Onun ölüm xəbərini soyuq qış günü, səhər tezdən aldıq. Teatr Xadimləri İttifaqında səhnə texnikası üzrə müdir işləyən Həsən Məmmədovun ağır xəstəliyə düçar olduğunu, əməliyyat olunduğunu bilirdik, fəqət sağalacağına ümidimizi itirməmişdik. 
   
   Həsən Məmmədov Bakının yuxarı məhəlləsində doğulmuşdu. Bir neçə il bundan əvvəl itirdiyimiz təvazökar insan, uzun illər teatrlarımızda çalışmış şair-dramaturq Cahangir Məmmədovun qardaşı idi. Çoxdan tanıdığım, zahirən qaraqabaq görünən Həsən müəllimin ədəbiyyata, poeziyaya çox bağlı olduğunu sonradan öyrəndim. Bəyəndiyimiz şeirləri bir-birimizə ötürər, sonra isə müzakirə edərdik. Mənə şeirlərini əzbərdən oxuyurdu. «Bəs niyə bunları çap eləmirsiniz» soruşanda «Mən heç bunları kağıza da yazmıram, kimə lazımdır?» cavabını verirdi. Görünür, mənsub olduğu ailəyə verilmiş Allah vergisindən ona da bir pay düşübmüş.
   Hər kəsin qibtə edə biləcəyi gümrahlığı, işgüzarlığı, məsuliyyəti, yaradıcılıq fantaziyası vardı.
   15 yaşında Gənc Tamaşaçılar Teatrına gəlmiş, həyatını bu səhnədə keçirmişdi. O, təpədən-dırnağa qədər teatr adamı idi, bütün varlığı ilə teatra bağlı idi. Onun görmədiyi, baxmadığı tamaşa ola bilməzdi və hər bir tamaşa haqqında mükəmməl mülahizə yürütmək bacarığına malik idi. Son illər Teatr Xadimləri İttifaqının səhnəsində çalışırdı. Həm əla mütəxəssis olduğundan, yəqin ki, həm də ehtiyac ucundan şəhərin bu başından o başına qaçırdı. Gah «İbrus» teatrında, gah «Üns» yaradıcılıq səhnəsində tamaşaları idarə edirdi. Ən mümkünsüz işlər Həsən Məmmədovun əlində mümkünə çevrilirdi. Rejissor Azər Paşa Nemətovun «Afinalı Timon» tamaşası üçün düşündüyü ideyanın - səhnənin döşəmə örtüyünün hər səhnədə qalxaraq müxtəlif məkanlara çevrilməsini - bu ağır işi məhz o, həyata keçirə bilmişdi. Son böyük işi isə Beynəlxalq Çexov festivalının «İpək yolu» mərhələsində göstərilən tamaşalarda oldu. Rus Dram Teatrının səhnəsinə «Aureliyanın oratoriyası» və «Yağış» tamaşalarının qurulması üçün nə qədər zəhmət çəkdi. Dekabrın əvvəlində yaman soyuqlamışdı, öskürürdü. Zarafatından qalmayıb deyirdi ki, «Yağış» tamaşasında islanmışam, mənə soyuq dəyib». Nə yazıq ki, onun düşündüyü kimi deyildi. Uzun-uzadı müalicələr bir nəticə vermirdi. Bir balaca yaxşı olan kimi işə qaçırdı. Həyatı qaç-qovda keçən bu adam sanki əcəlin əlindən baş götürüb qaçırdı.
   Bu bir mistikamı, ya təsadüfmü, bilmirəm, Həsən müəllimin torpağa tapşırıldığı gün bütün həyatını həsr etdiyi Gənc Tamaşaçılar Teatrında «Əcəl atı» əsərinin ilk tamaşası göstərilirdi... Həsən Məmmədov da əcəl atını minib başqa bir səmtə, haqq dünyasına doğru gedirdi.
   
   Kəmalə Cəfərzadə
   Azərbaycan Teatr Xadimləri İttifaqının Məsul katibi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar