Azərbaycan professional təsviri sənətinin banilərindən biri, parlaq istedad sahibi Bəhruz Kəngərli çox qısa, lakin maraqlı ömür yaşayıb. 1892-ci il yanvarın 10-da (yeni təqvimlə 22-də) Naxçıvanda ziyalı ailədə dünyaya gəlib. Erkən yaşından rəsm çəkməyə böyük həvəs göstərir. 1910-cu ildə atası onu Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Boyakarlıq və Heykəltəraşlıq Məktəbinə qoyur. 1910-1915-ci illərdə burada rəssamlıq sənətinin əsaslarını öyrənir.
1915-ci ildə rəssamlıq təhsilini başa vurub Naxçıvana qayıdır. Həvəslə yaradıcılıq fəaliyyətinə başlayır. Bir-birindən dəyərli əsərlər yaradır. Milli təsviri sənətimizdə realist boyakarlığın əsasını qoyur. Boyakarlıq sənətini yeni forma, janr və təsvir vasitələri ilə zənginləşdirir, Vətənin gözəlliklərini tərənnüm edir. Bu gün onun kömür, karandaş və yağlı boya ilə yaratdığı əsərlər dəyərli eksponat kimi muzeylərdə saxlanılır.
Bəhruz Kəngərli qısa ömrünün yeddi ilini peşəkar yaradıcılığa həsr edib. Bu az müddətdə yüzlərlə rəsm əsəri yaradıb. O, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən xeyli portret, mənzərə, natürmort və s. çəkib. Dövrünün qabaqcıl ziyalılarının, sadə əmək adamlarının portretləri (“Yaşıl kişi”, “Gürcü” ), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar“ silsiləsinə daxil olan “Tərk edilmiş ev“, “Yurdsuz ailə“, “Papaqlı oğlan“, “Naxçıvanda xaraba qalmış evlər“, “Qaçqın qadın“, “Qaçqın oğlan“ və s. portretləri canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir. Bu əsərlərində qaçqın uşaqların hər birinin simasında ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərində donmuş qüssə və kədəri çox böyük ustalıqla əks etdirib.
Onun yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Təbiət gözəllikləri (“Dağlıq mənzərə”, “İlanlıdağ ay işığında“, “Günəş batarkən“, “Ağrıdağ“), mədəniyyət abidələri (“Mömünə Xatun türbəsi”), ilin fəsilləri (“Payız“, “Bahar“) əks olunub.
1920-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin süqutu, Zəngəzurun Ermənistana verilməsi, Naxçıvan və Qarabağa edilən təcavüzləri, minlərcə günahsız insanların qətlə yetirilməsi, Azərbaycanın talanması və xalqın öz tarix və mədəniyyətindən uzaqlaşması rəssama ağır təsir göstərir. Bütün bu haqsızlıqları yaratdığı əsərlərində böyük ürək ağrısı ilə ifadə edir.
1921-ci ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin əsərlərindən ibarət sərgi təşkil olunur. Həmin sərgidə onun 500-dən çox əsəri sərgilənir. Daim ehtiyac içində yaşayan, heç bir qayğı görməyən sənətkar üçün həmin sərginin böyük əhəmiyyəti olur. O, sərgidən əldə etdiyi pulun üçdə birini şəhər uşaq evinə bağışlayır.
Bu gün görkəmli rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
Bəhruz Kəngərli həmişə xalqına bağlı olub. Xalqın keçdiyi əzablı yolları mənən - əsərlərində yaşayıb. Lakin ömür vəfa etməyib. 1922-ci il fevralın 7-də Naxçıvanda vəfat edib.
Savalan Fərəcov