Novruzu kəndimizdə necə qeyd edərdik?
   
   Novruz bir çox Şərq ölkələrində olduğu kimi, respublikamızda da ən çox sevilən milli bayramdır. Bu el bayramının min illərlə ölçülən tarixi var. Xalqımız bu bayramı daim qeyd edib və gələcəkdə də edəcəkdir...
      
   Hərçənd sovetlər dövründə bu bayramı qeyd etmək, yaşatmaq bir müddət yasaq edilmişdi. Məqsəd isə bizi kökümüzdən, soyumuzdan ayırmaq olub. Ancaq bu mümkün olmayıb. Məlum qadağalara, təqiblərə baxmayaraq, xalq öz bayramını qapalı şəkildə olsa da qeyd edirdi. Novruz da bir xalq əmanəti olaraq nəsillərdən-nəsillərə keçirdi.
   Məlumdur ki, tarixin bütün dövrlərində xalqımızın vətənpərvər oğulları həmişə olub. 1960-cı illərdə görkəmli ictimai xadim Şıxəli Qurbanov bu el şənliyini kütləvi şəkildə, xalq bayramı kimi keçirməsini təşkil edib. Bütün türk xalqları bəzən eyni, bəzən də özünəməxsus adətlərlə baharın gəlişini bayram edirlər. Azərbaycan xalqının Novruz adətləri isə nə qədər ümumi cəhətlərə malik olsa da, bölgələrimizdə onun maraqlı, özünəməxsus xüsusiyyətləri var.
   Söhbət açacağımız həmin bölgələrdən biri - bu gün məkrli düşmənin işğalında olan Cəbrayıl rayonudur. Bu bölgənin qədim yaşayış məskənləri çoxdur. Onlardan biri də Dirili - indiki Xudayarlı kəndidir. Bu kəndin özünəməxsus, təkrarsız Novruz adət-ənənələri vardı. Belə ki, kənd camaatı Novruz bayramı günü Diridağın zirvəsindəki geniş ərazidə, yaşıllıqlar əhatəsində tikilmiş “Mazan nənə“ türbəsinə ziyarətə yollanardı. Eyni zamanda ziyarətə qonşu Qubadlı, Zəngilan və Füzuli rayonlarından da camaat gəlirdi. Yaşlı adamlar - ağsaqqallar, ağbirçəklər qabağa düşərdi. Səliqə-sahmanla sakitcə üç dəfə türbənin günbəzi ətrafında dolanardı. Sonra qurbanlar kəsilərdi. Gün əyilənə qədər hamı deyib-gülərdi. Bir tərəfdə kimi at çapar, kimisi qurşaq tutub güləşərdi. Başqa bir tərəfdə isə musiqi səslənər və gözəl avazla muğam oxuyardılar. Ağsaqqallar, ağbirçəklər isə bir tərəfə çəkilib keçmişdən, gələcəkdən danışardılar. Axşama doğru yaxınlıqdakı qədim məzarıstana yol alardılar. Ağsaqqallardan bir dünyagörmüşü qabağa düşərdi. Sanki bir muzeyə baxış keçirilirdi.
   Əlini yaxınlığında olan məzarın mamırlı başdaşına çəkib deyərdi:
   - Bu Azərbaycanın ilk klassik aşıq-şairi Dirili Qurbaninin məzarıdır. O, XVI əsrdə Təbriz şəhərində, Səfəvi saraylarında yaşayıb-yaradıb. Şah İsmayılın yaxın dostu olub. O isə Gəncə xanı Ziyad xanın qızı, Dirili aşıq Qurbaninin sevgilisi Pəri xanımın məzarıdır.
   Bir az irəli gedər və digər məzarları göstərərdi:
   - Bu, Şamda, sonra Bağdadda yaşamış, ali-dini təhsil almış Axund Hacı Abbasəlinin məzarıdır. Bu isə Qara Məhəmmədin (o, çox qoçaq və bədəncə cüssəli olduğu üçün el arasında qara, yəni böyük Məhəmməd adlanırmış) məzarıdır. Bu da Dirili aşıq Surxayın - o da Təbriz şəhərində ali-dini təhsil almış, lakin çox yaşamamış, vaxtsız vəfat etmişdir - qəbridir.
   Bütün bunlar bölgənin özünəməxsus Novruz adət-ənənəsi olsa da belə, bir elin-obanın yaddaş tarixi idi. Əlbəttə, Novruz təkcə oynamaq, gülmək və yeyib-içmək bayramı deyil. Tarixin o dövründə müdrik babalar daş yaddaşları gənc nəslə məhz bu yolla çatdırardı...
   
   Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar