Tanınmış aktrisa, Xalq artisti Gülşən Qurbanova 1950-ci il dekabrın 19-da Bakıda sənətkar ailəsində dünyaya göz açmışdı. Aktrisanın atası Ağasadıq Qurbanovun Azərbaycan mədəni mühitinin dirçəlişində, teatr və kino sənətində müstəsna xidmətləri olmuşdu. Sənət dünyasının sirli gözəllikləri Gülşən Qurbanovanı gənc yaşlarından özünə cəlb etmişdi. 
   
   1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib, Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyətə başladı. Teatrın səhnəsində rəngarəng obrazlar yaradan aktrisa televiziya tamaşalarında, kinoda da yaddaqalan, xarakterik obrazlar yaratdı.
   Gülşən Qurbanovanın sənət dünyası həddən artıq səmimiliyi, improvizələri, bir sözlə, yaradıcılıq tapıntıları ilə zəngin idi. Onun oynadığı televiziya tamaşalarına baxdıqda, hər hansı bir kadrın tamaşaçını yorduğunu, uzunçuluq xarakter daşıdığını görmürük. Aktrisa orijinal ifaları ilə tamaşaçını yaratdığı personajın təbiiliyinə, həyatiliyinə inandırırdı.
   “Ordan-burdan” (rej. Ramiz Həsənoğlu) televiziya tamaşasında yaratdığı Salman bəyin bacısı obrazında dövrünün mövcud çatışmazlıqları içərisində tərbiyə alan cahil, lakin səmimi, qürurlu bir qadın obrazını gördük. Qara çadraya bürünüb qardaşı Salman bəyə ikinci arvad - savadlı bir övrət axtaran bu qadın burjua cəmiyyətinin cəhalət pərdəsi altında boğulan təbəqəsindəndir. Kənardan qayğısız görünən bəy bacısı hikkəli, təkəbbürlü olsa da, yeri gələndə inqilabçı, insanpərvər xüsusiyyəti ilə tamaşaçını təəccübləndirirdi. Obrazın hazırcavablılığına, hüququnu tələb etmə xüsusiyyətlərinə XIX əsr azərbaycanlı qadınlarında nadir hallarda rast olunsa da, belə obrazların ən azından dramaturji materiallardakı mövqeyi, televiziya və teatr tamaşalarını izləyən ən müasir ruhlu tamaşaçını belə gender bərabərsizliyinin qurbanına çevrilməməyə səsləyir.
   “Evləri köndələn yar” televiziya tamaşasında isə biz Gülşən Qurbanovanı tamamilə başqa ampluada gördük. Aktrisanın televiziya tamaşasındakı vizual görünüşü, davranışı mədəni ailə prinsipləri çərçivəsində olan bir xanımı bizə təqdim etdi. Ümumiyyətlə, televiziya tamaşalarındakı həyata yaxın, dolğun obrazların təzahürü tamaşaçının hadisələrə olan marağını artırır, əsərin aktuallığına təminat yaradır, kamera qarşısında da səhnə məziyyətlərinin (teatr yaradıcılığının, pafoslu ifanın) vacibliyini vurğulayır. Bu mənada teatr və televiziya tamaşalarında səhnə ilə zal, ekran və tamaşaçı arasındakı məsafəni sırf aktyor ifası yaxınlaşdırır, doğmalaşdırır.
   “Evləri köndələn yar” tamaşasında professor Tahir (akt. Hamlet Qurbanov) və onun arvadı (Gülşən Qurbanova) zamanın axarına düşüb milli qaydalara, adət-ənənələrə “sivil” çərçivədən baxır, el arasında qədimdən gələn yazılmamış qanunlara (elçilik, nişan-toy) köhnəliyin qalığı kimi yanaşırlar. Tamaşanın bədii tərtibatından, səhnə quruluşundan, düzgün seçilmiş aktyor heyətindən, ən nəhayət rejissor traktovkasından biz adətlərimizi sevməyən professorun qonaq-qarasız, qapının zəngi çalınanda işıqları söndürülən evini suyu sovulmuş dəyirman kimi görürük. Gülşən Qurbanova dövrünün sivil, ziyalı bir xanımının qonaqsevməz insan kimi çatışmayan cəhətlərini yaratdığı obrazı tənqid hədəfinə çevirmədən nəzərə çarpdırdı. Odur ki, onun mental qanunlardan qorxan ziyalı qadın obrazını tamaşaçı sevməsə də, qınaq obyektinə də çevirmir.
   Gülşən Qurbanova yaratdığı rolları hansı rakursdan sevdirəcəyini yaxşı bilirdi. O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 15-dən artıq filmdə qadın obrazlarını yaradıb. Bunların hamısı demək olar ki, epizodik, lakin yaddaqalandır. Bu sırada “Ad günü”ndə Şeyda (rej. R.Ocaqov), “Cin mikrorayonda” filmində Dəmirovun arvadı (rej. O.Mirqasımov), “Bayquş gələndə” də Ədilə (rej. Ş.Mahmudbəyov), “Anlamaq istəyirəm”də Rəfiqə (rej. O.Mirqasımov), “Arvadım mənim, uşaqlarım mənim”də Güldəstə (rej. C.Fərəcov) və s. adlarını çəkmək olar. Müxtəlif xarakteri olan bu obrazlarda tək bir oxşarlıq vardı ki, bu da aktrisanın daxilindən gələn, personajın da məninə hopan çılğınlığı idi. Məsələn, “Ad günü” filmində Əli (akt. D.Uplisaşvili) yorğun halda dostunu evinə qonaq dəvət etmək üçün gedir. Qapını açan Şeydanın (akt. G.Qurbanova) dilli-dilavər səmimiliyi aramla hərəkət edən sükut dolu kadra şuxluq gətirir. Bu da filmdə hadisələrin, xarakterlərin rəngarəngliyinə rəvac verir. Onun yaratdığı obrazların və tipajların xarakterik cəhətləri bizə personajın dəqiq mövqeyini asanlıqla tanıtdırır, filmin mahiyyətinin çatdırılmasında köməklik göstərirdi.
   Çox təəssüflər olsun ki, 1990-cı illərdə Azərbaycan kinosunda yaranan boşluq G.Qurbanova yaradıcılığından da yan keçmədi. Həmin illərdə aktrisa yaradıcılığını yalnız teatrda davam etdirirdi. Bundan əlavə o, müxtəlif illərdə televiziyalarda “Mikser” (Lider TV), “Qaynar qazan” (ANS) verilişlərini aparırdı. Gülşən Qurbanova verilişə dəvət alan qonaqlarla ünsiyyət qurmaq bacarığından əlavə, aktyorluq peşəkarlığından irəli gələn xüsusiyyətlərinə əsasən ekran mədəniyyətinin də qorunmasını təmin edirdi.
   Bəlkə sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində problem olsa da yaradıcılığına fasilə vermirdi. Aktrisa 2007-cı ildə dünyasını dəyişdi. O, televiziya proqramlarının birindən axşam evə gələrkən üçüncü dəfə infarkt keçirərək həyata vida etdi. 
   

   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar