Azərbaycan
   
   9 mart 1929 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlının (1929 - 15.10.1996) doğum günüdür. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
   9 mart 1947 - Xalq artisti, tanınmış kamança ustası Şəfiqə Alxas qızı Eyvazova anadan olub. 1974-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir.
   9 mart 1952 - Aktyor Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) (1880 - 1952) vəfat edib. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. “İsmət” (1934), “Almaz” (1936), “Səbuhi” (1941) filmlərində çəkilib. Ədəbi yaradıcılıqla məşğul olub, pyesləri tamaşaya qoyulub.
   
   10 mart 1873 - Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Həmin gün Bakıda H.B.Zərdabinin təşəbbüsü, N.B.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) fəal iştirakı ilə M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bir qədər sonra (17 aprel 1873) Axundovun “Hacı Qara” komediyası səhnəyə qoyuldu. 10 mart Azərbaycanda Milli teatr günü kimi qeyd olunur.
   10 mart 1878 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundov (30 iyun (yeni təqvimlə 12 iyul) 1812 - 1878) Şəkidə vəfat edib. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-ci illərdə yazdığı 6 komediya Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
   10 mart 1915 - İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, pedaqoq, professor Qəmər Hacağa qızı Almaszadə (1915 - 7.4.2006) anadan olub.
   10 mart 1935 - Şair Ələddin Əsəd oğlu Hüseynov anadan olub.
   10 mart 1940 - Xalq artisti, tanınmış müğənni, muğam ustası Canəli Xanəli oğlu Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Bir sıra opera tamaşalarında (Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Camal ("Gəlin qayasi"), Şah İsmayıl ("Şah İsmayıl) və s.) baş rollarda çıxış edib.
   10 mart 1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. 100 minə yaxın azərbaycanlının tarixi torpaqlarından deportasiyasını həyata keçirən bu qərarların təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini Anastas Mikoyan idi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı.
   11 mart 1925 - Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Musiqili Komediya Teatrında işləyib, böyük tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Ulduz" filmlərində, “Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində çəkilib.
   
   12 mart 1906 - Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906-10.6.1989) anadan olub. Böyük Vətən müharibəsi, Cənubi Azərbaycan mövzusunda əsərləri xüsusilə məşhurluq qazanıb. Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olub.
   12 mart 1933 - Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov, 1933-12.12.2002) anadan olub. Əsərlərində yüksək lirika ilə bərabər vətəndaş mövqeyi daim aparıcı xətt təşkil edib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
   12 mart 1936 - Nasir, jurnalist Əmir Gülbala oğlu Mustafayev anadan olub.
   12 mart 1938 - Şair Adil Qasımov anadan olub.
   12 mart 1992 - Azərbaycan Respublikası Daxili Qoşunlarının yarandığı gündür. Daxili Qoşunlar DİN-in tərkibində struktur kimi 1991-ci ilin sonunda formalaşıb, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə 1992-ci il martın 12-də iştirak edib. Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart Daxili Qoşunlar günü elan edilib.
   
   13 mart 1927 - Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu) Batumi şəhərində anadan olub. Milliyyətcə acardır. Moskva və Sankt-Peterburq teatrlarında çalışıb. «Azərbaycanfilm», «Mosfilm» və s. kinostudiyalarda işləyib. 2003-cü ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. “Uzaq sahillərdə” (1958), “Əsl dost” (1959), “Bizim küçə” (1961), “Telefonçu qız” (1962) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Mixaylo rolu (“Uzaq sahillərdə”) böyük şöhrət qazanıb.
   13 mart 1935 - Ədəbiyyatşünas alim Arif Allahyar oğlu Hacıyev (1935-2000) anadan olub.
   13 mart 1938 - SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu.
   13 mart 1975 - Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəman oğlu Mənsurov (1975 - 16.3.1995) anadan olub.
   13 mart 1994 - Görkəmli aktyor və rejissor Həsən Əbluc (1942-1994) vəfat edib. Həsən Abbasqulu oğlu Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə anadan olmuşdu.
   
   Dünya
   
   9 mart 1454 - Məşhur italyan dəniz səyyahı Ameriqo Vespuççi (Amerigo Vespucci, lat. Americus Vespucius, 1454-1512) anadan olub. Amerika qitəsini ilk kəşf edənlərdən (Xristofor Kolumdan sonra) biridir. Amerikanın onun adı ilə adlandırıldığı bildirilir.
   9 mart 1814 - Görkəmli Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub. Klassik Ukrayna ədəbiyyatının banisidir.
   9 mart 1910 - Amerika bəstəkarı Samuel Barber (1910-1981) anadan olub.
   9 mart 1934 - Məşhur Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Yermoloviç Volontir anadan olub. “Qaraçı” və “Budulayın qayıtması” telefilmi ilə şöhrət qazanıb. Azərbaycanda “Tütək səsi” (1975) filmində (Cəbrayıl) çəkilib.
   9 mart 1955 - Tanınmış italyan aktrisası Ornella Muti (əsl adı Francesca Romana Rivelli) anadan olub.
   9 mart 1964 - Fransız aktrisası, “Oskar” mükafatı laureatı (“İngilis pasiyenti”, 1997) Jülyet Binoş (Juliette Binoche) anadan olub.
   
   10 mart 1772 - Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şleqel (Friedrich Schlegel, 1772-1829) anadan olub.
   10 mart 1926 - Rus bəstəkarı Aleksandr Sergeyeviç Zasepin anadan olub. “Qafqaz əsiri”, “Brilyant əl” filmlərinə musiqi yazıb.
   10 mart 1930 - Litva şairi, yazıçı, dramaturq Yustinas Marsinkyaviçus (1930- 2011) anadan olub.
   10 mart 1939 - Moskvada Şabolovka telemərkəzindən ilk televiziya yayımı başlanıb. Həmin vaxt Moskva üzrə cəmisi bir neçə yüz televizor vardı.
   10 mart 1940 - Məşhur Amerika kinoaktyoru, əlbəyaxa döyüş sənəti ustası Çak Norris (Chuck Norris - Carlos Ray Norris) anadan olub.
   10 mart 1955 - Polşa kinorejissoru, ssenarist Yuliuş Maxulski (Juliusz Machulski) anadan olub.
   10 mart 1958 - Məşhur Amerika aktrisası və fotomodel Şaron Stoun (Sharon Vonne Stone) anadan olub. “Əsas instinkt” («Basic Instinct», 1992) filmi ilə dünya şöhrəti qazanıb.
   
   11 mart 1544 - Məşhur italyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub.
   11 mart 1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.
   11 mart 1926 - Rusiyanın Xalq artisti, aktyor Yevgeni Şutov (1926-1995) anadan olub.
   11 mart 1948 - Fransız aktrisası və fotomodel Dominik Sanda (Dominique Sanda) anadan olub.
   11 mart 1950 - Amerika kinorejissoru, ssenarist, prodüser Cerri Tsuker (Jerry Zucker) anadan olub.
   
   12 mart 1672 - İrland əsilli ingilis yazıçısı, maarifçi ədəbiyyatın banilərindən biri Riçard Stil (Richard Steele, 1672-1729) anadan olub.
   12 mart 1685 - İngilis filosofu, subyektiv idealizmin tanınmış simalarından biri (spiritualist) Corc Berkli (George Berkeley, 1685-1753) anadan olub.
   12 mart 1728 - Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs, 1728-1779) anadan olub.
   12 mart 1737 - Görkəmli rus arxitektoru, rus klassisizminin banilərindən biri Vasili İvanoviç Bajenov (1737-1799) anadan olub.
   12 mart 1925 - Amerika fantast-yazıçısı Harri (Harry) Harrison (əsl adı Henry Maxwell Dempsey) anadan olub.
   12 mart 1935 - Rus knorejissoru, ssenarist, pedaqoq Valentin Konstantinoviç Çernıx anadan olub.
   12 mart 1937 - Rus kinorejissoru Boris Valentinoviç Durov (1937-2000) anadan olub. Sovet dövrünün məşhur ekran əsərlərindən olan “XX əsrin dəniz quldurları” filminə (1979) quruluş verib.
   12 mart 1937 - Tanınmış gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava anadan olub.
   12 mart 1946 - Amerika aktrisası, müğənni, “Oskar” laureatı Layza Minnelli (Liza Minnelli) anadan olub.
   
   13 mart 1733 - İngilis materailist filosofu, Cozef Pristli (Joseph Priestley, 1733-1804) anadan olub.
   13 mart 1838 - İtalyan yazıçısı, tarixi romanlar (“Spartak” və s.) müəllifi Rafaello Covanyoli (Raffaello Giovagnoli, 1838-1915) anadan olub.
   13 mart 1845 - Polyak əsilli məşhur rus dilçi alimi İvan Aleksandroviç Boduen de Kurtene (Jan Niecislaw Ignacy Baudouin de Courtenay, 1845-1929) anadan olub.
   13 mart 1900 - Yunan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900-1971) anadan olub.
   13 mart 1906 - Rus kinorejissoru, ssenarist İsidor Annenski (1906-1977) anadan olub. Azərbaycanda “Telefonçu qız” filminin (1962) ssenarisinin həmmüəllifi (Həsən Seyidbəyli ilə birlikdə) olub.
   13 mart 1913 - Rus-sovet şairi Sergey Vladimiroviç Mixalkov (1913-2009) anadan olub. SSRİ-nin və Rusiyanın dövlət himnlərinin sözlərinin müəllifidir.
   13 mart 1922 - Məşhur kalmık şairi David Nikitoviç Kuqultinov (1922-2006) anadan olub.
   13 mart 1944 - Rusiyanın Xalq artisti, məşhur sirk ustası, illüziyonçu İqor Emiloviç Kio anadan olub.
   13 mart 1951 - Rusiyanın Xalq artisti, tanınmış aktrisa İrina İvanovna Alfyorova anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar