Milli Kitabxananın dövri mətbuat arxivindən (22)

 

Bu günlərdə (17-19 iyul) Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada növbəti Vaqif Poeziya Günləri keçirildi. Mədəniyyət və ədəbiyyat tariximizdə mühüm yeri olan bu tədbirin əsası 1982-ci ildə Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə qoyulub. Söz-sənət bayramı 1989-cu ilədək ənənəvi olaraq hər il Şuşada təşkil edilib. Sonra Şuşanın və Qarabağın ağır günləri başlandı... Şuşada Vaqif Poeziya Günləri bir də 2021-ci ildə bərpa olundu.

Mətbuat xronikasından bu dəfə 36 il əvvələ qayıdırıq. Seçmələrdən biri Şuşada Vaqif adı ilə şərəflənən söz-sənət bayramı haqqındadır. Digər seçmədə isə Azərbaycan sənətçilərinin Fransada keçirilən beynəlxalq folklor festivalında iştirakından bəhs olunur.

Seçmələrdə dövrün orfoqrafiyası saxlanılıb...

 

Şuşada Vaqif Poeziya Günü

 

Yazılar tarixə bu toy, bu düyün,
Dağlar igidlərtək girib qol-qola,
Xalqın ürəyində yaşamaq üçün
Gərək Vaqifləşmiş hüququn ola.

Bu misralar keçən bazar günü dağların qucağında – Şuşada Molla Pənah Vaqifin məqbərəsi önündə səslənmişdir.

Vaqif poeziya günü məşhur Cıdır düzündə - şairin məqbərəsi qarşısında başlandı. Adamların çöhrəsində sevinc, təbəssüm oynayırdı. Gərgin iş həftəsinin sonunda poeziyanın sehri onlara bir rahatlıq, dinclik bəxş edirdi. Qəlbləri fəth edən lirik şair, xalqlar dostluğunun carçısı M.P.Vaqifə həsr olunmuş poeziya gününün iştirakçıları arasında ruslar, ermənilər, ukraynalılar, belaruslar, qazaxlar, özbəklər və digər xalqların nümayəndələri var idi.

Mərasimi giriş sözü ilə Şuşa Rayon Partiya Komitəsinin Birinci katibi N.Hacıyev açaraq yeddinci dəfə keçirilən ənənəvi Vaqif günlərini ulu şairə ehtiramdan və hörmətdən doğan bir tədbir kimi qiymətləndirdi. Dedi ki, şuşalılar yaxşı işləməklə bərabər şeirin, sənətin də vurğunudurlar.

Vaqifin şeirləri səsləndi. “Vaqif” pyesindən səhnələr göstərildi. Şuşada, Stepanakertdə (Xankəndi – red.), Əsgəranda, Mirbəşirdə (Tərtər – red.), Ermənistan SSR-in Artaşat rayonunda yaşayıb-yaradan gənc şairlərdən Əli Mahmud, Qasım Qırxqızlı, Əyyub Şirlanlı, Allahyar Xocalı, Ələmdar Quluzadə, İlhami Cəfərsoylu, Tofiq Yusif, Lətif Vedili öz şeirlərini oxudular. Alma-Ata şəhərindən olan müəllim Roza Adilbəyovanın M.P.Vaqifin “Gözün aydın” rədifli şeirini oxuması, hərbçi Aleksandr Yuşkovun Azərbaycan dilində dediyi təbrik sözləri alqışlarla qarşılandı. Ağdam, Martuni (Xocavənd – red.), Laçın, Mirbəşir, Ucar rayonlarından gəlmiş nümayəndələr də danışmışdılar.

Qonaqlar şəhərin görməli yerləri ilə tanış olmuş, M.P.Vaqifin dərs dediyi mədrəsəyə, yaşadığı evin yerində ucaldılmış xatirə kompleksinə baxmışlar. Poeziya günü rayon mədəniyyət evinin qarşısında - mərkəzi meydanda böyük bayram konserti və xalq gəzintisi ilə sona çatmışdır.

 

Fransaya festivala

 

İyulun axırlarında Fransanın Konfolan şəhərində beynəlxalq folklor festivalı açılır. Festivalda ölkəmizi “Gülüstan” folklor teatrı təmsil edəcəkdir. Bu teatr Azərbaycan Tibb İnstitutunun “Çinar”, Qutqaşen rayonundakı Bum kəndinin “Zopu-zopu”, özfəaliyyət yaradıcılıq ansambllarını, naxçıvanlı tuluq zurnası ifaçılarını, Bakıdan muğam üçlüyünü, kəlbəcərli kuklaçıları birləşdirir.

İl yarım bundan əvvəl yaradılan “Gülüstan” teatrı Ümumittifaq folklor bayramlarında və festivallarında çıxışları ilə nəinki təkcə respublikamızda, həm də ölkədə musiqisevərlərin rəğbətini qazanmışdır. O, ikinci Ümumittifaq xalq yaradıcılığı festivalının laureatıdır.

“Gülüstan”ın proqramı rəngarəng və maraqlı tamaşadan ibarətdir. Bu tamaşa tələbkar və incə zövqlü fransızlara Azərbaycanın mahnı və rəqs sənətini, muğamlarımızın heyrətamiz gözəlliyini duymağa imkan verəcəkdir. Tamaşaçılar kənd toyunda olacaq, şən milli oyunlara baxacaq, kəndirbazların məharətini layiqincə qiymətləndirə biləcəklər.

Azərbaycanın xalq yaradıcılığı ilə nəinki təkcə Konfolanın, həm də Fransanın digər şəhərlərinin sakinləri və qonaqları tanış olacaqlar.

“Kommunist” qəzeti, 26 iyul 1988-ci il