çox xoşbəxtəm. Bakını ilk dəfə gördüm və bu şəhərə, onun insanlarına vuruldum. Şəhər o qədər gözəl və əsrarəngizdir ki, baxdıqca doymaq olmur. Bu şəhəri daha da gözəlləşdirən insanların qonaqpərvərliyi və istiqanlılığıdır.

Harri Yakobs
(Hindistan Elm və İncəsənət Akademiyasının vitse-prezidenti):
- Forumun ideyası olduqca vacibdir. Ona görə ki, indi bütün dünyada müzakirələr yalnız iqtisadi inkişafdan gedir. İnsanlar bu istiqamətdə nələrisə müzakirə edir, rəqəmlər üzərində baş sındırırlar. Bir sözlə, statistik göstəricilər liderlik edir. Amma başa düşmürlər ki, dünyanın başqa tərəfi də var. Burada səslənən fikirlər, müzakirə olunan məsələlər mənim vətənim Hindistanla yanaşı, başqa ölkələrə də mesajdır. Biz ölkəmizdə bu mesajı, ideyanı çox sürətlə yaymalıyıq.
Nizami yaradıcılığı ilə yeni tanış olmuşam. Doğrudur, mən ədəbiyyat mütəxəssisi deyiləm, lakin bir mədəniyyət xadimi kimi deyə bilərəm ki, onun əsərlərindəki universal dəyərlər, humanizm məni, sözün həqiqi mənasında, təəccübləndirdi. Bu əsərlərin mövzusunu ümumilikdə belə xarakterizə etmək olar: ictimai siyasət, müştərək humanizm. Nizaminin əsərlərində, doğrudan da, mədəniyyət baxımından bəşəriyyətə inteqrasiya ideyası mövcuddur. Bu ideyalar Azərbaycandan bütün dünyaya yayılmalıdır.

Aurelia Qriqoriu
(Moldovanın ombudsmanı):
- Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir. Qlobal səviyyədə belə bir tədbirin keçirilməsi xüsusilə son dövrlər üçün çox aktualdır. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın paytaxtında belə bir mövzuda keçirilən forum dünyaya başqa bir tərəfdən yanaşmağa mesaj verir: müştərək cəmiyyət və insanpərvərlik. Azərbaycan Prezidenti İlham Əliyevin konfransdakı çıxışı təqdirəlayiq idi. O, nitqində müasir dünyamız üçün maraqlı və prioritet fikirlər səsləndirdi. Bununla da görmək olur ki, ölkəniz bütün istiqamətlərdə inkişaf edib. Forumda keçmiş liderlərin iştirak etməsi də tədbirin əhəmiyyətini göstərir.

İvo Slaus
(Xorvatiyanın Dünya Elm və İncəsənət Akademiyasının prezidenti):
- Nizami dahi şair olub. XII əsrdə yaşayıb-yaratmasına baxmayaraq, əsərləri bu günlə səsləşir və onun irsinə multikulturalizm aspektindən yanaşmaq lazımdır. Biz alimlər müasir dövrdə çoxmədəniyyətliliyi təbliğ edir, insanları ədalətə səsləyirik. Amma bir çox ölkələrin xəbəri yoxdur ki, Azərbaycanda hələ XII əsrdə öz əsərləri ilə belə bir ideyanı təbliğ edən dahi mütəfəkkir yaşayıb-yaradıb. Nizami Gəncəvinin əsərləri dünyanın ən müxtəlif dillərinə tərcümə olunmalı, akademiyalarda tədqiq olunub tanıdılmalıdır. Yalnız bu yolla biz alimlər, mədəniyyət adamları dahi mütəfəkkiri layiqincə təbliğ edə bilərik.
Onu da qeyd edim ki, bu mənim Azərbaycana ilk səfərimdir. Bakının bu qədər gözəl və heyrətamiz bir şəhər olduğu heç ağlıma da gəlməzdi. Şəhərin memarlığı, şərq və qərb üslubunda tikililər məni heyran etdi. Dənizkənarı bulvar isə mənə qeyri-adi bir təsir bağışladı. Mən bu şəhəri və onun insanlarını sevdim və belə bir beynəlxalq tədbirə dəvətə görə təşkilatçılara minnətdaram.

Mehparə