Müstəbidlər tarixi qələbələri ilə daim öyünüblər. Qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq üçün bəzən özləri də bilmədən möcüzə yaradıblar. Belə möcüzələrdən biri üç dildə yazılmış Bisütun kitabəsidir. 1306 sətirlik kitabənin 515 sətri qədim fars, 141 sətri akkad (babil), 650 sətri isə elam dilində olub.
Hakimiyyət uğrunda mübarizədə o, doqquz rəqibini məğlub edir. Eradan əvvəl 521-ci ildə taxta çıxır. Hörmüzdən sonra dünyanın ikinci qüdrətli şəxsiyyəti sayılır. Adı Darayavuş olsa da, düşmənləri onu Dara çağırır. Dara bir çox ölkələri fəth edir. Möhtəşəm bir imperatorluq qurur. Qurduğu dövlətin uzunömürlü olacağına inanır. Ancaq nəsillərin xeyirxahlığına inanmır. Ona görə də, belə qərara gəlir ki, sağ ikən özünə abidə qoysun. Elə bir abidə ki, hakimiyyət uğrunda apardığı mübarizə, rəqibləri üzərində çaldığı qələbələr orada öz təcəssümünü tapsın. Abidə üçün münasib yer Kirmanşah vadisi boyunca ensiz dağ silsiləsi seçilir. Həmədandan Babilistana gedən karvan yolunun başlanğıcında yerləşən dağ silsiləsi ikibaşlı əjdaha kimi şaxələnir. Sıldırım qayaların ətəyində büllur bulaqlardan yaranan bir göl də var. Göldən ayrılan çay Bisütun kəndinin yanından keçir və vadiyə doğru axır. Elə bu dağ da Bisütun adlanır.
Heykəltəraşlar dərhal sözdən işə keçirlər. Əlli metr yüksəklikdə qayanın sərt hissəsində iri, hamar dördbucaq yonulur. Daş üzərində barelyef hazırlanır, fiqurlar əks olunur. Daranın fiqurunda iri gözləri, qövs şəklində qaşları, burum-burum saqqalı, başında isə çox zərif və səliqə ilə yonulmuş döyüş tacı əks olunur. Onun məğlub etdiyi 9 düşməninin əksləri də burada həkk olunur. Daranın zəfərlərindən bəhs edən kitabə üç dildə - qədim fars, akkad (babil) və elam dilində qayalara həkk edilir.
Heykəltəraşlar və xəttatlar işi bitirdikləri zaman çapar yeni bir xəbər gətirir. Bildirir ki, Dara yürüşdən qayıdıb, bu dəfə skif çarına qalib gəlib. İş icraçıları çox çətin vəziyyətə düşürlər. Çünki abidədə skif çarı üçün yer olmur. İş yenidən başlanır. Heykəltəraşlar skif çarının şəklini daşa həkk edirlər. Şah Bisütuna gəlir. Abidəyə baxıb məmnun qalır.
İllər ötüb keçir. Dara ölür və imperiya dağılır. Əhəmənilərin paytaxtı Parsanın sarayları yox olur. Dillər unudulur. Kitabə yaddan çıxır. Lakin abidə zamanın ağır məşəqqətlərindən kənarda qalır. Çünki bu abidə möhkəm və əlçatmaz bir qayada yonulmuşdu. Hadisədən çox əsrlər ötüb keçir. Bisütun qayalarda mixi yazılarla həkk olunmuş kitabə isə uzun illər səyyahlar üçün məchul olaraq qalır. Bu barədə çoxlu kitablar yazılır.
Mixi yazıların sirrini açmaqda ilk addımı atan Qrotefend olur. O, 1802-ci ildə yazıların qədim fars dilində olduğunu müəyyənləşdirir və bu barədə Avropa jurnallarında məqalələr dərc olunur. Bir neçə fransalı tədqiqatçı Bisütuna üz tutur. Ancaq dağa qalxa bilməyərək geri qayıdırlar. Bu zaman ingilis zabiti Q.Raulinson artıq onları qabaqlamışdı. O, dağa qalxaraq kitabənin üzünü köçürür. Tehrana qayıdır və yazını oxumağa cəhd edir. Bir neçə il gərgin zəhmətdən sonra şərqşünas alimlərin köməyi ilə Bisütun kitabəsini mətnini tərcümə etdirir, mətin surətini və tərcüməsini Londondakı Asiya Cəmiyyətinə təqdim edir.
Abidənin öyrənilməsi sonrakı dövrlərdə, 1950-ci illərədək - təxminən yüz il davam edir. Yeni ekspedisiyalar kitabənin yeni surətini çıxarır. 2500 yaşı olan abidə bu gün də öz möhtəşəmliyi ilə hər kəsi heyrətləndirir.
Savalan Fərəcov