Bu gənc Faciə qocalır!
 
  
   Bu nakam gənc Faciənin nahaq qanı yerdə, haqq meyiti ortalıqda qalıb, cənab Dünya! Sizinləyəm, Şərqdən yaşca cavan, başca qoca Avropa, demoqrafiyaca eksport, demokratiyaca import Amerika! Sözüm hamınıza deyil, söz yiyələrinədir. 
   
   Hələ qanı qurumamış bu gənc Faciə qocalır. Tək elə yaşına görə yox, könlünün heç olmasa, al dilinən alınmaması səbəbindən, al qanının «ratifikasiya» deyilən siyasi «gel»inən yuyulmaması ucbatından, açılmaz aynasına ədalət nəzərilə baxılmaması sarıdan da qocalır.
   Bu Faciənin övladları neçədir və necədir - bunlar haqda çox yazmışıq, çox demişik. İndi göstərib görk eləmə növbəsi sizlərin «antiişğal», «antiterror» kimi terminlərinizindir. Bu Faciə qədərindən çox humanitar təşkilatları, uşaqlarının, yeniyetmələrinin sayından artıq təsisatları, qocalarının, qarılarının nəsihət-vəsiyyətlərindən ziyadə məclisləri, itkinlərindən, didərginlərindən və ilaxır və illəraxarı müsibətdaşlarının cəmindən fazla TV-ləri olan Dünya, sənin bu qədər qüdrətli saymamazlıq, eşitməməzlik, görməməzlik istedadın da varmış!
   Sənin xalqları öyrənmək, öz dişinə və işinə vurmaq, bəzən də işlərini burmaq institutların da az deyil. Bütün ekran-efirlərə göz qoyur, qəzetləri, jurnalları izləyir, ağızları arayır, dilləri dinləyir, fikirləri dənləyirsən. Hansı xalqın hanki rəngi xoşladığından tutmuş, milli xislətinə, verdiyi sözə zəmanətinə, dəyanət-xəyanətinə, kişiliyi-dişiliyinə qədər bəlləyirsən.
   On doqquz qış, on doqquz fevraldır ki, isti kabinetlərinizdə əyləşib, qocaltmaqda olduğunuz bu gənc Faciəmizi necə ağlayıb-ağılamağımızı seyr edirsiniz. Siyasiləriniz Atilla, Tamerlan (Teymurləng), Osman paşa xəyallarına dala-dala (hələ yanlarında erməni varsa, gülə-gülə), bədiiləriniz göz yaşlarımızın yanaqlarımız aşağı nə sayaq süzülüb-düzülməsini, qırışlarımızın necə qarışmasını, şaxseylərimizin ritmikliyini, vaxseylərimizin polifonikliyini müzakirə edə-edə...
   Hələ kino-tele kameralar yox ikən, olmayanı olan kimi gördüyünüz - Türkə «erməni genosidi»ni sırımağa cəhd etdiyiniz halda, korların da gözünə girən bu qədər sivri kadrları necə vecə almamaqdasınız?! Bura bax, cənab!.. (Yox, kobud çıxdı. Axı, sizlər öldürəndə də etika-estetikanı əldən vermir, «zəhmət olmasa, əllər yuxarı» deyirsiniz). Hə, ali cənablar, lütfən, bəri baxın. İstəyirsiniz, lap musiqili müraciət edim: «Ay bəri bax, bəri bax», tele-pəncərədən daş gəlir, Xocalının qızı Xumar nənənin gözlərindən yaş gəlir...
   Belə göz yaşlarının söz daşlarından ağır olmasının fərqindəsinizmi, cənablar?! Bax, bu qayışbaldır kişini - dizlərini qarnına yığıb, yumağa dönmüş ağsaqqalı görürsünüzmü? Nə olsun ki, mordaca sizin ata-babalarınıza bənzəmir, hələlik vaxt tapıb eyni törəmə subyektliyinə malik olduğumuza bir qulp qoya bilmədiyiniz ilk baba - Adəm övladlarından deyilmi? Bu dəhşətli görüntüləri görmək üçün kofe içiminizə ara verə bilərsizmi, humanist-tumanistlər!
   Hələ bu şir-pələngə - sinəsi güllə yağışından sel olmuş cavana baxın, centlmenlər! Atəş leysanı anında qaş-gözünün qıyımına, yumruqlarının düyümünə diqqət edin...
   ... Bu gənc Faciənin bəyliyinə, gəncliyinə, qu quşluğuna, qar-qışlığına fikir verin, cənab sağdışlar, soldışlar! Bunlar onlara toy tutan erməni əlindən əliyalınlıq atına atlanıb qonşu rayonlara qaçmaq istəyənlərdir. Bunlar bu meşədə ölüm yurdu salıb, bəy otağı, gəlin gərdəyi əvəzinə, vay ortağı olanlardır. Hara baxırsınız, gözləri siyasi rentgenlər, demokratiya genlilər, hara baxırsız, tufana, qara baxın! Artıq 19 yaşına çatdırdığınız bu gənc Faciənin çöl-biyaban dizaynlı bəy-gəlin otağına, qar döşəklərinə, ar yorğanlarına, yanlarına düzülmüş qol-qıç, göz-bəbəklərinə baxın...
   Bir də, əgər Zori Balayanın «Ocaq» kitabını mütaliə etməkdən macal tapsanız, Dümanın, Qriboyedovun, Veliçkonun əsərlərinə göz gəzdirin. Onların «məzlum» ermənilər, məğrur azərbaycanlılar haqda yazdıqlarına baxın. Əgər o sənədli-publisistik yazılara baxsanız, mənim bu yazımıza baxmanıza ehtiyac qalmaz.
   Allah sizə dəvəni ulağın quyruğuna bağlamamaq sahibkarlığı da, həqiqətpərəstlik böyüklüyü də versin, dünyanın demokratiya və humanizm carçıları!..
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar