"Kitabi-Dədə Qorqud" eposunda ağaca, suya, dağa, quşlara inam təbiətdən ayrı insan həyatının olmadığı məntiqini doğurur

Azərbaycan xalqının, o cümlədən türk dünyası ədəbiyyatının ən qədim yazılı abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanı formalaşdığı dövrün əlamətləri, oğuzların adət-ənənələri, həyat tərzi, mənəvi, dünyəvi görüşləri və tarixi-etnoqrafik məlumatla zəngindir. Epos soy-kökümüzü, tariximizi, dövlətçiliyimizi və dilimizin keçmişini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.

On iki boydan ibarət olan dastanda anaya, vətənə məhəbbət, doğma yurda sədaqət, mərdlik kimi keyfiyyətlər dönə-dönə diqqətə çatdırılır. Ölməz sənət örnəyi olan "Kitabi-Dədə Qorqud" maraqlı bədii məzmunu, poetik dil xüsusiyyətləri, humanist-bəşəri ideyaları baxımından dünya epos xəzinəsinin şah əsərləri sırasındadır. AMEA-nın müxbir üzvü Nizami Cəfərovun təbirincə desək, bu əzəmətli epos əgər dünən Avrasiya tarixinin önəmli səhifələrini yazmış oğuz türklərinin müqəddəs kitabı idisə, bu gün artıq bütün dünyanın insan adlı varlığının ən ali həqiqətlərini bizə çatdıran, təbiətlə harmoniyada yaşamağın sirlərini bizə öyrədən bir topludur.
Ulu kitabda dil, mədəniyyət, yaşam, adətlərlə bərabər diqqətçəkən incəliklərdən biri də təbiət-insan mövzusudur. Təbiətin bəxş etdiyi misilsiz dəyərlərlə yaşayan insan üçün o, doğmalaşaraq qorunmağa ehtiyacı olan mənbəyə çevrilmişdir. “Gəlimli-gedimli dünya! Son ucu ölümlü dünya!” - deyən kitab ağac kimi, cücərti kimi insanın da gəlimli-gedimli olduğunu söyləyir.
AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy “Dədə Qorqud” dastanında təbiət təsvirlərinə münasibət bildirərkən qeyd edir ki, eposda təbiət müqəddəs dəyərlərə malik əlahiddə aləmdir: “Oğuz insanı onu əhatə edən təbiət aləminin canlı-cansız hər bir ünsürünə sayğı ilə yanaşaraq onu özündən ayırmır. Atı özünə qardaş, ağacı sirdaş, suyu müqəddəs hesab edib, qurdu xeyir-bərəkət, abadlıq və firavanlıq simvolu sayır. Evi və xalqı düşmən tərəfindən talan edilən Salur Qazan ona doğma olan insanların yerini öz doğmalarından ayırmadığı sudan, qurddan, köpəkdən və s. xəbər alır. Eposda oğuz insanları fövqəlestetik duyğulara malik şəxsiyyətlər kimi təsvir olunublar. At üstündə doğulub at üstündə ölən bu insanlarda poeziya və musiqiyə heyrət doğuracaq həssas münasibət var idi”.

Təbiətə inam

“Dədə Qorqud” boylarında təbiət laylalara bənzəyir, nağıl cazibəsinə malikdir. Yer, göy, buludlar, ulduzlar hətta dağlar belə insanın inam qaynağıdır. Kitabda oğuz insanları suya, ağaca inanıb ona bel bağlayırlar. Bu fikrə nümunə olaraq Dirsə xanın Xatununun sözlərini yada salmaq kifayətdir:

Quru-quru çaylara suçu saldım,
Dilək ilə bir oğul güclə buldum...


“Su haqq didarın görmüşdür”, - deyən Salur Qazan yurdunun sorağını da elə sudan alır:

Qızıl dəvələr gəlib keçdiyi su!
Ağ qoyunlar gəlib çövrəsində yatdığı su!
Ordumun xəbərin bilirmisin degil mana!
Qara başım qurban olsun suyum sana!


Filologiya üzrə elmlər doktoru, professor Əzizxan Tanrıverdi “Dədə-Qorqud kitabı”nda dağ kultu” monoqrafiyasında yazır ki, bu cür poetik ifadələri yaratmış ozan və ya təhkiyəçi uludan ulu əcdadlarımızın inam və təsəvvürlərinə söykənmiş, onları “saf-çürük” edərək daha təkmil, daha zəngin bir formada təqdim etməyi bacarmışdır. Amma bu da var ki, təbiəti duymayan, onun dağına, daşına, suyuna bələd olmayan, dişgöynədən buz bulaqlarından doyunca su içməyən, gül-çiçəyini iyləməyən, həmçinin təbiətin bu şirli-sehrli dünyasında çaş-baş qalaraq var-gəl etməyən heç bir ozan bu cür ifadələri yarada bilməzdi. Burada ozanın əsas özəlliklərindən biri də yaşadığı dövrün, daha dəqiqi, oğuzların sosial-mədəni həyatını, dünyagörüşünü dərindən bilməsidir.
Eposda dağ ən böyük hədiyyələrdən biridir: «Qarşu yatan qara tağlar saqa yaylaq olsun!». Beyrəyin atası və anasının dilindən verilmiş bu misra onun diri olma xəbərini gətirən, muştuluq istəyən Banuçiçəyə ünvanlanıb. Daha bir nümunə isə Banuçiçəyin Beyrəyin valideynlərinə söylədiyi sözlərdir. Beyrəyin gəlişi sanki təbiətin oyanışıdır:

Ərğab-ərğab qara dağın yıxılmışdı, ucaldı axı!
Qanlı-qanlı suların soğulmuşdu, çağladı axı!
Qaba ağacın qurumuşdu, yaşardı axı!

Yaxud,

Yalnız igid alp olmaz,
Yovşan dibi bərk olmaz,
Yapa-yapa yağsa yaza qalmaz,
Yapağlı kökcə çəmən küzə qalmaz...


Dastanda təbiətlə bağlılıq yuxu yozmalarında da özünü göstərir. Qazan xanın gördüyü yuxunu qardaşı Qaragünə belə yozur: “Qardaş, qara bulud dediyin sənin dövlətindir. Qar ilə yağmur dediyin sənin ləşkərindir. Saç qayğıdır. Qalanın yoza bilmərəm, Allah xeyrə yozsun”...
Eposda təbiət insanların sağlamlığının əsas mənbəyidir. Onun qəhrəmanları təbiətə tapınır, aldıqları yaraları, dərdi-azarı onunla sağaldır, təbiətdən güc alırlar. Məsələn, “Dirsə xan oğlu Buğac boyunda” Xızır Buğacın yarasını üç dəfə sığallayıb deyir: “Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir”. Dastandan yüzlərlə belə misal çəkmək mümkündür və sirri açılmayan, oxunduqca daha da mükəmməlləşən kitabda insan-təbiət münasibətlərinin müasir dövrlə ayaqlaşması ekoloji mühitlə əlaqəsi də aktual mövzu olaraq araşdırılmalıdır.
Akademik Kamal Abdulla “Aşkar və gizli Dədə Qorqud” əsərində qeyd edir ki, hər dəfə dastana müraciət edərkən o elə bil özünün yeni bir doğuluşunu yaşayır: “Oxunduqca elə bil yenidən qol-qanad açır, sanki özünü silkələyir. Və bu zaman özünün əvvəllər sezilməyən, bəlli olmayan bir görünüşündə görünür”.
Əsərdə kosmos, yəni dünyanın düzəni, sahman və tarazlığının da dastanda kifayət qədər açıq-aydın əks olunduğu bildirilir. Qeyd olunur ki, dastanın ifadə planı başdan-başa kosmik qayda-qanunlara əsasən təqdim edilir. Əsərdə dastandakı təbiət-mədəniyyət mövzusu geniş tədqiq olunur. Məsələn, təbiət-mədəniyyət anavariantına əsasən dastanda Basatın mədəni cəmiyyətə daxil edilmə çətinliyi və bu çətinliyin aradan qaldırılması yollarının bədiiləşmiş süjeti verilir. Basatı Aslan yatağında Aslan böyüdüb və atası Aruz Qoca onu tapıb evinə gətirəndən sonra belə o yenidən təbiətə qayıdır” və yaxud Basat qardaşının Təpəgözün əlində olduğunu biləndə dözməyib ağlayaraq ağı deyir. O, ölmüş qardaşını qara dağın ən yüksək zirvəsi sayır, axan müqəddəs suyun ən gur, ən daşqın yeri bilir. Görək, Basat üçün qardaşı Qıyan Səlcuq kimdir:

Qarşı yatan qara dağım yüksəyi qardaş!
Axıntılı görklü suyum daşqını qardaş!


Kamal Abdullanın fikrincə, “Kitabi-Dədə Qorqud” donmuş mətn deyil, çoxşaxəli, çətin, dərin, ziddiyyətli bir keçidin əksidir. Dastan bu keçidin bütövdən təkliyə, təklikdən vahidə, insan cəmiyyətindən insana keçidin ümumi, ən aparıcı məqamlarını təsvir edir.
Ümumiyyətlə, dastanda ağaca, dağa, quşlara inam müxtəlif boylarda fərqli məqamlarda təzahür edir. “Baybörənin oğlu Beyrək boyu”nda Beyrək Qazana deyir:

Sübh erkən durmuşsan, ağ ormana girmişsən.
Ağ qovağın budağından yırğalanıb keçmişsən.


Yaxud Basatın Təpəgözə cavabını xatırlayaq:

Atam adın sorarsan qaba ağac,
Anam adın sorarsan Kağan aslan...


Dastanda Salur Qazanın “Tulu quşun yavrusu” kimi anılması da təbiətə inamdan doğur. “Cümlə quşlar sultanı çal qaranquş”, “Çaya baxsa çalımlı, çal qaranquş ərdəmli bir gözəl yaxşı yigit oldu” kimi ifadələr Qorqud Atanın təbiəti öz söz-sovuna köçürməsinə işarədir.
“Kitabi-Dədə Qorqud” bütün bunlarla bizə deyir ki, insan təbiətin övladıdır. Bizim həyatımız təbiətdən ayrı ola bilməz. Ona görə də təbiətə münasibətdə daha çox həssaslıq göstərməliyik...

Lalə Azəri