Moskvada çap edilən “İrs-Naslediye” beynəlxalq jurnalının növbəti xüsusi buraxılışı bütünlüklə Qarabağ probleminin müxtəlif aspektlərinə həsr edilib. Xüsusi buraxılış “Qarabağ erməniləri - böyük siyasətin girovlarıdır” məqaləsi ilə başlayır.
   
   Azərbaycanın milli azlıqlarına həsr edilmiş “Etnos” rubrikası jurnalın bu nömrəsində başa çatır. Redaksiya məqaləsində xüsusi vurğulanır ki, “İrs” jurnalı ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi mövzusuna vaxtaşırı müraciət edib və erməni tarixçiləri bu mövzuda dərc olunan materialları heç vaxt təkzib etməyiblər. Məqalədə deyilir: “Buna səbəb odur ki, ermənilərin Qafqazda nisbətən yaxın vaxtlarda məskunlaşması mübahisə doğurmayan tarixi faktdır. Vaxtilə erməni tarix elminin aparıcı nümayəndələri bu faktı geniş şərh ediblər. Təəssüflə qeyd etmək lazım gəlir ki, indiki erməni tarixçiləri tarixin genişmiqyaslı saxtalaşdırılması prosesinə cəlb ediliblər”.
   Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Azərbaycanın xarici siyasəti və Qarabağ” məqaləsi maraq doğurur. Məqalədə Rusiyada 1917-ci il fevral inqilabından 1920-ci il 10 avqust tarixli Rusiya-Ermənistan müqaviləsinə qədərki müxtəlif arxiv materiallarına istinad edilir.
   Jurnalın xüsusi buraxılışında Qarabağ haqqında maraqlı və zəngin materiallar toplanıb: “Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və mənbələri ingilisdilli ədəbiyyatda”, “Azərbaycanın İrəvan xanlığının sonuncu rəhbəri Hüseynqulu xan Qacar haqqında”, “Bir daha Qarabağ haqqında”, “Erməni məsələsinin gizli psixoloji və dini səbəbləri” və s.
   Qeyd etmək lazımdır ki, bütün bu materialları jurnalın ingiliscə versiyasında da oxumaq olar. Jurnalın baş redaktoru Musa Mərcanlı bildirib ki, “İrs-Naslediye” jurnalı bu ildən etibarən fransız, alman və digər dillərdə də nəşr ediləcək.