“Molla Nəsrəddin” jurnalının 105 yaşı tamam olur
   
   Ötən əsrin əvvəllərində xalqımızın ictimai və mədəni şüurunun inkişafında xüsusi yeri olan mətbuat nümunələrindən biri, bəlkə də birincisi “Molla Nəsrəddin“ jurnalı idi. Böyük ədib Cəlil Məmmədquluzadə milli mətbuat tariximizə bəxş etdiyi “Molla Nəsrəddin”in ilk sayı 1906-cı il aprelin 7-də Tiflisdə "Qeyrət" mətbəəsində işıq üzü görüb. 
   
   Müxtəlif fasilələrlə 25 il nəşr edilən jurnal o dövrün çox parlaq mətbu güzgüsü idi. Satirik əsərlərindəki eyham, kinayə və gülüşlə cəmiyyətin düçar olduğu bədbəxtliklərə əlac tapmağa çalışan Mirzə Cəlil yeni nəşrin yaranma səbəbini belə səciyyələndirib: "Molla Nəsrəddin"i həyat özü yaratdı, zəmanə özü yaratdı".
   “Molla Nəsrəddin" jurnalı Şərq ölkələrində satirik mətbuatın, ədəbiyyatın və demokratik ictimai fikrin inkişafına ciddi təkan verir. Şərq aləminə satira anlayışı "Molla Nəsrəddin" jurnalının əyri-üyrü yazıları və bədheybət şəkilləri ilə gəlir...
   Jurnalın ilk sayında Mirzə Cəlil "Sizi deyib gəlmişəm" məqaləsi ilə məsləyini, amalını və proqramını bəyan edir. Xalqı, milləti gözüaçıqlığa, oyanışa, mübarizəyə və həyatın zülmətindən qurtulmağa çağırır. Deyək ki, ana dilinin saflığı və təmizliyi uğrunda jurnalın apardığı mübarizə indi də öz əhəmiyyətini saxlamaqdadır.
   “Molla Nəsrəddin” jurnalı tək Azərbaycanın deyil, Yaxın Şərqin ictimai fikir tarixində əhəmiyyətli yer tutub. Çünki o, milli dirçəliş ideyalarından, müstəqillik uğrunda mübarizənin ruhundan yoğrulmuş bir nəşr olub. XX əsrin əvvəllərində fanatizmə, cəhalətə və nadanlığa qarşı aparılan mübarizənin önündə məhz "Molla Nəsrəddin" jurnalı gedib.
   Ötən əsrin əvvəllərində "Molla Nəsrəddin" jurnalı səhifələrində çarizmin Qafqazda törətdiyi erməni-müsəlman qırğını ilə bağlı yetərincə yazılar, karikaturalar çap edilib. Erməni daşnaklarının iç üzünü ilkin açanlardan olur. Xalq istəklərinin, arzu və düşüncələrinin güzgüsü olan bu jurnal haqqında sovet dövründə tədqiqatçılar tərəfindən xeyli əsərlər yazılıb. Amma bir məsələ də var ki, sovet quruluşunun diktəsi bəzi məsələlərin dəqiq şərh edilməsinin üstünə qara xətt çəkirdi.
   Son zamanlar latın qrafikası ilə çap edilən “Molla Nəsrəddin” jurnalı kitab halında oxucuların ixtiyarına verildi. Cəlil Məmmədquluzadənin təhrif edilmiş yaradıcılığı olduğu kimi oxuculara çatdırıldı. Sovet dövründə onun çap edilən seçilmiş əsərlərinə, külliyyatına düşməyən əsərləri, nəhayət, işıq üzü gördü. Beləliklə, Cəlil Məmmədquluzadə irsinin toplanması və nəşri yeni mərhələyə qədəm qoydu. Cəlil Məmmədquluzadənin adı ədəbiyyat tariximizdə əbədiləşdirilib, əsərləri dönə-dönə böyük tirajla nəşr edilib. Haqqında sanballı elmi əsərlər yazılıb və bədii film çəkilib. O, heç nə yazmasaydı belə, təkcə "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycan dərsliyini yaratmış olardı. Biz onu bu gün də, sabah da oxumalı və öyrənməliyik.  

 Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar