Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Bu mənada “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxtı indiki qədər aktual olmamışdır.
Yaşadığımız əsrdə elmi pedaqogikanın qarşısında duran ən aktual problemlərdən biri şəxsiyyətin formalaşması məsələsidir. Zaman-zaman bu barədə müxtəlif fikirlər irəli sürülmüş fərqli nəzəriyyələr yaranmışdır. Müasir dünyanın inkişaf axarında təkcə ayrı-ayrı insanları deyil, bəlkə də bütöv xalqı dəyişə bilən ən böyük amil təhsil fenomenidir. Bu səbəbdən dünya ölkələri təhsil səviyyəsini artırmaq üçün yeni-yeni üsullar tətbiq edir, büdcələrinin əhəmiyyətli hissəsini təhsilin inkişafına ayırır. Bu mövzuda məşhur çin filosofu Konfutsinin bir kəlamını qeyd etmək yerinə düşərdi: “Əgər bir illik planın varsa, taxıl ək, on illik planın varsa bağ sal. Yüz illik planın varsa insanları öyrət”.
Dünya ölkələrinin inkişaf dinamikasına nəzər salsaq görərik ki, onlar bu mövqeyə təhsildəki uğurları sayəsində gəlmişlər. Azərbaycanda aparılan sosial-iqtisadi siyasət nəticəsində əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş, respublikamız orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu mühümdür. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Aparılan dövlət siyasətinə uyğun olaraq təhsilə ayrılan dövlət xərcləri yalnız son beş ildə 1,3 dəfə artmışdır. BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən, 2005-ci illə müqayisədə Azərbaycan 34 pillə irəliləyərək 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycan təhsilinin rəqabətə davamlılıq göstəricilərinin və Azərbaycan Respublikası ərazisində yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir.
Bu gün ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində uğurlu layihələr həyata keçirilir. Belə layihələrdən biri də 10-11 noyabr tarixində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Elm Festivalı - 2014” idi. Festivalda son illər ölkə alimlərinin dünyada qəbul edilmiş elmi nailiyyətləri nümayiş olundu, gənc alimlərin çıxışları dinlənildi, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar və s. keçirildi. Festivalın məqsədi elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, gənc nəslin bu sahəyə marağını artırmaqdır. İlk təcrübə olduğuna görə festival yalnız Bakını əhatə etdi. Əgər təcrübə öz səmərəliliyini sübut edərsə, gələcəkdə festivalın bütün ölkə səviyyəsində keçirilməsi planlaşdırılır.
Bir məqamı da yaddan çıxartmaq lazım deyil ki, elmin inkişafı həm təhsildən, həm də ideyadan asılıdır. İdeya sahibi isə həmişə fərddir, alimdir. İdeya elmi, elm texnologiyanı, texnologiya yeni texnikanı (tərəqqini), tərəqqi isə innovasiyalı iqtisadiyyatı inkişaf etdirir. Bütün bu qarşılıqlı təsirlər keyfiyyətli təhsil və elm mühitində baş verir.
Fikrimi alman alimi mütəfəkkiri İohan Volfanq Hötenin kəlamı ilə tamamlamaq istərdim. “Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir”. Həmişə yolumuz işıqlı və elmli olsun.
Nəzakət Rəhmanova,
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində direktor müavini