18 ildir Şuşanın həsrəti yeddi qatımızdan keçir...
...Yeddiqatın son döngəsini burulub o yerə çatırsan ki, həmin nöqtədə Yer üzü qurtarır. Yeddi qatdan keçə-keçə günahlardan arınıb-durunub Yer üzünün cənnətinə - Şuşaya çatırsan. Göyün, yerin, rəngin, səsin yeddi qatının birləşdiyi yerə... Havanın bolluğundan havan çatışmır, təbiətin gözəlliyi ağlını başından alır, sevincdən, fərəhdən, heyrətdən uçursan, çox hündürdən yox. Göy o qədər yaxındadır ki, əlini uzatsan buluddan bir əlçim qopara bilərsən. Amma bu yerdə göyə əl uzatmaq günahdı. Axı bu yer cənnətdir...
...Əlinə fırça götürüb gözünün yaddaşına köçürdüklərini itib-batmasın deyə kətana köçürmək, ya da notlara çevrilən ürək döyüntülərini ipə-sapa düzüb bəstələmək istəyirsən, bunlar da olmasa, dünyanın bu axar-baxarlı yerində bir ağız ürəkdən oxumaq istəyirsən... Azərbaycanın konsevatoriyasında - Şuşada...qarabağlı kimi...
...Yeddiqatdan yuxarı hər nə varsa gözəldi. Elə indinin indisində də gözəldi. Baxma ki, 18 ildir Şuşa düşmən əlində əsirdir, baxma ki, 18 ildir Şuşanın gözəlliyinə erməni dığaları tamaşa edir, baxma ki, bu dərd bizim üçün çox ağırdır... Pənahəli xanın, Molla Pənah Vaqifin, Xan qızı Natəvanın və bu torpaqda uyuyan bütün şuşalıların narahat ruhları kimi...
...Yeddiqatdan yuxarıda hər nə varsa möcüzədir. Səs kimi, söz kimi, Xarı bülbül kimi... Bu gül Qarabağdan başqa heç yerdə bitməzdi. Bu yaz Xarı bülbül gülü gördüm. Baş götürüb şəhərə gəlmişdi. Sınıxmışdı, soluxmuşdu, bir az da balacalaşmışdı. Heç özünə oxşamırdı. Bağrının başı sökülə-sökülə gözü Vətəni axtarırdı...
Biz də Vətəni axtarırıq xatirələrimizdə, yuxularımızda, yaddaşımızda, Yeddiqatdan çox-çox aşağılarda...
Amma Allah şahiddir ki, biz yeddiqatdan enmədik, namərdlər yolumuzu dəyişdi. Biz Yeddiqatı itirmədik, əslində möcüzəmizi itirdik. Möcüzəmizi qaytarmaq üçün mütləq yeddi qatdan keçməliyik, lap ölümün yeddi qatından olsa belə...
Təranə Məmmədova