Şəhərin kitabxana işinin qurucularından Svetlana Ağayevanın söylədikləri
   
   Hər bir toplumun ədəbi-bədii zövqünün formalaşmasında, dünyagörüşünün zənginləşməsində kitabxana işçilərinin əməyi böyükdür. Hələ uşaqkən bizi maraqlandıran əsər haqqında geniş məlumat verən, yaşımıza və zövqümüzə uyğun kitab seçməkdə məsləhətini əsirgəməyən kitabxanaçılardan söhbət gedir. Bu gün sizi həmin insanlardan biri -1962-ci ildən Sumqayıtda kitabxana işində çalışan, bütün ömrünü gənclik şəhərinin inkişafına, onun sakinlərinin maariflənməsinə həsr etmiş Svetlana Ağayeva ilə tanış etmək istəyirik. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirəndən sonra Svetlana xanım Sumqayıt Şəhər Mərkəzi Kitabxanasına direktor təyin olunub. Svetlana xanım həmin dövrü belə xatırlayır:
   
   - Məsuliyyətdən elə qorxurdum ki... Nazirlikdə dedim ki, mənim iş təcrübəm yoxdur, bacarmaram. Əvvəlcə sıravi işçi kimi yollayın, bir az təcrübə toplayım. O zaman Bakıda Axundov adına kitabxananın yeni binası təzə istifadəyə verilmişdi. Buna görə də mənim nəzərimdə mərkəzi kitabxana çox böyük, xeyli işçisi olan bir yer idi. Amma bura gələndə gördüm ki, dörd il əvvəl yaradılmış kiçik kitabxanada 4 nəfər işləyir.
   
   O zaman Sumqayıtda cəmi dörd kitabxana varmış... Əslində yeni salınan şəhər üçün bu say, bəlkə də, yetərli idi. Amma şəhər sürətlə böyüyürdü, əhalisi artırdı. Deməli, şəhər sakinlərinin mənəvi istirahətini və asudə vaxtını təşkil edən mədəniyyət ocaqlarının da sayı artmalı idi. Sənaye obyektləri işə salınırdı, binalar tikilirdi, hər məhəllənin inşası başa çatınca orada məktəb, kitabxana da istifadəyə verilirdi. Şəhərin mədəni həyatında can-başla çalışmağın əsl məqamı idi. Svetlana xanım kimi zirək, məsuliyyətli, öz işini ürəkdən sevən gənclər də xoş gələcək naminə inamla çalışırdılar. Sonralar onun Sumqayıtda kitabxana quruculuğu sahəsindəki fəaliyyəti ittifaq və respublika mədəniyyət nazirliklərinin, şəhər rəhbərliyinin fəxri fərman və diplomları ilə qiymətləndirildi. «SSRİ mədəniyyət əlaçısı» döş nişanı, «Rəşadətli əməyə görə» yubiley medalı, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı, Sumqaytın quruculuğunda fəal iştirakına görə «Tərəqqi» medalı ilə təltif edildi.
   - Nə gizlədim, bizim nəslin dünyagörüşü Cəfər Cabbarlının qəhrəmanı Almaz kimi bədii obrazlardan nümunə götürürdü. Bizim devizimiz bu idi ki, işlədiyin yer geri qalmamalıdır. Haqsızlıqla mübarizə aparmalı, işimizdə tələbkar olmalı, hökumətin çıxardığı qərarları da mütləq yerinə yetirməliydik. Sumqayıt gözümüzün qarşısında böyüyürdü, şəhər gənclərin şəhəri idi, burada həyat da gənc insanın qanı kimi qaynayırdı.
   O vaxt Sumqayıt kitabxanası respublikada bir o qədər tanınmırdı. İllər keçdikcə, şəhər böyüdükcə kitabxanaların da sayı artmağa başladı. Bəzən bir ildə şəhərdə 3 kitabxana açılırdı. İlk baxışda kitabxananın açılması adama asan görünür. Amma bir kitabxananı açmaq üçün onun fondunu, kataloq, kartoteka sistemini qurmaq lazımdı. Bütün bunlar kitabxana işinin oxucuya görünməyən tərəfləridir.
   Mənim elə iş yoldaşlarım, elə həmkarlarım var idi ki, onlarla nəinki təzə kitabxana yaratmaq, hətta dağı dağ üstə qoymaq da olardı. Nazirlikdə mənim işimi tərifləyəndə həmişə deyirdim ki, mən tək deyiləm, həmkarlarımla birgə çalışmışıq. Müxtəlif millətlərin nümayəndələri ilə əl-ələ verib çalışırdıq. İster Azaryayevna Şamayayeva adlı müavinim vardı. Milliyyətcə yəhudi olan bu qadını hamı Marta xanım kimi tanıyırdı. Bir neçə il əvvəl ailəsinin təkidiylə Azərbaycandan getməli oldu. Amma əlaqə saxlayırıq. Bu gün Sumqayıt kitabxanalarının yaranışından danışarkən mən onun adını çəkməyə bilmərəm. Bizim kitabxanalarda Tamilla Xudaverdiyeva, Məryəm İsmayılova, Xoşqədəm Mahmudova kimi işini bilən və sevən həmkarlarım çalışıblar.
   - Svetlana xanım, sizin sözünüzün qüvvəti, çox zaman kitabxanaçılar maaşlarının azlığından gileylənir. Etiraf edək ki, heç sovet vaxtında da kitabxanaçıların məvacibi böyük məbləğdə olmayıb. Həm də kitabxanaçıların seçim imkanı məhduddur. Belə ki, bütün kitabxanalarda maaş eynidir.
   - Bilirsiniz, biz kitabxanaçılar o dövrdə maaş barədə bir o qədər düşünmürdük. İndi dövran dəyişib. Düzdür, o zaman bizim əməyimizi elə fəxri fərmanlarla, təşəkkürnamələrlə qiymətləndirirdilər, yəni mənəvi minnətdarlıq alırdıq. Həmişə iş yoldaşlarıma deyirdim ki, onsuz da vaxtlı-vaxtında iş yerində olmalısınız. Madam ki, buradasınız, işləyin... Kitabxanaçının işi heç vaxt qurtarmır. Çünki səndən nəsə soruşan oxucuya “hə”, “yox” cavab verməklə iş bitmir. Gərək onu maraqlandıran suala ətraflı cavab verə biləsən.
   - Gəlin, etiraf edək ki, kitabxananın kataloqu da, kartotekası da səliqəli ola bilər, təzə təmirli rahat binada da yerləşə bilər. Amma qapını açan yoxdursa, deməli, ora kitabxana deyil. Üstəlik həmin zamanlar Sumqayıtın əhalisinin əksəriyyəti gənclər idi, səhərdən axşamadək zavod-fabrikdə çalışan bu insanları maraqlandırmaq lazım idi.
   - Bəli, bizim qarşımızda belə məqsəd qoyulmuşdu - kitab oxucuya, fəhlə yataqxanalarına çatdırılmalıdr. Səyyar fondumuz yataqxanalara gedirdi, yay kinoteatrında seansdan əvvəl yeni kitabların xülasəsini verirdik. Yetmişinci illərin əvvəllərində kitabxanalarda mərkəzləşmə sistemi qurulurdu. Tiflisdə SSRİ mədəniyyət nazirinin müavini Qolubsovanın iştirakı ilə keçirilən seminarda mən də fəhlələrə biblioqrafiya xidməti mövzusunda mühazirə etdim. Çıxışımdan sonra nazir müavini göstəriş verdi ki, bu təcrübə bütün ölkədə yayılsın.
   - Amma sonra elə bir zaman yetişdi ki, Azərbaycan cəmiyyəti müəyyən problemlər yaşadı, həmin problemlər oxucuların ayağını kitabxanalardan kəsdi...
   - Bəli, oxucu kontingentimiz dəyişdi, arada yeni kitabların alınmasında fasilə yarandı, əlifba dəyişdi, təhsil sistemindəki dəyişikliklər, son illərdə isə kompyuterlərin geniş yayılması kitabxanaların işinə öz təsirini göstərdi. Bir zaman kitabxanamızda şənbə-bazar günləri səhər saat 10-dan sonra oxu zalına gələnlər əyləşməyə yer tapmırdılar. Amma indi də Sumqayıtda qapısı kilidli kitabxana yoxdur. Hər gün iş saatlarında istənilən kitabxanaya gedin, orada, heç olmasa, üç-dörd oxucuyla rastlaşacaqsınız. İndiki gənclər məlumatı internetdən almağı üstün bilirlər.
   - Deməli, uşaqlarda ədəbiyyata, mütaliəyə maraq oyatmaq lazımdır. Amma necə?
   - İnsanların dünyagörüşü dəyişib. Vaxtilə bizim çox sevdiyimiz əsərləri indi bəyənmirlər. Məktəbliləri, tələbələri kitabxanaya cəlb etmək üçün işləmək, müxtəlif tədbirlər keçirmək lazımdır. Mən fikir verirəm, hansı məktəbdə ədəbiyyat, tarix müəllimləri şagirdləri dərslikdən əlavə ədəbiyyat oxumağa həvəsləndirirlər, onlardan bunu tələb edirlər, həmin məktəbin yaxınlığındakı kitabxana da oxucu sarıdan korluq çəkmir.
   Svetlana xanım söhbətimizin əvvəlində fəxrlə demişdi ki, Sumqayıtdan bir-iki yaş böyükdür. Amma Svetlana xanıma baxanda, onunla söhbət edəndə adamın inanmağı gəlmir ki, həyat eşqi, işgüzarlığı, insansevərliyi bu xanımı pasport yaşından xeyli cavan göstərir. Qırx ildən artıq rəhbərlik etdiyi mərkəzi kitabxanada indi də metodist kimi çalşır. Bilik və təcrübəsini yetirmələrindən əsirgəmir.
   Yəqin bir zamanlar dəb xatirinə ona qoyulan, «işıqlı» mənasını verən Svetlana ismi bu xanımın taleyinə, əməllərinə nur saçdığına görə gənclik həvəsi tükənmir.
   
   Gülər Cahandarlı