13 mart Səməd Vurğunun ömür-gün yoldaşı Xavər xanımın doğum günü kimi xatırlanır. Xatırlayaq...
   O, şair idi. İlhamlı bir şair. Sevməyi də, sevilməyi də, ən gözəl sevgi şeirlərini yazmağı da bacarırdı. Bilməzdi ki, nə zamansa ömür-gün yoldaşına ünvanladığı şeirləri, məktubları kitab halında çap olunacaq və onu da bilməzdi ki, könül verdiyi, ailə qurduğu xanım düz yarım əsr onun sevgisi, xatirələri ilə yaşayacaq...
   
   İlk görüş, ilk həyəcan...
   
   İlk görüş insanın taleyi ilə ilk qarşılaşmasıdır. Bu görüş əslində ilahi bir yazıdı. Qarşılaşırsan və ilk dəfə əsl xoşbəxtliyi yaxından, lap yaxından görürsən.
   Səməd Vurğunla Xavər xanımın ilk görüşü də adi görüş deyildi. Görkəmli yazıçı Abdulla Şaiqin toyunda Səməd Vurğun arzularının qadını ilə rastlaşır. Gənc, gözəl qız bir anda şairin ağlını başından alır. Bu təsadüfi görüş şairin həyatını büsbütün dəyişir.
   Sonralar bu tarixi görüşü Xavər xanım belə xatırlayırdı: “Səməd Vurğun məni ilk dəfə o toyda görüb vurulmuşdu. Onda mənim 14 yaşım olardı”.
   
   Böyük şairin böyük sevgisini qazanan bu xanımın həyat tarixçəsinə nəzər salaq.
   Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub. Ailənin onbirinci uşağı olsa da, onun dünyaya gəlişi sevinclə qarşılanır. O zaman heç kimin ağlına da gəlməzdi ki, bu körpənin qəribə taleyi olacaq. Çünki gələcək yazılmamış kitabdı. Onu oxumaq üçün yaşamalısan...
   ...İlk görüş, ilk təəssürat böyük sevgiyə çevrildi. Səməd Vurğunun Xavər xanıma ilk məktubundan:
   “Hörmətli Xavər!
   Mən öz taleyimi və gənc həyatımı sizə tapşırmışam. Mən öz fikrimin üstündə həmişə möhkəm olub, sizin xoşbəxt olmağınız uğrunda əlimdən gələn bütün hörmətləri əsirgəmərəm”.
   II/XII/32, S.Vurğun
   
   Xavər xanımın xatirələrindən: “1932-ci ildə nişanımız, 1934-cü ildə toyumuz oldu. Onda 16 yaşım vardı. Bizim toyumuzun özü bir tarix idi. Məclisdə kimlər yox idi - Hüseyn Cavid, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq və kimlər, kimlər... Ayağa duran məni şeirlə təbrik edirdi”.
   Ancaq o gün ən gözəl şeiri Xavər xanıma Səməd Vurğun pıçıldadı:
   Sən ey bağçaların, bağların barı!
   Könlümün sultanı, qəlbimin yarı!
   O gün qapınıza gəldi çoxları,
   Fəqət, sən dedin ki, ölməz sənətkar,
   Mənim ölməzlərə məhəbbətim var.

    
   “Yüz il də Vurğuna Xavər yar olsun”
   
   İllər quş qanadında uçduqca Səməd Vurğunun Xavər xanıma sevgisi də artırdı. Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində təhsil almışdı. Ədəbiyyata olan sonsuz marağı isə ötüb keçmədi. 1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) təhsil aldı. O zaman artıq üç övladları vardı və ailə xoşbəxtliyi üçün bunlar yetərli idi.
   Səməd Vurğun ömrünün hansı dönəmindəsə qınağa, laqeydliyə, təzyiqlərə məruz qalsa da, Xavər xanımın sevgisi, məhəbbəti, qayğısı onu yazmağa, yaratmağa vadar edirdi. Səməd Vurğunun Xavər xanıma məktubundan:
   “Əzizim. Yeni dram əsəri yazıram. Uşaqları qoru. Mənə görə narahat olma. Bayram üçün gələcəm”.
   Səməd,
   1941, Yesentuki
   
   “Biz gəldi-gedərik, sən yaşa dünya!”
   
   Səsli-küylü, sevgi, məhəbbət dolu illəri kədərli illər əvəz edirdi. XX əsr Azərbaycan poeziyasının günəşi həyatının ən ağır anlarında belə, sevdiyi qadını, övladlarını bir an da olsun unutmurdu.
   Səməd Vurğunun Xavər xanıma yazdığı son məktublarından biri:
   “Can Xavər!
   Bu gün lap yaxşıyam. Öpürəm səni, yaman günün ömrü az olar. Yusifnən sənə bir portağal göndərirəm.
   Vurğunun cananı ləzzətlə yesin,
   Şairlər şahinə çox sağ ol desin.
    Sənin qara Səmədin
   3/11/56, Kreml xəstəxanası”
   
   ...Ömrün kitabını tamamlamağa
   Çox da can atmasın əlimdə qələm,
   Mən tələsmirəm...
   Mən tələsmirəm! -
   desə də, ölüm tələsdi.
   Xavər xanım onun yoxluğuyla heç vaxt barışmadı. Balalarını böyütdü, 1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyində şairin hər izini, hər sözünü qoruyub saxladı, “Əməkdar mədəniyyət işçisi” adına, Prezidentin fərdi təqaüdünə layiq görüldü, ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışdı.
   Xavər xanım Səməd Vurğunun xoş, mehriban, sevgi dolu xatirələriylə düz yarım əsr - 2006-cı ilə kimi yaşadı. Kövrək, yaralı, nisgilli... Kim bilir, bəlkə, həyatının son anında da gündə yüz yol təkrarladığı doğma, əziz adı dilinə gətirdi: “Səməd!” - dedi.
   Taleyində böyük bir şairin xanımı olmaq vardı. Oldu da. Onu sevdi də, xoşbəxt etdi də, göz yaşı tökdü də və bir şairin xanımı kimi tarixə düşdü də....
   
   Təranə