Milli Kitabxananın dövri mətbuat arxivindən (28)

 

Bu gün Azərbaycanın mədəni irsi, zəngin incəsənəti dünyanın müxtəlif ölkələrində təbliğ edilir, sərgilər, konsertlər, təqdimatlar keçirilir. Dövlət müstəqilliyimizin olmadığı dövrdə də, keçmiş Sovet İttifaqının nisbətən məhdud şərtləri çərçivəsində də Azərbaycan mədəniyyəti dünyada tanıdılırdı.

Mətbuat xronikasından növbəti seçmələrimizin ikisi bu barədədir. “Kommunist” qəzetinin səhifələrində 41 il əvvələ qayıdırıq. Daha bir seçmə isə o vaxt olduğu kimi, bu gün də aktual olan mövzu – kitab və mütaliənin təbliği barədədir. Materiallarda mövcud orfoqrafiya saxlanılıb.

 

Azərbaycan rəssamlarının sərgisi

 

Suriya paytaxtında Sovet Azərbaycanı rəssamlarının əsərlərinin sərgisi açılmışdır. Sərgidə tarixi mövzulu əsərlər, sovet respublikasının təbiətinin gözəlliyini əks etdirən mənzərələr, rəngkarlıq və heykəltəraşlıq portretləri göstərilir.

Ekspozisiyanın təntənəli açılışı mərasimində Suriya Ərəb Respublikası Mədəniyyət və Milli İstiqamət Nazirliyinin məsul işçiləri, yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Dəməşq mətbuatının yazdığına görə, sərgi paytaxtın sakinlərində böyük maraq doğurmuşdur. Mətbuat Azərbaycan sənətkarlarının əsərlərinin yüksək bədii səviyyəsini qeyd edir.

 

Lüksemburqda Sovet İttifaqı günlərini Azərbaycan təmsil edir

 

Lüksemburqda ənənəvi Sovet İttifaqı günləri açılmışdır. Bu dəfə Sovetlər ölkəsini Sovet Azərbaycanı təmsil edir.

Azərbaycan KP MK katibi, SSRİ Ali Sovetinin deputatı H.Ə.Həsənov başda olmaqla nümayəndə heyəti şənliklərə gəlmişdir. Nümayəndə heyətinin üzvləri bir həftə ərzində müxtəlif tədbirlərdə, Lüksemburq ictimaiyyəti ilə görüşlərdə iştirak edəcəklər. SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərliyi ilə Azərbaycan Dövlət mahnı, musiqi və rəqs teatrı artistlərinin truppası ölkənin konsert salonlarının səhnələrində çıxış edəcəkdir.

A.S.Puşkin adına mədəniyyət mərkəzində uşaq rəsmləri sərgisi, bugünkü Azərbaycandan bəhs edən fotoekspozisiya açılmışdır, xalq sənətkarlarının məmulatı nümayiş etdirilir.

 

Kitab sədaqətli dostdur

 

Azərbaycan məktəblilərinin kitabla dostluğu haqqında Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında çoxlu maraqlı məlumat almaq olardı. Orada gənc kitabsevərlərin II respublika toplanışının təntənəli açılışı olmuşdur. Mərasim “Kitab bilik mənbəyidir” devizi altında keçmişdir.

Toplanışı Azərbaycan SSR Kitabsevərlər Cəmiyyəti idarə heyəti sədrinin birinci müavini Z.Salahova açmışdır.

İndi bütün məktəblərdə gənc kitabsevərlər cəmiyyətinin üzvləri vardır. Respublikanın bütün guşələrindən gəlmiş uşaqlar toplanışda çıxış edərək öz işlərindən danışmışlar. Onlar hər il keçirilən “Yaşa kitab!” müsabiqələrində iştirak edirlər, məktəblərdə dərsliklərin ömrü uzadılan “kitab xəstəxanaları” yaradılmışdır, cildçi dərnəkləri fəaliyyət göstərir. Məktəblilər fəal oxucu olduqları kimi, həm də fəal kitab təbliğatçılarıdır. Onlar kitabxanalara kömək edir, ədəbi viktorinalar və müsabiqələr keçirir, tematik yığıncaqlar və yazıçılarla görüşlər təşkil edirlər.

Toplanışın açılışı günü ən yaxşı kitabsevərlər salondakıların alqışları altında səhnəyə dəvət edilmişlər. Azərbaycan SSR maarif naziri E.Q.Qafarova onlara kitabsevərlər cəmiyyətinin fəxri fərmanlarını təqdim etmişdir.

Fasilə zamanı foyedə uşaqlar orada göstərilən kitab kolleksiyalarına maraqla tamaşa etmiş, Səməd Vurğunun və Cəfər Cabbarlının ev-muzeylərinə baxdıqdan sonra aldıqları təəssüratı danışmış, sevimli yazıçılarından söz açmışlar.

Toplanışın iştirakçıları hədiyyə aldıqları maraqlı kitablarla və ənənəvi olacaq bu gözəl bayram haqqında parlaq, unudulmaz təəssüratla evlərinə qayıdırlar.

“Kommunist” qəzeti, 11 noyabr 1983-cü il