Martın 15-də yurdumuza baharın gəlişini müjdələyən çərşənbələrdən sonuncusu - İlaxır çərşənbə əsl ümumxalq bayramı kimi qeyd olunub. İlaxır çərşənbə ilə bağlı ölkə ərazisində kütləvi şənliklər və mərasimlər keçirilib, təbiətin oyanması ilə yurdumuza qədəm qoyan baharın elimizə xoşbəxtlik, ruzi-bərəkət və əmin-amanlıq gətirməsi arzulanıb.
   Martın 15-də paytaxtımızda İlaxır çərşənbə münasibətilə təntənəli mərasimlərə start verilib. Milli geyimli oğlan və qızlar “Azneft” meydanından dəvələrdən ibarət karvanla Suraxanı rayonu ərazisindəki Atəşgah məbədindən od götürmək üçün yola düşüblər. Onları şən və oynaq musiqi sədaları altında Novruzun əsas personajları olan Dədə Qorqud, Bahar qız, Keçəl və Kosa müşayiət edib.