Martın 30-da Muzey Mərkəzinin Sərgi qalereyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərginin açılışı keçirildi.
   Tədbirdə giriş sözü ilə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş bu soyqırım aktının erməni xislətinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı: «1918-ci ilin 31martı Azərbaycan xalqının tarixinə qanla yazılıb. Erməni daşnak ordusu və bolşeviklərin silahlı cəza dəstələri Bakıda və ölkənin müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə olmazın divan tutmuş, xalqımıza qarşı soyqırım aktı törətmişlər. Bu tarixi hadisə, digər sənətkarlarımız kimi, rəssamlarımızın da əsərlərində mühüm mövzu olub».
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da çıxışında zaman-zaman xalqımızın başına gətirilən bəlalardan, qan yaddaşımızın milli təsviri sənətdəki əksindən bəhs etdi: «Sərgidə təqdim olunan əsərlərin ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük təşkil edir. Təbii ki, bu, rəssam təxəyyülünün məhsulu olmaqla yanaşı, onun doğma xalqının faciəsinə münasibətinin təzahürüdür».
   Qeyd edək ki, 90-dan artıq müəllifin müxtəlif üslublu 100-dən çox əsərinin nümayiş olunduğu sərgi aprelin 5-dək davam edəcək.
   
   Savalan Fərəcov