Hökümə Qurbanova tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. O, milli teatr səhnəmizin misilsiz faciə aktrisası idi.
   
   Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Həmin il Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı.
   Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. İlk illər aktyor Ələsgər Ələkbərovla ailəli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanımın xırda-para epizodik rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə H.Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb.
   Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu". Hökümə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, estetik prinsiplərdə təqdim edən ilk aktrisadır.
   Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Janr-üslub və oyun-forma baxımından H.Qurbanovanın yaradıcılığını aşağıdakı bölgülərə ayırmaq olar.
   Romantik faciə rolları: Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri bu bölümə aiddir.
   Realist faciə rolları: Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş və s.
   Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir) və digər obrazların ifası daxildir.
   Realist-dramatik rollar bölümünün estetik prinsiplərini təhlil süzgəcindən keçirəndə nəzərlərimiz önünə ilk olaraq Sona, Yaxşı ("1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Həyat, Maral ("Həyat" və "Közərən ocaqlar", Mirzə İbrahimov) və s. obrazları canlanır.
   Psixoloji-dramatik rollar: Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Serebryakova ("Vanya dayı", Anton Çexov) və s.
   Tarixi-dramatik səpkili rollar sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan) və digər rollarını daxil etmək olar.
   Yumorlu dramatik rollar bölümü də zəngindir: Sabit Rəhmanın "Xoşbəxtlər", “Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə və s.
   Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarmı?" filmində Kəmalə xanım, "İnsan məskən salır"da Ana rollarına çəkilib.
   Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1960-cı ildə Azərbaycanın, 1965-ci ildə SSRİ-nin Xalq artisti adlarına layiq görülüb.
   1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib.