Aktyor Hamlet Xanızadənin ölümünə


Azərbaycan telekanalları 20 yanvar tarixində efirə Gülbəniz Əzimzadənin "Qətl günü" filmini verirlər. Bu qara haşiyəyə  alınmış təqvim günündə göstərilən filmin titrlərində Hamlet Xanızadənin adı da qara çərçivədə olur. Sanki bu film aktyor Hamlet Xanızadənin ölümündən əvvəl duyduğu, özünə qıydığı avtobioqrafik finaldır. Bu film qəribə, faciəvi bir tale stixiyasını, mistikasını, silsiləsini nişan verən üçüncü gözdür. "Qətl günü" Hamlet Xanızadənin öz ölümünə çəkdirdiyi sənədli filmdir sanki...


"Qətl günü" filmində monoqrafiyaçı-alim, Sədi Əfəndinin yaradıcılığını tədqiq edir. Sədi Əfəndi Şairin - xalqın acı taleyini qələmə alıb. Və filmin qəhrəmanı Xəstə Sədi Əfəndinin, Şairin, özünün taleyinin iztirablarını dinməz-söyləməz yaşayır, onların əzabkeş ömrünü paylaşır. Necə ki, aktyor Hamlet Xanızadə ömrünə obrazlarının ömrünü qatdı, onları yaşadı və sonuncu qəhrəmanı kimi xalqın acı taleyini də içindən keçirdi. Və o da film qəhrəmanı kimi dözmədi. Həssas insan surətlərinə fraqment-rekviyem...
Film bir orta əsrdən, bir ötən əsrin əvvəli və sonundan danışır. Zaman dəyişib, amma situasiyalar, adamlar dəyişməyib. Əvvəllər şairlərin boynunu vururdularsa, ötən əsrin əvvəlində sürgün edir,  monoqrafiyaçı-alimin dövründə isə çərlədib öldürürlər. Səmasında quzğunlar uçan , oxla torpağa sancılmış insan cəsədləri ilə örtülü düzəngah təsvirlərinin yalnızca üslubu dəyişib. Tırtıllar, tanklar, gilizlər və insan cəsədləri. Amma qan həmin qandır. Eynən o cür qırmızı. Padşahların qumaşlarına, rəhbərlərin telefonlarına bənzəri olan bir qırmızı... "Qətl günü" bu qanlı tarix barədədir. Qətl günü bu qanlı tarixlərdən biridir...


Hökmdarla üz-üzə oturub ona tamaşa edən Yazıçı da, edama aparılan Şair də, repressiya illərində yaşayan Sədi Əfəndi də, əzablar içində qıvrılan Xəstə də Hamlet Xanızadədir. Şairin faciəsini içində yaşadan Sədi Əfəndi, Sədi Əfəndinin dərdini içindən keçirən monoqrafiyaçı-alim - Xəstə və bunların hamısını yaşayan Hamlet Xanızadə...…


Hansısa məşhur yazıçının belə bir ifadəsi var, "metafora ilə oynamaq olmaz, bu qorxuludur". Başqa bir şairə xanımsa "ölümdən yazmayın, o çin çıxacaq" demişdi. "Qətl günü" çin çıxmış qorxulu yuxudur...


Hamlet Xanızadəni görmək, səsinə qulaq asmaq, gözlərinə baxmaq bəsdi ki, biləsən o, bu dünyanın adamına oxşamır - baxışlarında dibsiz dərinlik, tənhalığın lal, məğrur sükutu, hərəkətlərində, jestlərində sirli,  müəmmalı təmkin… Üstündən obrazlarını xatırlamaq kifayət edər, anlayasan ki, Hamlet Xanızadə kimdir...…

FATEH

MOLLA ABBAS - ("Dəli yığıncağı" 1980, rejissor Mehdi Məmmədov) Hamlet Xanızadənin sevilən obrazlarından biri. "...vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyildən xali olur. O vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı-yamanını həkimanə surətdə görə bilir. Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu saat mənim qəlbimdədir..." (Molla Abbas - Hamlet Xanızadə).


Topal Teymur - onun baxışları fatehlik iddiasıyla alışır yanırsa, həm də dərk etdiyi sonsuz mənasızlıq qorxusuyla donuqdur. Onda şair Kirmani Topal Teymurdan bunları eşidir: "Bəli, sənin kimi dəyərli simaların qədir-qiyməti anlaşılsaydı, mənim kimi topallar soldakı sıfır qədər mənasız qalardı".
Bu teletamaşada Hamlet Xanızadənin yaradıcılıq imkanları, sənətkarlıq qüdrəti Topal Teymur kimi hakimi-mütləqdir - O da fatehdir.

ŞƏHİD

"Qətl günü" onun ömür kitabının sonuncu fəslidir. Bənzəyişə heyrət edirsən. Bu filmin yaranmasında, məzmununda qəribə təsadüflər, tale işarələri tapırsan. "Qətl günü" həm də millətin taleyinə, müsibətinə proqnoz-ithafdı. Elə o ərəfələrdə də "dərd, batmannan gəldi". Tarix yanvarın 20-ni Qətl günü kimi yaddaşına yazdı. Hamlet Xanızadə bu Qətl günündən sonra çox yaşaya bilmədi. Heç "Qətl günü" filmini da görə bilmədi. Bir gün əvvəl Şəhidlər Xiyabanına gedib, ziyarət edib, səhərisi - fevralın 3-ü, "Qətl günü"nün dublyajında imiş. Bu tarix onun ömür təqvimində son yarpaqdı...…


"Şəhid aktyor"... İndi bu ifadəyə düzəliş etmək olmayacaq...


Aişə