“Mən kommentator... deyiləm, müstəqil sənət növünün -rejissuranın nümayəndəsiyəm, odur ki, heç kimin, hətta dahi Şekspirin ruporu olmağa razı deyiləm”
   
   Tofiq Kazımov
     
   
   Yanvarın 14-ü milli teatr tariximizdə özünəməxsus yeri olan görkəmli rejissor, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Kazımovun anadan olmasının 88 ili tamam olur. Artıq 31 ildir ki, o, dünyasını dəyişib. Yaşasaydı, kim bilir, bu illər ərzində Azərbaycan teatrına, Azərbaycan səhnəsinə daha hansı yenilikləri, daha hansı sənət incilərini bəxş edəcəkdi. Ancaq qədərdən kim qaçıb ki...
   
    Tofiq Kazımov o xoşbəxt sənətkarlardandır ki, sənəti ilə teatr tariximizdə, yaddaşlarda, xatirələrdə yaşayır və yaşayacaq...
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin Tofiq Kazımov fenomenindən bəhs edən “Dördüncü ölçünün rəngləri” kitabında görkəmli ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin Tofiq Kazımov sənəti və şəxsiyyəti barədə söylədikləri fikirlərdən bəzi məqamları oxucularımıza təqdim edirik.
   
   Elçin Əfəndiyev, Baş nazirin müavini, Xalq yazıçısı:
   - Sənətkarın hansı zamanda, hansı dövranda yaşayıb-yaratması, təəssüf ki, onun özündən asılı deyil. Sənətkar zamanı seçmir, amma zaman sənətkarı yetişdirir və sənətkar hansı zamanda yaşayırsa-yaşasın, o öz zamanını, dövranını ifadə etməklə bərabər, gələcəyin sənətkarıdır. Tofiq Kazımov bu gün - senzurasız, bədnam “qlavlit”siz, sosrealizmdən əsər-əlamət qalmamış bir dövrdə yaşayıb-yaratsaydı, Azərbaycan teatr sənəti, şübhəsiz ki, öz tarixinin başqa bir Tofiq Kazımov hadisəsinə şahid olacaqdı. Ancaq Tofiq Kazımov sovet dövründə yaşayıb-yaratdı. Ən əsası budur ki, Tofiq Kazımov “sovet rejissoru” yox, milli teatr sənətimizin böyük xadimlərindən biri oldu. Tofiq Kazımovun daxilində, bütün içində sovet quruluşuna, sistemə, ideoloji riyakarlığa, söz ilə əməl arasındakı təzada, hətta mən deyərdim ki, patoloji bir nifrət var idi. Onun quruluş verdiyi əsərləri xatırlayın: bunların heç biri - uğurundan, yaxud uğursuzluğundan asılı olmayaraq, ideoloji hadisə deyildi, onun bütün sənət qələbələri yalnız Azərbaycan teatr sənətinin deyil, bizim milli mədəniyyətimizin bədii-estetik hadisələri idi. Onun quruluş verdiyi ən yaxşı tamaşalar - “Sən həmişə mənimləsən” (1964, İlyas Əfəndiyev), “Ölülər” (1966, Cəlil Məmmədquluzadə), “Hamlet” (1968, Uilyam Şekspir), “Aydın” (1972, Cəfər Cabbarlı) və başqaları heç vədlə dövrün, zamanın hakim ideologiyasını hər vasitə ilə, o cümlədən inzibati yollarla tələb etdiyi sosrealizm estetikasının təzahürü yox, həmin zamana, dövrə, elə bil ki, dəxili olmayan həqiqi sənətkarın özünüifadəsi idi. Tofiq Kazımovun yaradıcılığı sovet dövründə başladı, amma bu yaradıcılığı ortaya qoyan istedadın miqyası həmin zaman və dövr çərçivələrinə sığmadı, o çərçivələr onu boğub, saxlaya bilmədi. Bu sovet dövrü mədəniyyəti kontekstində hər sənətkara müyəssər olmayan bir hadisə idi.
   
   Anar, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı:
   - Mənim üçün Tofiq müəllimin ilk yaddaqalan quruluşu “Ölülər” tamaşası idi. Bu tamaşada ölməz Mirzə Cəlil əsərinin ruhunu saxlamaqla Tofiq Kazımov ora bir çox yeni mətnlər - elə M.C.Məmmədquluzadənin öz felyetonlarından alınmış mətnlər də əlavə etmişdi. Rəssam Elçinin maraqlı dekorları (personajlar sanki məzarların başdaşlarının içindən çıxırdı), Qara Qarayevin təsirli musiqisi, Kefli İsgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah rolunda Məlik Dadaşovun, Hacı Həsən ağa rolunda Məmmədrza Şeyxzamanovun, hətta epizodik rolda Hamlet Xanızadənin ifası indiyədək gözümün qabağındadır. Şübhəsiz ki, bütün bu ünsürləri - tərtibatı, musiqini, aktyor ifasını vahid və dəqiq rejissor yozumunda birləşdirmək Tofiq Kazımovun istedadı, güclü yenilik hissi ilə bağlı idi. Tamaşaya, xüsusilə mətnə olan əlavələrə kəskin etiraz edənlər də vardı. Bu etirazlar ictimai baxışdan sonra müzakirələrdə də səsləndi. Mən də ömrümdə ilk dəfə belə müzakirədə iştirak etdim. Tamaşanı müdafiə etdim, eyni zamanda hansısa iradlarımı da bildirdim. İndi heç yadımda deyil ki, bu iradlarım nədən ibarət idi. Sonra eşitdim ki, Tofiq müəllim deyib: Hamıdan yaxşı Anar çıxış etdi, amma onun da iradlarını qəbul etmirəm... Yəqin ki, düz edirdi.
   
   İlham Rəhimli, sənətşünaslıq doktoru, professor:
   - Tofiq Kazımov XXI əsrin düşüncə tərzini, teatr estetikasını, insanlıq fəlsəfəsini, cəmiyyət və şəxsiyyət problemlərini məhz XX əsrin ortalarında dərk edirdi. Dərk edib təfəkkür süzgəcindən keçirirdi. Təfəkkür süzgəcindən keçirib Karlo Qoldoninin “Mehmanxana sahibəsi” (1952), Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (1953), Lope de Veqanın “Sevilya ulduzu” (1953), “Dəlilər” (1963), Uliyam Şekspirin “Antoni və Kleopatra” (1964), “Hamlet” (1968), “Fırtına” (1974), Cəlil Məmmədquluzadənin “Ölülər” (1966), İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), Əbdürrəhim bəy Haqverdiyevin “Rəri cadu” (1969), Yucin O”Nilin “Qızıl”, Cəfər Cabbarlının “Aydın” (1972) əsərlərinin tamaşalarında poetik vüsətlə, fəlsəfi dərinliklə, cazibəli füsunkarlıqla təcəssüm etdirirdi.
   Bir daha qeyd edirəm, Tofiq Kazımovun bütün tamaşaları müəyyən zamanda doğulsa da, onların bağları zamanın “ətəyindən tuturdu”.
   
   Əkrəm Əylisli, Xalq yazıçısı:
   - Sənətin (ya sənətkarın) Zamana təsir göstərmək imkanında olduğuna inanmaq insanın hər hansı bir möcüzəyə inanmaq ehtiyacından irəli gəlir. Əslində, Zamana təsir göstərmək qədərində fantastik bir missiyanı heç bir sənətkar heç vaxt qarşısına məqsəd qoymur. Böyük istedadlar öz zamanının içində yaşamır, onun fövqündə dayanır və Zamanı bir çox hallarda, hətta qabaqlaya da bilir... Tofiq Kazımov Zamanı qabaqlamaq zorunda deyildi. O, zamanı tərpədib, bir qədər hərəkətə gətirmək istəyirdi. Və buna (əksər hallarda) nail ola bilmədiyinə görə olduqca əsəbi və impulsiv bir həyat yaşayırdı.
   
   Azər Paşa Nemət, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti:
   - Hesab edirəm ki, Tofiq Kazımov Azərbaycan teatrında bir növ keçid prosesi yaşanan dövrdə yaradıcılığa başladı. Keçid dövrü yaşayan teatra yeni aktyor və rejissor nəsli lazım idi. Bu dövrdə ayrı-ayrı teatrlarda Məhərrəm Haşımov, Mehdi Məmmədov, Tofiq Kazımov, Zəfər Nemətov kimi rejissorların həmin keçid dövründə yeni Azərbaycan teatrının yaranmasında böyük rolu olub. Bu nəsildən olan Tofiq Kazımovun Milli Dram Teatrının səhnəsində öz zamanı üçün yeni düşüncə, yeni teatr tərzini yaratmasını qeyd etmək istərdim. Zaman çox ağır və çətin idi. Sovet kommunizm quruluşu azad yaradıcılığa imkan vermirdi. Lakin Tofiq Kazımov bu zamanda teatr səhnəsinə yeni fikir, yeni düşüncə gətirdi, bir növ, zamanla mübarizə aparırdı. C.Məmmədquluzadənin “Ölülər” əsərinin tamaşası buna misaldır. Bu dövrdə Həsən Turabov kimi bir aktyor parlamağa başladı. Yeni aktyor nəsli ortaya çıxdı - Tofiq Kazımovun aktyorları - Həsən Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Fuad Poladov, Səməndər Rzayev, Vəfa Fətullayeva.
   
   Amaliya Pənahova, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, Xalq artisti:
   - Görkəmli rejissor professional səhnədə mənə ilk addım atmağı öyrətdi. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi ustad rejissor Tofiq Kazımovun quruluşunda teatr aləmində bir çevriliş etdi. Mən bir gecənin içində məşhur oldum. Tofiq müəllim bu tamaşanı çox sevirdi və hər tamaşanın sonuna yaxın Nargilənin Həsənzadə ilə vida səhnəsinə öz lojasından baxanda, onun gözlərinin yaşardığının şahidi olurdum. Bu, sevincdəndimi, yoxsa gənc qızın taleyi üçün acıyan insanın göz yaşları idimi, deyə bilmərəm. Lakin bu hal hər tamaşada təkrar olunurdu.    

   Şəfiqə Məmmədova, Xalq artisti:
   - Zaman kateqoriyası elə mürəkkəb şeydir ki, şəxsən mənim üçün onun təsirini sadə sözlərlə ifadə etmək mümkün deyil. Tofiq Kazımovun zamanla münasibətləri çox mürəkkəb, təzadlı, ziddiyyətlə dolu, eyni zamanda son dərəcə məhsuldar idi. Təbii ki, zaman ona təsir edirdi. Amma bir filosof sənətkar kimi onun da öz yaradıcılığı ilə Zamana təsiri danılmazdır. Dediyim bu təsiri mütəxəssislər daha dəqiq və tutarlı aşkarlayar.
   Bütün yaradıcılığımı mən Ustadım, Müəllimim Tofiq Kazımovun adı ilə bağlayıram. Onun teatrında işləmək, onun sevimli aktrisası olmaq mənim üçün böyük səadət və xoşbəxtlik idi. Böyük fəxrlə özümü “Tofiq Kazımov məktəbi”nə mənsub olan sənətkar hesab edirəm.
   
   İsrafil İsrafilov, Akademik Milli Dram Teatrının direktoru, professor:
   - Tofiq müəllimin rejissor kimi səhnəyə gəlişi elə bir dövrə təsadüf edir ki, o illəri mədəni-estetik oyanma dövrü kimi dəyərləndirmək olar. Həmin dövrün salnaməsini yaradan, adları böyük hərflərlə yazılan görkəmli simalardan biri də məhz Tofiq Kazımov idi. Öyünməyi xoşlamayan, təbiətindəki Allah vergisini canı qədər sevdiyi teatr üçün xərcləyən bu insan, ilk onilliyini yaşadığımız yüzilliyin də ruh yaddaşında yaşayan, unudulmaz bir sənətkardır.
   
   Vaqif İbrahimoğlu, “YUĞ” teatrının baş rejissoru, professor:
   - Şəxsən mən Tofiq Kazımov adında fenomenin mədəniyyətimizdəki, mənəviyyatımızdakı və konkret olaraq, teatr sənətimizdəki rolunu, əhəmiyyətini, nailiyyətlərini, problemlərini elmi düşüncənin müstəvisində illərcə təhlil etmişəm. Odur ki, tam məsuliyyətlə deyə bilərəm ki, Ustadıma bəslədiyim münasibət kor-koranə pərəstiş deyil - mən Tofiq Kazımovu milli mədəniyyətimizin sərvəti kimi dəyərləndirirəm.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar