Mərakeş Krallığının muxtar Sahara bölgəsi (Qərbi Sahara) üzərində suverenliyinə daha bir Afrika dövləti dəstəyini ifadə edib.
Mərakeşin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Əlahəzrət Kral VI Məhəmmədin bu istiqamətdə həyata keçirdiyi siyasət kontekstində Qana Respublikası Sahara bölgəsindəki separatçı qurum – "SADR" ilə diplomatik əlaqələrini dayandırıb.
Bu barədə Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya Nazirliyinin Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlıq və Mərakeşli Qürbətçilər Nazirliyinə ünvanlanmış rəsmi sənədində bildirilib.
Qana Respublikası qərarla bağlı Afrika İttifaqını və Birləşmiş Millətlər Təşkilatını da məlumatlandırıb. Sənəddə Qana Respublikası "bütün tərəflərin qəbul etdiyi bir həllə nail olmaq üçün” Mərakeş Krallığının göstərdiyi xoş niyyətli səylərə dəstəyini ifadə edib.
Səfirliyin məlumatında diqqətə çatdırılır ki, Qana 1979-cu ildə qondarma "SADR"ı tanımışdı.
Xatırladaq ki, Mərakeş 1975-ci ildə Qərbi Saharaya dinc "Yaşıl yürüş" aksiyasından sonra bölgə üzərində faktiki suverenlik haqqını dünyaya bəyan edib. 1976-cı ildə isə qonşu Əlcəzairin dəstəyi ilə bölgədə separatçı “Sahara Ərəb Demokratik Respublikası” ("SADR") elan edilib. Bir sıra ölkələr Əlcəzairin təşviqi ilə “SADR”ı tanıdıqlarını bildirsələr də, sonrakı illərdə əksər etibarilə bu niyyətdən daşınıblar.
2000-ci ildən bəri 46 ölkə, o cümlədən 13 Afrika ölkəsi separatçı qurumla əlaqələrini kəsib və ya dayandırıb.
Mərakeş Krallığı 2007-ci ildə Sahara bölgəsinə muxtariyyət təklif edib və buna tədricən beynəlxalq dəstək (o cümlədən BMT-də) artır. Son olaraq 2024-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurası (TŞ) Mərakeşin Saharaya muxtariyyət planına dəstəyini təsdiqləyən 2756 saylı qətnamə qəbul edib.
Yeri gəlmişkən, Əlcəzair hazırda BMT TŞ-nin qeyri-daimi (2025-ci ilin sonunadək) üzvüdür və bundan istifadə edərək Sahara məsələsini yenidən təşkilatın gündəminə çıxarmaq niyyətindədir.
V.Orxan