(Azərbaycan Dövlət Radiosunun görkəmli diktoru, Xalq artisti Yusif Muxtarovun unudulmaz xatirəsinə)
   
   Biz Yusif Muxtarovla uzun illər radionun diktorları kimi çiyin-çiyinə işləyib, birlikdə əməkdaşlıq etmişik. Yaddaşımızdakı o gözəl Yusif həm də elə gözəl insan idi. Bir-birini tamamlayan bu vəhdətdə onun geniş dünyagörüşü, hərtərəfli bilik səviyyəsi də özünü büruzə verirdi. Ümdəsi isə Yusif həddən ziyadə mədəni bir şəxsiyyət idi. Bu da ona kollektivdə böyük hörmət qazandıra bilmişdi.
   O, heç zaman düşünülməmiş söz, fikir söyləməz, heç kimin arxasınca danışmaz və kimsənin qəlbinə toxunmazdı. Onun yanında danışılan hər hansı bir təəccüblü xəbəri o, öz ağlının süzgəcindən keçirib və çox sonradan həmin mülahizəyə qoşulub, yek sözünü deyərdi: “Boş söhbətdir, baş qoşmayaq, öz işimizlə məşğul olaq, faydalana bilərik”. Vəssalam. Bu cür bir konkretlik! Və deyim ki, konkretlik kateqoriyası da onun ömür devizindən biri idi. Eynən riayət etdiyi dəqiqlik (!) kimi, düzgünlük (!) kimi.
   Bu ölçülərlə də o, mənim hafizəmdə özünə yer tuta bilmişdir.
   Ona həmişə hörmətim olub. O bunu bilirdi. Yəni ona fərqli qavrayışla yanaşdığımın fərqində idi. Bəlkə buna görə idi ki, bir gün o, ürəyində qövr edən ən titrək, sehirli sirrini məhz mənə deməyə qərarlı oldu.
   Deməli, belə bir xatirə.
   Bahar çağıdır. Gözəl bir sabahdır. Bizim “Diktor otağı”nın qapısından içəri addımlayan uca qamətli, üst-başı səliqə-sahmanla bərq vuran, zövqlə geyinmiş, ətirli göyçək bir oğlan görünür. Bu, əlbəttə ki, Yusif Muxtarovdur. Onun bir əlində mətn (bir az sonra özünün aydın diksiyası, dolğun səsiylə efirdən səsləndirəcəyi “Xəbərlər”in xülasəsidir). O biri əlində gül dəstəsi var. Lakin o, fikirlidir. Dağınıq bir əhval içindədir. Əlqərəz, gülləri pəncərəyə qoyub, bir an üzü dənizə dayandı. Baxıb, baxıb dərindən ah çəkdi. Və arxaya, otağa tərəf çevrilərkən elə birdən, qəflətən mənə dedi:
   - Bilirsən, mən onu... Mən Amalyanı... dəryalar qədər sevirəm.
   Bəli, belə dedi. Demədi dünya qədər, dedi dəryalar qədər.
   Hə, Yusif, hə! Sən, ey gözəl oğlan! Ey bizim “Diktor” otağımızın səliqə-sahmanlı, gül-çiçək dəstəcikli, düşüncələri dalğın... romantik oğlu! Bəli, bəli, ziyansız-xətərsiz xilqət və məhzun sevgili!.. İndi agah ol: sənin dəryalar qədər sevdiyin Amalyan, sənin yoxluğunun qara təntənəsində ... səni elə dəryalar qədər ağladı...
   Çox ağladı o, səni...
   Puçluğa üsyan kimi ağladı...
   Qeybə çəkilən, o sevən köks üçün ağladı,
   O, səni...
   Biz isə Yusif sənin haqqında “...fağır idi yeee, çox yaxşı insan idi yeee...” - deyən redaktorumuz Maya Bayramova ilə sənin pəncərədəki qəribsəyən... qəribə rəngli, o zümrüdü rəngli sevgi çiçəklərini, sənin o itən, bir daha olmayacaq olan o cür saf təbiətini xatırladıqca, xatırladıq. Və...
   Sənə, faniliyə və mübhəm aydınlıqdakı... bütün dost kölgələrə ... əlbəttə ki, lazımınca qüssələndik.
   Deyirəm ki, qoy qəmgin gecələrindən üzülən ağappaq, nagahan uçuşlarının ... munisi Ay işığı özü olsun, Yusif, Yusifimiz!
   Ey gözəl oğlan!..
   
   Sənin ötən uzaq illərdəki diktor həmkarın,
   şairə Nurəngiz Gün







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar