20 Yanvara həsr edilmiş rəsm əsərlərində, heykəltəraşlıq nümunələrində Azərbaycan xalqının iradəsi, yenilməzliyi əks olunub
   
   20 Yanvar faciəsi təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı həyata keçirilmiş qanlı aksiya idi. SSRİ Silahlı Qüvvələri bölmələrinin Bakıda törətdiyi qırğından 21 il keçsə də, Yanvar faciəsi unudulmur, şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır. 
   20 Yanvar həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Bu hadisə Azərbaycan xalqının iradəsini, yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Tariximizin bu səhifəsi incəsənətimizdə də dərin iz qoyub. Bunu 20 Yanvara həsr edilmiş təsviri sənət əsərlərində, heykəltəraşlıq nümunələrində görmək mümkündür.
   
   Şəhidlərimizin xatirəsi hər bir yaradıcı insanın qəlbində yaşayır
   
   Görkəmli fırça ustası Rasim Babayevin "Təcavuz", rəngkar Hacırza Fərzəliyevin "Ağlı-qaralı dünya", Fikrət İbrahimovun "Gələcək naminə", Həmzə Abdullayevin "Çərxi-fələk", İsmayıl İsmayılovun "Həqq tərəzisi", Qafar Seyfullayevin "Öncə vətəndir...", Asim Səmədovun "Ruhlar" və s. tablolarında qanlı gecənin acılı-ağrılı yaşantıları yaddaqalan bədii ifadəsini tapıb. Qrafika ustası Arif Hüseynovun "Qara tağlı natürmort", Fəxrəddin Məmmədvəliyevin "Qara yanvar" və Arif Ələsgərovun "20 Yanvar" qrafik əsərləri də Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibəti təcəssüm etdirir.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov deyir ki, 20 Yanvar faciəsi Azərbaycan təsviri sənətinin əbədi mövzularından biridir: “Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daima müraciət etdiyi mövzu olaraq qalacaq. İndiyədək mərhum Xalq rəssamı Mikayıl Abdullayev, xalq rəssamları Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər”.
   Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov 20 Yanvar faciəsinə həsr olunmuş ilk əsərini hadisənin baş verdiyi 1990-cı ildə çəkib. Sonralar yaradıcılığında bu mövzuya bir neçə dəfə müraciət edib. “Şəhidlər” əsəri Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş olunan sərgilərdə yer alıb. Rəssam deyir ki, hər bir kəs tarixini bilməli və onu unutmamalıdır. Rəssamlıqla məşğul olan yaradıcı uşaqlara bu mövzu təbliğ olunmalıdır. İlqar Əkbərov deyir ki, fəaliyyət göstərdiyi gimnaziyada nəinki bütün tarixi hadisələrlə, əlamətdar günlərlə bağlı uşaqlara tematik mövzular verilir. “İncəsənət Gimnaziyasında bu il də 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil olunacaq. Biz şagirdlərə tematik mövzu vermişik. Bu mövzuda çəkən iştirakçıların sayı isə həddən artıq çoxdur. Şagirdlərin 20 Yanvarla bağlı düşüncələrini rəsmlərdə necə əks etdirməsi böyük maraq doğurur”.
   Rəssamlar İttifaqının Heykəltəraşlıq bölməsinin rəhbəri Xalq rəssamı Xanlar Əhmədov 20 Yanvar mövzusunda “Ana harayı”, “Bir güllə vurulmuş ata və oğul” və digər əsərlərin müəllifidir. Rəssam deyir ki, bu mövzuda əsər yaradıb-yaratmamasından asılı olmayaraq 20 Yanvar mövzusu hər bir rəssamın, yaradıcı insanın qəlbində yaşayır: “Ola bilsin ki, hansısa rəssam, heykəltəraş indiyədək bu mövzuya müraciət etməyib. Lakin Qanlı Yanvar heç vaxt unudulmayacaq. Zaman-zaman bu mövzuya müraciət olunacaq. Nəzərə alaq ki, tarix həm də incəsənət əsərlərində yaşayır”.
   
   Memar və heykəltəraşların əsərləri tarixi yaşadır
   
   Azərbaycanın müxtəlif bölgələrində 20 Yanvar faciə qurbanlarının xatirəsinə həsr olunmuş sənət əsərləri, xatirə kompleksləri ucaldılıb. Hər il yanvar ayında bütün mədəniyyət ocaqlarında bu təqvim qeyd olunur, sərgilər, tədbirlər keçirilir. Ötən il həm də faciənin 20-ci ildönümü günü Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksinin açılışı ilə yadda qalıb.
   Memorial kompleksin maraqlı kompozisiyası var. Ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Abidənin ətrafındakı meydana qranit plitə döşənib.
   Ədalət Məmmədov sözügedən abidə kompleksinin memarıdır. Memar deyir ki, memorial kompleks 20 Yanvar şəhidlərinin ruhuna ümumxalq hörmətinin ifadəsidir: “Abidənin heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir. 2009-cu ildə biz layihə çərçivəsində görülən işləri yekunlaşdırdıq və faciənin 20 illik ildönümü münasibətilə abidə kompleksinin açılışı oldu. Bu, dövlətimiz tərəfindən faciə qurbanlarının xatirəsinə verilən qiymət idi”.
   Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk olunub. Postament üzərində isə "20 Yanvar şəhidlərinin əziz xatirəsinə" sözləri yazılıb.
   
   * * *
   Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş təsviri sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur. Nə qədər ki, Azərbaycan incəsənəti var, 20 Yanvar mövzusuna həmişə müraciət olunacaq və tarixi həqiqətləri özündə yaşadan yeni-yeni sənət əsərləri yaranacaq.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar