Unudulmazlar
   
   Tələbəlikdən üzü bəri Xalq artisti Kamal Xudaverdiyevin (1938-2008) iştirak etdiyi tamaşaların, demək olar ki, hamısına baxmışam. Duyduğum bu olub ki, nə aktyorluq istedadı, nə də səhnədə son dərəcə başqalaşmağı bacarmaq məharəti insanı öz təbiətindən uzaqlaşdıra bilməz. 
      
   Kamal Xudaverdiyev təbiətən çox ciddi adam idi və bu, onun yaratdığı bütün obrazlarda özünü göstərirdi. Qışqırtı, süni emosiyalar tamamilə bu aktyordan uzaqda dayanırdı. Oynadığı rolların, hətta ən mənfi obrazların daxilindəki müsbət anları, duyumları qabarıq şəkildə tamaşaçıya çatdırardı.
   İlk rolu Sabit Rəhmanın «Yalan» (Tofiq Kazımovun quruluşunda) tamaşasında Fərman obrazı olub. Onda Kamal Xudaverdiyev İncəsənət İnstitutunu təzə bitirmişdi. Sənətə böyük arzularla gəlmişdi. Xoşbəxtlikdən rejissorlar və müqtədir sənətkarlar tərəfindən bəyənilirdi. Milli Dram Teatrında çalışmağı ona çox zirvələr fəth etdirdi. İlk tərəf-müqabili də sevimli aktrisamız Amaliya Pənahova olub.
   Onunla ilk müsahibəni 1993-cü ilin mayında almışdım. Əslində bu görüşə məni başqa şey gətirmişdi. Ötən əsrin əvvəllərində erməni qovğalarında qardaşını itirmiş anam tez-tez söyləyərdi ki, bu aktyor mənim qardaşımoğludur. Familiyası da uyğun gəlir, özü də. Qardaşım da beləcə boy-buxunlu, yanıqlı, ötkəm səsli, gur saçlı idi. Doğrudur, mən anamın söylədiklərinə inanmırdım. Amma onun bu xiffəti ürəyimdə Kamal Xudaverdiyevə qarşı doğma hisslər yaratmışdı. Anamın vəfatından sonra xeyli müddət onun arzuları, istəkləri barədə düşündüm və nəhayət, Kamal Xudaverdiyevin işlədiyi teatra getdim. Söhbətimiz tutdu. Rəhmətlik çox səmimi və mehriban insan idi. Söylədikləri bu gün də xatirimdən silinməyib: «Rahat rollardan həmişə qaçmışam. Enişli-yoxuşlu olanlara can atmışam. Xüsusilə də mənfi surətlər ürəyimcə olub. Sovet dönəmində səhnədə sevə-sevə yaratdığım mənfi obrazlar var idi ki, bu gün onlar müsbət mənada qiymətləndirilir. Nədənsə özümü həmişə müsbət qəbul edilməyən obrazlarda görürdüm. Mənfi obraz heç də hamı üçün mənfi olmur, axı?! Ötən əsrin 60-cı illərində səhnədə tənqid hədəfi olan obrazlar o dövrün dili ilə desək, sosialist adət-ənənəsinə yad, keçmişin qanun-qaydalarına əməl edən, qadınını qısqanan, qoruyan «köhnə fikirli» kişilər idi. Nə deyim, mən öz rollarımı sevərək yaratmışam. Səhnə taleyimlə həyatdakı taleyim üst-üstə düşdü».
   Bəlkə də elə bunun təsiridir ki, Kamal Xudaverdiyev 37 yaşında ailə qurmuşdu. Qadının xanımlığını, analığını əlindən alan bir quruluşun qanun-qaydası ilə heç vaxt razılaşa bilməmişdi. Elə səhnədə təqdim etdiyi Fərman da, Ədalət də özünə oxşayırdı. Doğrudur, aktyorluq yaradıcılığı elədir ki, rol həmişə ifaçının ürəyincə olmur, amma... Amması odur ki, özü belə deyirdi: «Rollarımı həmişə bəyənmişəm. Yoxsa imtina edərdim. Ürəksiz oynamağı bacarmıram. Bu yaxınlarda televiziyada bir həmkarıma sual verirdilər ki, aktyor olmağına peşiman deyilsən? Cavabı məni kədərləndirdi. Aktyor dostumuz təəssüflənirdi ki, kaş bu sənəti seçməyəydi. Nə qədər çətinlikləri varmış... «Mən bu zirvəyə çatınca (ona təzəcə ad vermişdilər) çox əzablı yol keçmişəm» deyirdi. Bəs nə bilirdin? Rahat qazanılan səadəti heç vaxt qoruya bilmərik. Havayı pul kimidir, itirəndə də təssüflənmirsən».
   Sənətin, ümumiyyətlə, həyatın gözəlliyi, ləzzəti ondadır ki, hər çətinliyə zəhmətinlə, gücünlə, öz qüvvənlə üstün gələsən. Tələbəlikdən öncə Kamal Xudaverdiyev on il fəhlə işləmişdi. Hansı əzablı yollardan keçmişdi, özü yaxşı bilirdi. Erkən yetimliyin ağrı-acısını dadmışdı. Xiffətlə deyərdi: «Atamın heç üzünü də görməmişəm. Anam saxlayıb bizi: iki qardaş idik. Hər şeyi özümüz əldə etmişdik. Kiminsə qarşısında əyilməyi, eləcə də şikayət etməyi özümə sığışdırmamışam. Amma neyləyəsən ki, yaşlaşdıqca adi problemlər də öz həllini tələb edir».
   Uzun illər mənzil problemini yaşayan, bir müddət də rollarından ayrı düşən Kamal Xudaverdiyevin ən böyük arzusu idi ki, tamaşaçılarla həmişə səhnədə görüşsün. 1965-ci ildə institutu bitirəndən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan Kamal Xudaverdiyev sənətinə çox sədaqətli aktyor idi. Xalq artistimiz bu teatrın səhnəsində 60-a yaxın obraz yaradıb. Televiziya tamaşalarında da uğurlu rolları ilə yaddaşlarda iz salıb. Bədii söz ustası kimi neçə-neçə şairin şeirini öz yatımlı, ahəngli səsi ilə dinləyicilərə çatdırıb. Hüseyn Cavidin, Cəfər Cabbarlının, Sabit Rəhmanın, Səməd Vurğunun, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Nəriman Həsənzadənin, Seyran Səxavətin və başqalarının əsərləri əsasında hazırlanmış tamaşalarda əsas və baş rollarda iştirak edib. Özü də böyük sənətkar olan Kamal Xudaverdiyev səhnədə hərəsi bir məktəb olan müqtədir aktyorlar görüb: Möhsün Sənani, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova... Bu unudulmazların adları çəkiləndə gözlərində qəribə bir xiffət duyulardı. Heç unutmuram, müsahibə zamanı teatr fədailərimizdən söhbət düşəndə necə qəmli ahənglə danışdı: «Böyük sənətkarlar olmaqları öz yerində, necə dəqiq idilər. İşlərinə çox məsuliyyətlə yanaşırdılar. Bilirsinizmi, bizim işimizdə təkcə istedad azdır, gərək nizam-intizama əməl edəsən. Onlardan keçib bəlkə də mənə. Çalışmışam ki, kimsə məni gözləməsin. Aktyorluq yaradıcılığı elədir ki, beş dəqiqə yubanmaq bir məşqin dayanması, bir tamaşanın pozulması deməkdir. Onu da istəmişəm ki, tərəf-müqabilim güclü aktyor olsun. Sənin inkişafın tərəf-müqabildən çox asılıdır. Doğrudur, aktyorlar arasında elələri var ki, tərəf-müqabilin zəif olmasını istəyir. Bu, özünə xəyanətdir».
   Nə gözəl ki, Kamal Xudaverdiyev istər Akademik Milli Dram Teatrının səhnəsində, istərsə də televiziya tamaşalarında həmişə istedadlı, güclü sənətkarlarla üzbəüz dayanıb. Bu mənada rəhmətlik Vəfa Fətullayevanın yoxluğu onu həmişə yandırardı. Onlar «Alov», «Atayevlər ailəsi», «Sən yanmasan», «Atabəylər» və s. tamaşalarda qoşa iştirak etmişdilər. Həmişə ötənləri xatırlayanda dostları yada düşürdü, kədərlənirdi, «min heyf» deyirdi. Köks ötürərək «elə istedadlı həmkarlarımızı itirdik ki, onların yoxluğu səhnəmizdə əbədi boşluqdur: Səməndər, Hamlet...».
   Bu boşluqdan biri də Kamal Xudaverdiyevin öz yeridir. Heç kim heç kimi əvəz etmir. Hətta eyni rolu müxtəlif aktyorlar yaratsa da, fərqli alınır, bir-birinə bənzəmir.
   Bu mənada bizim gəncliyin sevdiyi aktyorlardan olan Kamal Xudaverdiyev kimi sənətkarların xatirəsi əbədi unudulmazdır. Mən onunla ilk dəfə görüşəndə anamın onu qardaşıoğluna oxşatdığını da danışmışdım. Xəfifcə gülümsəyərək «kaş bir qədər bu görüşümüz tez baş tutaydı. Zəngəzurun üzünü görməsəm də (o, Bakıda doğulmuşdu), məni illərlə əzizləyib, adıma qanadlanan bir ananın qardaşıoğlu olmaqdan iftixar duyardım» - söylədi...
   Bu görüşdən 12 ildən artıq vaxt keçib. Kamal Xudaverdiyev haqq dünyasına qovuşub. Amma mənim xəyalımda eləcə cavan, ucaboylu, ciddi görkəmli bir sənətkar kimi yaşamaqdadır! Məmməd Arazın təbirincə desək, heç vaxt sənətkarın ölümünə inanmıram. Hərdən mənə elə gəlir ki, günlərin birində «dayımoğlundan» yenə müsahibə alacağam. Ona üzünü görmədiyi bibisindən söz açacağam...
      
   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar