Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə II Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın açılışı martın 14-də Beynəlxalq Muğam Mərkəzində olacaq.
   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, artıq festivalda iştirak etmək üçün müxtəlif ölkələrdən müraciətlər var və hazırda həmin müraciətlərə baxılır. Festival çərçivəsində Bəstəkarlar İttifaqında “Azərbaycan muğamının dostları ilə görüş-konsert” və UNESCO səviyyəsində simpozium da keçiriləcək. Eyni zamanda, Bakıda “Şərqin muğam-məqam sistemləri” mövzusunda elmi konfrans təşkil ediləcək. Müsabiqənin formatında dəyişiklik edilməyib. Birinci müsabiqədə olduğu kimi, bu dəfə də festival müddətində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Lakin müsabiqənin münsiflər heyətinin tərkibi hələ məlum deyil. Qeyd edək ki, Bakıda I Beynəlxalq Muğam Festivalı 2009-cu il martın 18-dən 25-dək keçirilib.