Kəlbəcərin işğalından 18 il ötür
   
   2 aprel Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi gündür. 1993-cü il martın sonunda erməni qüvvələri rayon üzərinə genişmiqyaslı hücuma keçdilər və bir həftə sürən döyüşlərdən sonra Kəlbəcər süqut etdi. Kəlbəcər (ərazisi 1936 kv.km) Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu (Laçından sonra), Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə idi. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşdü, rayon mərkəzi, 130-dək kənd Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrildi. Kəlbəcərin işğalı zamanı 500-dək insan həlak olmuş, rayonun yüzlərlə sakini, o cümlədən qadın, uşaq və qoca əsir götürülmüşdü.
   
   * * *
   Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri tədqiqatçı alimlər tərəfindən öyrənilmişdi. Dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlərin, tarixi abidələrin əksəriyyəti tunc dövrünün əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılıb ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi.
   1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdi. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olub.
   Rayonun ərazisi gözəl təbiətə, yeraltı və yerüstü sərvətlərə, münbit torpaqlara malikdir. Bu dağ rayonu özünün yüksək müalicəvi əhəmiyyətə malik olan mineral çeşmələri ilə məşhur idi. İstisu kurortu burada yerləşirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
   
   Tarixi və memarlıq abidələri
   
   Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı olmuşdu.
   Həmin tarixi abidələr işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
   
   * * *
   İşğal nəticəsində rayonda 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 760 mln. dollar dəyərində ziyan dəydi. Mənəvi ziyanları isə ölçüyəgəlməzdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar