Xalq artisti Mustafa Mərdanov milli kinomuzda unudulmaz obrazları ilə yadda qalıb
   
   Fevralın 28-də Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun doğum günü idi. 
   
   Mustafa Həşım oğlu Mərdanov 1894-cü il fevralın 28-də Tiflisdə dünyaya göz açmışdı. Kiçik yaşlarından teatra böyük maraq göstərmiş, 1910-cu ildən dram dərnəklərində çıxış etmişdi. Daha sonra (1921-1922) Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır. Ali təhsil almağı ən böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olur. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlir və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir.
   Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilər idi. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirdi, ona yeni rənglər, çalarlar gətirdi.
   Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilməyə də dəvət alırdı. Çünki onun aktyor plastikası, sifət cizgiləri, obrazı qavramaq bacarığı kino aktyoru üçün olduqca vacib amillər sayılırdı. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxmışdı. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” (“Əlbəyaxa”) filmi çıxdı. Aktyor bu filmdə Abbas rolunda çəkilmişdi. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli oldu. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynamışdı.
   Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə oldu. O, bu filmdə bir-birinə zidd olan iki rolu - kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaratmışdı.
   Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı.
   Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirdi.
   1968-ci ildə çəkilən “Qanun naminə” filmində böyük ustalıqla ifa etdiyi müstəntiq Murtuzov obrazı aktyorun kinoda son işi oldu. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar