«Bakı, sabahın xeyir!..» söyləmişə səsləniş...
Sabah ayın 12-si - sənin doğum günündür, şair İslam, sabahın xeyir!
Sabahdan sonra sonsuz sabahlar gələcək ki... öz saysız şeirlərinlə səfər edəcəyin o sabahların da xeyir, Səfərli!
Allı-güllü, şirin dilli qafiyələrlə Vətən-vətəndaş gözəlliklərinə valeh olub qoşmaladığın dövrünün, müstər-müstəmləkə dünəninin müstəqil bugünləri, azad sabahları qutlu, Azərbaycan oğlu! Peşində olduğun Turan soydaşlarının hüsnlərinə aşiq olub bəndlərə vurduğun misralarının bir-birinə bənd edəcəyi yarınların mutlu, türk balası!..
«Bir dön geri,
Tale pərim...»
Nazəninlərə yüzlərlə poetik xitablarından biri...
Elə ruhun da, nəğmələrin də gəlsin bəri, mənən canlı, diri şair!
Qələmi əlimə alanda qərarlaşdırmışdım ki, yaddaşımdakı şeirlərindən bu yazıya həcm dəstəyi ummayım. Dedim, qoy bir sınayım, görüm, heç bir şeirini «konspekt»ləşdirmədən bir nəzmkar haqda kəsbi-nəsrkarlıq edə bilərəmmi? «İnşallah, alınar» deyib, başladım və hər yazı-pozu üçün müstəcəb hesab edilən «təbiət təsviri»vari qeydlərimi bitirər-bitirməz, hiss etdim ki, getmir. Bir daha anladım ki, şairdən söz açar, qələm çalar ikən şeirlərindən nümunə gətirməmək - qəndsiz çay içmək kimi bir şeydir. Beləliklə, bəri başdan, sənin Vətən vəsfkarlığını sərgiləyən nəğmələr qalereyasında leytmotiv kimi səslənən bir beyt:
Bağrıma basmışam Azərbaycanı -
Araz bir qolumdur, Kür bir qolumdur...
Qolları daim Vətənə açıq, şəhd-şəkər dil-üslubu ədəbiyyatımıza yaraşıq, aşiqanə baxışları gözəlliklərə sarmaşıq sənətkar, bir də sabahın xeyir!
Deyirdin ki, «... Könül, di gəl, bu ayrılmazı ayır; Naxçıvana otbitməz bir cığıram, Təbrizəsə hələ də ayır-çayır, - Matı-qutu qurumuş bir lal yolam». O vaxtların bir-birilə nərd ortağı olan bir çox şair-şüərasından fərqli olaraq, «Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!» deyən Məmməd Arazla dərd ortağı kimi, «lal bir yolam» söyləyən şair İslam, daha o pərişan axşamların yox, müstəqil sabahın xeyir!
Nəqşi-cahan aləminin Tanrısal naxışlarından olan «Bata-bat»ın fırça-misralarla yaradılmış təkrarsız tablosu da sənə məxsus. Məclislərdə o təbiət möcüzəsindən söz açıb gapının sapını qaçıran olanda bir birə deyər; sus. Ya sus, ya da İslam Səfərlinin «Bata-bat»a gəlmişəm»ini söylə. Bəs necə? «Köhlənimin yalmanına yata-yata gəlmişəm, Bata-bata gəlmişəm» kimi misraları, «çata-çata», «ata-ata», «bata-bata» kimi qafiyələr xiyabanını qoyub, daha o məkan haqda ürəkdən nə tikan çıxarmaq olar ki, ay sübhü xeyir olmuş?!.
Bir kərə də bir tele-müsahibəndə söylədin ki, ömrünün elə bir ili və o illərin də elə bir fəsli olmayıb ki, «Bata-bat» adlı o yaylaya... (gözlərində şimşək çaxımıyla davam elədin) o qışlaya, o yazlaya, payızlaya səfər etməmiş olasan, Səfərli İslam, Allahın yaratdığı cansız qəzəllərə də biətin, salavatın xeyir!..
Sən könlünlə yazan şair!
Necə ki, Böyük Vətən müharibəsinə könüllü getmişdin, eləcə də, bütün yazdıqlarını könlünlə yazdın. Nə təhər ki, doğulduğun məskənin adı (Naxçıvan, Babək rayonu, Şəkərabad kəndi) şirin idi, o təhər də əsərlərinin başlıqları teyxa şəkər dadır. «Sevinc müjdəsi», «Durna qatarı», «Əsrin ürəyi», «Təkərlər yollarda pıçıldayırdı», «Ərköyünlər», «Sən oxu, mən dinləyim», «Çiçək təranəsi», «Yollara nur ələndi», «Harayçın ollam», «Araz yadıma düşdü», «Dilsiz dəqiqələr», «Ana dili», «Qənd bala, nabat bala»...
Haçan ki, hisslərin coşub şeirə, qoşmaya sığışmazdı - poema kürsüsünə qalxardın: «Ələsgər», «Ekizlər-ögeylər», «Leylək əfsanəsi»...
O çağ ki, könlün təlatümə gələrdi - aram-aram, dram-dram coşub səhnələyərdin: «Göz həkimi», «Ana ürəyi», «Yol ayrıcında», «Dədəgünəş əfsanəsi», «Dar ağacı»...
Hələ balet-libretto («İki könül bir olanda»), kinossenari («Şərqin qalibləri», «Bir stəkan çay»), xalqın yaradıcı-qurucu potensialına dair publisistik-rekonstruktiv oçerklər, «katastrof» novellalar...
Hələ bütün bəstəkarlara əl, bütün xalqımızın qəlbinə yol eləyən mahnı mətnlərin! Bunları saymaq mümkün olsa da, gərəyincə öymək hər öygüçüyə nəsib olası tərənnümat deyil. «Ana», «Zərif gülüşlüm», «Nə vaxta qaldı», «Ay qaşı-gözü qara qız», «Qonaq gəl bizə», «Aylı gecələr», «Gəncliyimi gəzirəm», «Ay bakılı qız»... Sən bu adlardakı təbii bağ-bağlılığa bax, balam! Sən də heç qayğılanıb-uyğulanma, duyğusal şair! Fərqindəyik bu qor sərlövhələrin gör lövhələrindəki mənzum mənzərələrin! Çox söz demək olar, ancaq tək elə bunu ərz edək ki, bu adlıqların arasındakı vergül işarələrini götürsək, sevib-sevilən bir insanın ömür manifesti oxunar...
«Nə qaldı»? Yazımı bitirməyə də əl verən bu şeirindən doğan bu sualın cavabı olaraq deyim ki, 1974-cü ildə - cəmisi 51 yaşında dünyanı dəyişib Fəxri xiyabanda dəfn olunduğun andan dostların və sevərlərinin qələmindən sənin barəndə yetmiş altı yazı çap olunub. Və bu da yetmiş yeddi...
«51 yaşında» dedim, fikrimə pantomim bir antonim gəldi. Bu əksliyin bir tərəfi o ki, sən 50 yaşda cəmi 18 kitab yaza bilmisən, o biri tərəfi bu ki, indilər bir çox 18, 28 yaşlılar 50-dən çox yoza bilib...
«Bakı, sabahın xeyir» deyən şair, sabahların xeyir!..
Tahir Abbaslı