Azərbaycan
   
   31 mart 1861 - Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 - 20.4.1944) Şuşada anadan olub.
   31 mart 1918 - Tariximizin ən qanlı səhifələrindən biridir. Həmin gün erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb, şəhərdə 8 minə yaxın azərbaycanlı öldürülüb. Ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşa, Şamaxı, Quba, Lənkəran, Gəncəbasar və başqa bölgələrdə davam edib. Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
   31 mart 1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (1936 - 19.3.1994) anadan olub. Bakı metrosunda baş vermiş terror hadisəsində həlak olub. Rəşid Behbudov adına Mahnı Teatrının musiqi rəhbəri, \"Cəngi\" folklor-caz kollektivinin yaradıcısı olub. Bir sıra filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.
   
   1 aprel 1916 - Şair Ənvər Əliverdi oğlu Əlibəylinin(1916 - 7.5.1968) doğum günüdür. 1964-1968-ci illərdə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədri olub.
   1 aprel 1953 - Tanınmış yazıçı və jurnalist, ictimai xadim Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 2005-ci ildən Milli Məclisin deputatıdır.
   1 aprel 1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) (5.1.1884, Şuşa - 1954) vəfat edib. Ü.Hacibəylinin xalası oğlu olub. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən \"Leyli və Məcnun\"da Leyli rolunu) qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib. 

    1 aprel 1981 – XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim Rəsul Rza (19.5.1910, Göyçay – 1981) vəfat edib. Şair vətənpərvərlik, humanizm üzərində köklənən, fəlsəfi ruhlu şeir və poemaların müəllifidir. Rus və Avropa şairlərinin əsərlərini dilimizə tərcümə edib. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

   

   2 aprel 1870 - Şair Azər Məcid oğlu İmaməliyev (1870-8.8.1956) Bakının Buzovna kəndində doğulub. Şeirlər, felyetonlar yazıb, fars dilindən çoxlu tərcümələr edib.
   2 aprel 1993 - Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğalı ediblər. Kəlbəcər (ərazisi 3 min kv km) Azərbaycanın Dağlıq Qarabağdan kənarda mühüm strateji bölgəsi idi. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşdü, rayon mərkəzi, 150-yə yaxın kənd, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, \"İstisu\" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrildi.
   
   3 aprel 1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinə dair tədqiqatların müəlifidir. Əsərləri iki dəfə Stalin mükafatına (1949-1950) layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.
   3 aprel 2008 - Tanınmış aktrisa, Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində “Arşın mal alan”da Asya, “Sevil”də Gülüş və s. obrazları yaradıb. Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana” (Zeynəb), “Görüş” (pambıqçı qız) və s. filmlərdə çəkilib.
   
   Dünya
   
   31 mart 1596 - Məşhur fransız filosofu Rene Dekart (Rene Descartes, 1596 - 11.2.1650) anadan olub.
   31 mart 1732 - Görkəmli Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) anadan olub. 100-dən çox simfoniyanın, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
   31 mart 1882 - Tanınmış rus yazışısı, ədəbiyyatşünas Korney Çukovski (Nikolay Vasilyeviç Korneyçukov, 1882-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   31 mart 1914 - Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz, 1914-1998) anadan olub.
   31 mart 1926 - İngilis yazıçısı, postmodernizmin görkəmli nümayəndələrindən biri Con Faulz (John Fowles, 1926-2005) anadan olub.
   31 mart 1939 - Alman kinorejissoru, “Oskar” laureatı Folker Şlöndorf (Volker Schlöndorff) anadan olub.
   31 mart 1948 - Rusiyanın məşhur estrada artisti Vladimir Vinokur anadan olub.
   
   1 aprel bir sıra ölkələrdə qeyri-rəsmi şəkildə “gülüş və zarafat günü” kimi qeyd olunur. Avropada bu gün XVI əsrdən qeyd olunmağa başlayıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin ənənəvi olaraq qeyd edilən 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.
   
   1 aprel 1809 - Görkəmli rus yazıçısı, dramaturq, publisist Nikolay Vasilyeviç Qoqol (Yanovski) (1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri və s. əsərlərin müəllifidir.
   1 aprel 1866 - İtalyan bəstəkarı, yazıçı və pedaqoq Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1866-1924) anadan olub.
   1 aprel 1873 - Məşhur rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Rusiyadan mühacirət edib, Amerikada yaşayıb.
   1 aprel 1921 - Fransanın kommunist təmayüllü tanınmış yazıçısı Andre Stil (1921- 2004) anadan olub.
   
   2 aprel 1805 - Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” kimi qeyd olunur.
   2 aprel 1834 - Məşhur fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. Nyu-Yorkda ucaldılmış məşhur “Azadlıq” heykəlinin müəllifidir.
   2 aprel 1840 - Görkəmli fransız yazıçısı, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi Emil Zolya (Emile Zola, 1840 - 29.9.1902) anadan olub. Iyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir.
   2 aprel 1891 - Fransız-alman rəssamı, memar, müasir incəsənətdə sürrealizmin banilərindən biri Maks (Max) Ernst (1891-1976) anadan olub.
   
   3 aprel 1783 - Amerikanın ən məşhur yazıçılarından biri, tarixçi Vaşinqton İrvinq (Washington İrving, 1783-1859) anadan olub.
   3 aprel 1918 - Tanınmış Ukrayna yazıçısı Oles (Aleksandr Terentyeviç) Qonçar (1918-1995) anadan olub.
   3 aprel 1924 - Dünya şöhrətli Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. “Xaç atası”nda Don Vito Karleone obrazı ilə məşhurlaşıb, iki dəfə “Oskar”a layiq görülüb.
   3 aprel 1958 - Amerika aktyoru Alek Bolduin (Alexander Rae Baldwin) anadan olub.
   3 aprel 1961 - Məşhur amerikalı komediya aktyoru Eddi Mörfi (Edward Regan Murph) anadan olub.
      
   Hazırladı: Vüqar Orxan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar