Cabbar Qaryağdıoğlu - 150 
   
    “Atam Şuşanın bu gününü görsəydi, bağrı çatlardı...”
   
   150 il bundan əvvəl, 1861-ci ilin baharında Şuşanın “Seyidli” məhəlləsində boyaqçı Məşədi İsmayılın ailəsində bir uşaq dünyaya gəldi. Bu, gələcəyin görkəmli xanəndəsi, “Şərq musiqisinin peyğəmbəri” Cabbar Qaryağdıoğlu idi.
      
   Azərbaycan milli musiqisinin böyük ustadı ömrünün 70 ilini sənətə həsr etdi. Fövqəladə istedadı ilə musiqi tariximizin qızıl dövrünü yazdı. Necə ki, Fikrət Əmirov yazırdı: "Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idi".
   150 illik yubileyi ərəfəsində Qaryağdılar nəslinin nümayəndəsi, Cabbar Qaryağdının qızı Şəhla xanım Qaryağdı ilə görüşdük.
   Şəhla xanımın sadə mənzilini, saralmış olsa belə, olduqca qiymətli fotoşəkillər bəzəyir. Bu fotoşəkillərdən Cabbar Qaryağdıoğlunun xoşbəxt anları boylanır. Şəhla xanımın nurani çöhrəsi işıqlanır, yaddaşı təzələnir. Yolumuzu XIX əsrin axırlarından - Şuşadan salırıq...
   ...On yaşında şəhərdəki musiqi məktəbinə daxil olan Cabbarın ilk müəllimi şuşalı şair Mirzəli Zeynalabdin oğlu olur. O, ədəbiyyatı, fars və türk dillərini mükəmməl bilməklə yanaşı, klassik Şərq muğamlarına da dərindən bələd idi. O, Cabbara musiqi elmini, fars dilini öyrədir, şeirə, sənətə həvəs yaradır. 13 yaşında oxumağa başlayan Cabbar Qaryağdıoğlu 16 yaşında ifa etdiyi "Şüştər", "Kürd Şahnaz" muğamları ilə məşhurlaşır.
   Məşhur tarzən Sadıqcanın təklifi ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən xeyriyyə gecəsində çıxış edir. Onun bu məclisdə oxuduğu "Heyratı"nın səsi-sorağı tezliklə Gəncəyə, Şamaxıya, Bakıya yayılır. Onu yaxın-uzaq şəhərlərə, Orta Asiyaya, İrana dəvət edirlər.
   
   Opera səhnəsinin ilk Məcnunu
   
   Cabbar Qaryağdıoğlu təkcə xanəndə deyildi, o həm də Azərbaycan opera sənətinin ilk ifaçılarından biri idi. 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan "Məcnun Leylinin qəbri üstündə" musiqili səhnəciyində Cabbar Qaryağdıoğlu yaratdığı Məcnun rolu ilə həm də operamızın ilk aktyoru oldu. Sonralar Üzeyir Hacıbəyli Şərqin ilk operası barədə yazırdı: “Leyli və Məcnun” operasının yazılışına mən 1907-ci ildə başlamağıma baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə, 13 yaşımda ikən Şuşa şəhərinin musiqi həvəskarları tərəfindən tamaşaya qoyulan “Məcnun Leylinin qəbri üstündə” musiqili faciəsini görərkən oyanmışdır”.
   
   1911-ci ildə Cabbar Qaryağdıoğlu Bakıda "Nikitin qardaşlarının teatrı"nda "Fərhad və Şirin" operasının ilk tamaşasında Fərhad rolunu ifa edir. O dövrün qəzetləri bu barədə yazırdılar: "Qaryağdı Fərhadın ariyasını çox gözəl və ruh yüksəkliyi ilə oxuyurdu".
   
   Səs və gözəllik Allah vergisidir
   
   Milli musiqi tariximizdə Cabbar Qaryağdıoğlunun adı ilə bağlı hələ açılmamış nə qədər səhifələr var. O günlərdən günümüzə dönürük. Şəhla xanım öz tarixçəsini danışır...
   - Mən 1928-ci ildə Bakıda anadan olmuşam, bir tərəfim şuşalıdır, bir tərəfim xızılı. Ailədə 8 uşaq olmuşuq, 6 bacı, 2 qardaş. Mən anadan olanda “Cabbar əmi” (bütün xalq kimi, övladları da atalarını “Cabbar əmi” deyə çağırardılar. Elə indi də Şəhla xanım atasını belə xatırlayır - T.V.) məni Şuşaya aparıb, İsa bulağında suya salıb, evə gətirəndə deyib ki, bu uşaq oldu şuşalı. Bu hərəkət o zaman adamlara qəribə görünsə də, bu sadəcə atamın Şuşaya olan sevgisindən irəli gəlirdi.
   Soruşuram ki, görəsən Cabbar əmi ailədə necə idi? Şəhla xanımın üzü kimi xatirələri də gülümsəyir: “Mülayimdən də mülayim adam idi. Heç kimin xətrinə dəyməzdi. Anama qarşı olduqca diqqətli idi. Bizi də çox istəyirdi. Səsini qoruyardı. Yayda belə pəncərələrin hamısını açmağa icazə verməzdi. "Səs və gözəllik Allah vergisidir. Gərək, onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir" deyərdi.
   Cabbar Qaryağdıoğlunun oxumağı adi oxumaq deyildi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat dayanmadan oxuyardı. Seyid Şuşinski Cabbarın oxuması barədə deyərdi: “Cabbar oxuyanda elə bil qüvvətli bir dağ çayı daşaraq aləmi selə-suya bürüyüb qabağına qatırdı”.
   
   Danışan tarix
   
   XX əsrin əvvəlinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Muğamların Azərbaycan dilində ifası bütün Güney Qafqazda ənənəyə çevrildi.
   Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri kimi də Cabbar Qaryağdıoğlu uzun illər bu mədəniyyət ocağında klassik musiqidən dərs deyərək gələcək xanəndələrin yetişməsində fədakarlıq göstərdi. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, radioda solist kimi uzun illər çalışdı.
   Cabbar Qaryağdıoğlu tarixə həm də səsi qrammofon valına yazılan ilk azərbaycanlı xanəndə kimi düşüb. Belə ki, xanəndə 1906-1912-ci illərdə Kiyev, Moskva və Varşava şəhərlərinə dəvət alıb və orada səsi qrammofon valına yazılıb.
   
   Şəhla xanım deyir ki, atamın dostları çox olsa da, ən yaxın dostlarından biri Qurban Pirimov idi. Həmin Qurban Pirimov ki, illər sonra “Bütün ömrümü Cabbar Qaryağdıoğlu ilə keçirmişəm. Cabbar gözəl insan, əvəzedilməz xanəndə, zərif şair, güclü bəstəkar idi” deyirdi.
   Söhbətimizin bu yerində Şəhla xanım atasının bəstəkarlığından söz açır. Bu yerdə xatirələr yox, tarixi faktlar danışacaq.
   
   “İrəvanda xal qalmadı”
   
   Cabbar Qaryağdıoğlu bir dəfə İrəvanda toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır. Bu, bir faktdır ki, "İrəvanda xal qalmadı" (illər uzunu xalq mahnısı kimi təqdim edilsə də) mahnısının sözləri də, musiqisi də Cabbar Qaryağdıoğluna məxsusdur. Onun 30-dan çox mahnısı Üzeyir Hacıbəyli, Müslüm Maqomayev tərəfindən nota salınıb. Opera və operetta yazan bəstəkarlarımıza Cabbar Qaryağdıoğlu yaxından kömək göstərib. Cabbar Qaryağdıoğlu təkcə elə tarzən Qurban Pirimovun müşayiəti ilə 300-ə qədər mahnı və təsnif oxuyub. Yaxşı ki, unudulmaz Bülbülün və bəstəkar Səid Rüstəmovun xeyirxahlığı nəticəsində həmin mahnılar nota köçürülüb.
   
   Səsin möcüzəsi
   
   Cabbar əmi deyərdi ki, kim ki, oxuyanda qaval çalmadı ha, o oxuyan deyil. Onun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları da Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.
   Tədqiqatçılar yazırlar ki, Cabbar Qaryağdıoğlunun Azərbaycan xanəndələri arasında daha çox dəyərləndirdiyi, sevdiyi Seyid Şuşinski olub. Xatirələrin birində oxuyuruq ki, 1913-cü ildə Bakı milyonçusu Şəmsi Əsədullayevin qızının toyunda Tiflisdən dəvət olunan 24 yaşlı Seyid Şuşinski necə oxuyubsa, Cabbar Qaryağdıoğlu öz qiymətli və məşhur qavalını ona bağışlayaraq ağlamışdı.
   Bəstəkar Süleyman Ələsgərov yazırdı: "Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdır. Qaryağdıoğlunun təkrarolunmaz bir xüsusiyyətini də qeyd etmək istərdim ki, o, 84 yaşına kimi ancaq tarın do kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzə idi".
   Cabbar Qaryağdıoğlu sənəti ilə hər kəsin gözü qarşında möcüzə yaradırdı. Bülbül öz müəlliminin səsini yüksək qiymətləndirərək deyirdi: "Azərbaycan musiqi tarixində Cabbar Qaryağdıoğlu kimi "Heyratı", "Mahur", "Mənsuriyyə" ifa edən çətin tapılar. Onun bu muğamlara vurduğu misilsiz zəngulələr musiqi irsimizə nadir hədiyyələrdir".
   Şəhla xanımın xatirələrindən: “Günlərin birində Üzeyir Hacıbəyli atamı çağırıb deyir ki, konservatoriyada nə qədər mahnılar oxumusan, nota köçürüblər, sənə pul düşür. Cabbar əmi nə desə yaxşıdır, deyib ki, mən bu mahnıları nə özüm üçün, nə də pul üçün oxumamışam, bu mahnıları oxumuşam ki, xalqıma yadigar qalsın”.
   İkinci Dünya müharibəsinin ağır illərində Cabbar Qaryağdıoğlunun oğlu, daha sonra isə qızı müharibəyə gedir. Şəhla xanım deyir ki, bacım müharibəyə gedəndə tanış-bilişlər atamı qınadılar ki, qız uşağını da müharibəyə yollayarlar? Dedi, hamı necə, mən də elə.
   Cabbar Qaryağdıoğlunun həyat yoldaşı Səlimə xanımla çəkdirdiyi şəkil diqqətimi cəlb edir. Həyatın xoşbəxt anının yadigarına baxa-baxa onların necə tanış olduqlarını soruşuram.
   Şəhla xanımın üzünə yenə də təbəssüm qonur. XX əsrə yollanırıq...
   - Cabbar əmi İçərişəhərdə ikimərtəbəli bir ev kirayələyir. Necə ki, ölənəcən səhər erkən dururdu, o vaxt da tezdən durub pəncərədən həyətə baxırmış. Görür ki, bir qız ağaclara su verir. Pəncərənin ağzındakı qızılgül kolundan bir gül dərib yerə atır. Qız dönüb yuxarı baxır. Atamın qızdan çox xoşu gəlir. Öyrənib bilir ki, kirayə qaldığı ev sahibinin qızıdır, adı da Səlimədir. Cabbar əmi yoldaşlarını elçi göndərir, deyirlər ki, evsiz oğlana biz qız vermərik? Deyib ki, gedin onlara çatdırın ki, o qızı mənə versələr də, verməsələr də, mənim evim olacaq. Gedənlər bu dəfə şad xəbərlə qayıdırlar.
   Baxmayaraq ki, evlənəndə atamın 45, anamın 15 yaşı varmış. Mən anadan olanda atamın 60 yaşı vardı, o, anamla çox xoşbəxt idi.
   Söhbətimizin əvvəli kimi, sonu da Şuşadan düşür. Şəhla xanım deyir ki, 20 ildir Qarabağı itirmişik. Şuşanın bu gününü görsəydi, Cabbarın bağrı çatlardı...
   Sizə elə gəlmir ki, Qarabağı işğaldan azad etmək, Şuşaya qayıtmaq üçün bizə həm də Cabbarın səsi lazımdır...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar