Haqqa yetişmək və dünyəvi sirlərə vaqif olmaq yolunda dərvişlərə, tərki-dünya insanlara qoşulub qələndərlik edənlər çox olub. Bu əqidə sahiblərindən biri də XIX əsrin görkəmli Azərbaycan şairlərindən olan Seyid Əbdülqasım Nəbatidir.
   O, «Məcnun», «Məcnun şah», «Xançobanı» təxəllüsləri ilə həm klassik, həm də aşıq şeiri üslubunda əsərlər yaradıb. 
   
   Dərin lirizm, nikbin, həqiqi məhəbbət, gözəllərin vəsfi şeirlərinin əsas mövzusu olub. «Gözlər, nə gözlər», «Bu göz kimi göz», «Aytək», «Pəri», «Gəlsin, gəlməsin» qoşmaları, «Gəlməz», «İstər», «Heç», «Bəs» və s. rədifli qəzəlləri muğam ifaçılığında geniş istifadə edilib.
   Seyid Əbdülqasım Möhtərəm oğlu Nəbati 1812-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Üştibin kəndində doğulub. Rühani ailədə böyüyüb. Əsli-kökü Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbati tayfasından olur. Atası Seyid Mir Yəhya Möhtərəm Üştibində və yaxın mahallarda dərvişlik edib. Şair qoşmalarının birində öz əsli-nəcabəti barədə yazır:
   
   Meydani-eşq içrə səyirtdim atı,
   Müsəxxər eylədim Rumu, Heratı.
   Möhtərəm oğluyam, adım Nəbati,
   Zatımız Haşimi, əslimiz ərəb.
   
   Mənşə etibarilə ərəb olan bu tayfanın içərisində türklər də olub. Elə buna görə Nəbati “Gözlərim” rədifli şerində özünə dair məlumatı dəqiqləşdirir və yazır:
   
   Bəççeyi -türkəm, dilim türki, kəlamın həcv-məcv,
   Xançobani can alan can-canı gözlər gözlərim.
   
   Nəbati ilk ruhani təhsilini atasından alır. Klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənir. Sonra atasına qoşulub qələndərlik edir. Azərbaycanın çox yerlərini piyada gəzir. Şeirlərindəki bioqrafik işarələrdən məlum olub ki, o, Qarabağda - Əsgəranda, Qırçında, Ağdamda, Hindarxda, Salyanda, Lənkəranda, habelə Təbrizdə və Xorasanda olur, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanır.
   Seyid Əbdülqasım bir müddət dərvişlik edir. Müridlər arasında nüfuz və hörmət sahibi olur. Sonralar Üştibində mürşid olur və kəramət sahibi kimi tanınır. O, daha sonra Əhərə gedir. Dövrünün görkəmli təriqətçisi Şeyx Mahmud Şihabəddinin məqbərə və ziyarətgahında guşənişinlik edir. Elmə meyillənir və riyaziyyatla məşğul olur. Beləliklə, dünya işlərindən kənara çəkilir, sufi həyatı yaşayır. Hücrədə tənha yaşamaqla haqqa, həqiqət aləminə yetişib gizli sirlərə vaqif olmağa çalışır...
   Müasirlərinin bildirdiyinə görə, Nəbati çox səxavətli, mərd və nəcib insan olub. İbadətdən ayrılıb camaat arasına çıxan zaman onun simasında xüsusi gözəllik, işıq, nur görünüb. Bəzən şövqə gəlib eşqə, mey və məhəbbətə dair şeir oxuyub. Aydın və məlahətli nitqi dinləyənləri valeh edib. Müasirlərinin çoxu onunla həmsöhbət olmağı özlərinə şərəf bilib.
   Əsərlərində onun sufi baxışlarına görə, Allaha çatmaq istəyən özünü (maddi aləmi) unutmalı, fənaya uğramalı, bu yolla haqqa qovuşmalıdır. Nəbati də bu yolu davam etdirərək, insanın mənəvi kamilləşmə yolu ilə Haqqa yetişəcəyinə inanıb. Lakin Nəbati dünyagörüşü, həyata baxışları etibarilə ziddiyyətli şəxsiyyət olub. O bir tərəfdən dini ehkamları, xurafatı pisləyir, xalqı mövhumata səsləyən zahidi “kor gözlü uzunqulaq” adlandırır. “Mümkün olduqca eyşü-işrət qıl, fürsəti salma ruzi-miadə” - deyə müasirlərini həyatdan zövq almağa, deyə-gülə yaşamağa çağırır. İkinci tərəfdən qatı dindar kimi çıxış edir. Özü də bir dinə qail olmur: gah İslamı, gah atəşpərəstliyi təqdir edir, gah da xristian olduğunu, xaça sitayiş etdiyini söyləyir. Şeirlərinin birində özünün daxili ziddiyyətlərini, bir-birini kəsən yollar ayrıcında çaşıb qaldığını, mövcud həyatı, varlığı axıra qədər dərk edə bilmədiyini etiraf edərək yazıb:
   
   Gah ağıllı, gah divanə oldum,
   Gah abad, gah viranə oldum,
   Gah xərabat içində sufi,
   Gah da meyxanə süpürgəçisi oldum...
   
   Nəbatinin həyatı maddi yoxsulluq və mənəvi ziddiyyətlər içərisində keçir. Şair həyatın mənası, dünyanın əvvəl-axırı haqqında çox düşünüb-daşınsa da, çox mətləblərdən və gizli sirlərdən xəbərsiz qaldığını dərk edir. Şair ziyanın, çətinin yarısından geri dönməyin vaxtı olduğunu dərk edir. Ancaq bunu bacarmır. Əksinə, dövran onu məyus edir və kədərləndirir. Şeirlərinin birində özünün qəmli, tutqun əhval-ruhiyyəsini və arxasız, köməksiz olduğunu acizanə bir dillə yazıb:
   
   Nə müddətdir mən-biçarə, yarəb, yarsız qaldım,
   Pozuldu rövnəqim, dağıldı ev, pərgarsız qaldım.
   Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar?
   Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım.
   
   Nəbati 1873-cü ildə Üşitibində vəfat edib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar