Milli Kitabxananın dövri mətbuat arxivindən (29)

 

Bu il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının (1494–1556) 530 illiyidir. Mütəfəkkir şairlə bağlı ilk dövlət səviyyəli yubiley isə 1958-ci ildə, vəfatının 400 illiyi ilə bağlı (iki il gecikmə ilə) keçirilib. Yubiley o vaxt böyük vətənimiz sayılan SSRİ-nin paytaxtı Moskvada da qeyd olunub. Mətbuat xronikasından seçmələrdən biri bu barədədir.

Digər seçmə isə yenə həmin ilin noyabrında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Çin Xalq Respublikasına qastrolu ilə bağlıdır. Böyük uğurla keçən qastrol haqqında ÇXR-in ən böyük qəzeti “Jenmin Jibao”da dərc edilən rəğbət dolu yazılar sovet mətbuatında da yayılmışdı.

Beləliklə, “Kommunist” qəzetinin səhifələrində 66 il əvvələ qayıdırıq. Materiallarda mövcud orfoqrafiya saxlanılıb.

 

Füzulinin vəfatının 400 illiyini keçirən komitədə

 

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin vəfatının 400 illiyini keçirən respublika Komitəsinin noyabrın 29-da Mirzə İbrahimovun sədrliyilə növbəti iclası olmuşdur.

Azərbaycan SSR mədəniyyət nazirinin müavini İ.Nəzərov bildirmişdir ki, 20 artist və yazıçıdan ibarət bir qrup təşkil edilmişdir. Həmin qrup Vətənimizin paytaxtında Füzuliyə həsr edilən gecələrdə və konsertlərdə iştirak etmək üçün noyabrın 30-da Moskvaya yola düşəcəkdir.

Azərbaycan bəstəkarları ittifaqının birinci katibi Qara Qarayev əlamətdar hadisə ilə əlaqədar olaraq respublika bəstəkarlarının böyük yaradıcılıq işindən danışmışdır. Onlar Füzulinin əsərləri mövzusunda və ya dahi şairə həsr edilən 30-a qədər əsər yaratmışlar.

Komitə SSRİ xalq artisti Bülbül Məmmədovun bu sahədə səmərəli işlədiyini qeyd etmişdir. O, Füzulinin əsərlərindən ibarət böyük bir proqram tərtib etmiş, bunlara uyğun klassik musiqi və xalq musiqisi seçmişdir.

Nizami adına muzeyin direktoru İsmayıl Axundov bildirmişdir ki, Füzuliyə həsr edilən böyük sərginin tərtibatı qurtarmış və bu günlərdə sərgi açılacaqdır.

Sonra komitə ali məktəblərdə yubileyə görülən hazırlıq haqqında məlumatı dinləmişdir.

Komitə Füzulinin abidəsinin təməl daşının qoyulması, yubiley gecələri və başqa tədbirlər ilə əlaqədar olan bir sıra əməli məsələləri də müzakirə etmişdir.

Azərbaycan Dövlət mahnı və rəqs ansamblının Çində qastrolu qurtardı

Noyabrın 25-də Azərbaycan Dövlət mahnı və rəqs ansamblının Çin Xalq Respublikasındakı qastrolları qurtarmışdır. Çin ictimaiyyəti və mətbuatı Azərbaycan ansamblına çox yüksək qiymət vermişdir. Redaksiyamız “Jenmin Jibao” qəzeti redaksiyasına müraciət edərək, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının çıxışları haqqında Çin mədəniyyət xadimlərinin rəylərini bizə göndərməyi xahiş etmişdir. “Jenmin Jibao” qəzetinin əməkdaşları bu xahişi böyük həvəslə yerinə yetirmişlər.

 

Sizdən çox şey öyrəndik

Ye Min-Qo rəqqas

 

Azərbaycan mahnı və rəqs ansamblının Lençjou şəhərindəki birinci çıxışları tamaşaçılar arasında böyük müvəffəqiyyət qazandı.

“Neftçilər rəqsi” bizə xüsusilə xoş gəldi. Burada əvvəlcə Xəzər dənizinin dalğalarını xatırladan bir nəğmə oxunur, bundan sonra səhnəyə ansamblın qızlar dəstəsi çıxır. Rəqsin sürəti və xüsusən oynayanların əl hərəkəti ona bir zəriflik və gözəllik verir. Bundan sonra səhnəyə çıxan gənclər qızğın bir sürətlə rəqsi davam etdirirlər. Səhnədə sanki dəniz buruqları ucalır. Hətta fantan vuran quyu nəzərdə canlanır.

Ansamblın proqramının ikinci nömrəsi “Tirmə şal” idi. Bu rəqs o cəhətdən maraqlıdır ki, burada bir rəqqasə oynayır. Başqa bir cavan isə ona mahnı oxuyur və eyni zamanda rəqs edir. Bu nömrəni rəqqasə Roza Cəlilova çox böyük ustalıqla ifa etdi.

Biz Azərbaycan dilini bilmirik. Lakin rəqslərin dilini başa düşürük. Buna görə də ifaçıların keçirdikləri böyük sevinc bizə yaxın idi.

Azərbaycan rəqsinin ustalarından Əminə Dilbazi və Böyükağa Məmmədov konsertlərdə böyük müvəffəqiyyət qazandılar. Onlar “Gəl mənə naz eləmə” rəqsini oynadılar. Səhnəyə əvvəlcə bir gənc çıxır. O, nazlı bir qızı rəqsə dəvət edir. Əvvəlcə qız naz-qəmzə satır. Lakin sonra onlar bir yerdə oynayırlar. Bu rəqs çox gözəl və ahəngdardır. Əminə Dilbazinin ifa etdiyi rəqslər bizim Çin rəqqasələrinin proqramına daxil olacaqdır. O öz müvəffəqiyyətinin sirrini bizə çox böyük həvəslə açdı.

Rəqqasların və musiqiçilərin birgə ifa etdikləri “Yallı” bizim qədim xalq rəqslərindən “Yan qeni” çox xatırladır.

Azərbaycan Dövlət mahnı və rəqs ansamblının bizim şəhərdəki çıxışı milli mədəniyyətimizin inkişafına çox kömək edəcəkdir. Biz milli mahnı və rəqs sənətimizi inkişaf etdirməyi azərbaycanlı yoldaşlarımızdan öyrənməliyik.

 

Uzaq ölkədən gəlmiş bacı və qardaşlarımız

Lui Ci (Çin musiqiçiləri cəmiyyətinin sədri)

 

Azərbaycan Dövlət mahnı və rəqs ansamblının Çinə gəlməsi xalqımızın həyatında böyük mədəni bir hadisə oldu. Biz ilk dəfə Azərbaycan sənətilə 1952-ci ildə istedadlı xanəndə Rəşid Behbudov Çinə gəlib ölkəmizin bir çox şəhərlərində çıxış etdiyi zaman tanış olmuşuq. Biz çox uzaq, lakin ürəyimizə yaxın olan ölkənin nəğmələrini indi də xatırlayırıq.

Biz istedadlı, şanlı Azərbaycan xalqının sənətindən bir daha ilhamlanmaq imkanı tapdıq. Azərbaycanlıların ansambl yaratmaq işindəki 20 illik təcrübələri milli incəsənətimizi gələcəkdə daha da inkişaf etdirmək işində biz çinlilər üçün ən gözəl nümunə ola bilər.

Çində Azərbaycan ansamblını gözəl bir sənət məktəbi adlandırırlar. İndi Azərbaycan xalqının nəğmələri Çin musiqiçiləri tərəfindən gələcəkdə ifa edilmək üçün öyrənilir. Azərbaycan ansamblının çıxışları milli incəsənətimizi gələcəkdə düzgün yollarla inkişaf etdirmək üçün də bizim musiqiçilərə kömək edəcəkdir. Bu gözəl sənət üçün Azərbaycan xalqı sağ olsun!

“Kommunist” qəzeti 30 noyabr 1958-ci il