Azərbaycan
   
   25 aprel 1905 - Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
   25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda (“Arşın mal alan”da Asya) maraqlı obrazlar yaradıb.
   25 aprel 1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyev (1914-25.11.1994) Şəkidə anadan olub. Şəki Teatrında, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb, 300-dən çox rol oynayıb, tamaşalara quruluş verib, \"Yadigar\" pyesinin müəllifidir. “Dəli Kür”, “Gözlə məni”, “Köhnə bərə” və s. flimlərdə çəkilib.
   25 aprel 1925 - Nasir Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 -1994) anadan olub.
   25 aprel 1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub. Avropa Mədəniyyət Konvensiyası 1954-cü il dekabrın 19-da Avropa Şurasında qəbul olunub. 22 aprel 1997-ci il tarixdə Milli Məclis ölkəmizin konvensiyaya qoşulması barədə qanun qəbul edib. Prezident Heydər Əliyev tərəfindən imzalanan qanun 25 apreldə dərc olunaraq qüvvəyə minib.
   
   26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Ərdəbildə anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam” romanları və s. nəsr əsərlərinin müəllifidir.
   
   27 aprel 1920 - Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) süqut edib. Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin əsas ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi. Bolşeviklərin (Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu) ultimatumundan sonra Cümhuriyyət parlamenti 23.45-də hakimiyyətin təhvil verilməsi barədə qərar qəbul edib. Aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulduğu elan olunub.
   27 aprel 1940 - Ədəbiyyatşünas alim Bəhlul Ağabala oğlu Abdullayev (Bəhlul Abdulla) anadan olub.
   27 aprel 1951 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
   
   27 aprel 2007 - Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı - 2007, Moskva) vəfat edib.
   
   28 aprel 1916 - Teatr rəssamı, Əməkdar incəsənət xadimi Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 - 9.2.1970) anadan olub.
   28 aprel 1917 - Xalq artisti Məhluqə Sadıqova (1917 - 15.8.2003) anadan olub. 50 ildən çox Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda məşhur “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
   28 aprel 1920 - Məşhur tarzən, Xalq artisti Hacı Məmmədov (1920 - 2.8.1981) Şamaxıda anadan olub. 40 ildən çox M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda, tanınmış həkim-cərrah olub.
   28 aprel 1920 - Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 - 28.1.1987) anadan olub.
   28 aprel 1935 - Şair Mir Sabir (Mirsabir Mirfərəc oğlu Nağıyev) anadan olub.
   28 aprel 1938 - Şair, dilçi, publisist Adil Babayev (1938-1977) anadan olub.
   
   29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.
   29 aprel 1919 - Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, \"Mosfilm\"də işləyib. “Onun böyük ürəyi”, \"Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.    

   30 aprel 1880 – Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Əzim Aslan oğlu Əzimzadə (1880 – 16.6.1943) Bakının Novxanı kəndində anadan olub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.

   30 aprel 1937 - Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub.
   30 aprel 1947 - Xalq artisti, məşhur tarzən Ramiz Quliyev Ağdamda doğulub.
   30 aprel 1966 - Tanınmış qarmonçalan, aranjımançı Ənvər Sadıqov anadan olub.
   
   Dünya
   
   25 aprel 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 80-dən çox musiqi əsərinin, 10 opera (“Yevgeni Onegin”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”) müəllifidir.
   25 aprel 1907 - Məşhur rus bəstəkarı, SSRİ Xalq artisti Vasili Pavloviç Solovyov-Sedoy (1907-1979) anadan olub. Sovet dövrünün populyar mahnılarının, kinofilmlərə musiqilərin müəllifidir.
   25 aprel 1928 - SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Yakovlev anadan olub. “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   25 aprel 1940 - İtalyan əsilli məşhur Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası”, “Qadın ətri” (“Oskar” mükafatı) və s.
   25 aprel 1941 - Fransız kinorejissoru və ssenaristi Bertran Tavernye (Bertrand Tavernier) anadan olub.
   
   26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
   26 aprel 1711 - Şotland filosofu və tarixçisi, empirizmin nümayəndəsi David Yum (David Hume, 1711-1776) anadan olub.
   26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix, 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən məşhur “Barrikadada azadlıq” rəsminin müəllifidir.
   26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunub.
   26 aprel 1912 - Amerika fantast-yazıçısı Alfred Elton van Voqt (1912-2000) anadan olub.
   26 aprel 1940 - Məşhur italyan bəstəkarı və aranjemançısı Corcio (Giorgio, əsl adı Hansjörg) Moroder anadan olub. Disko musiqisinin yaradıcılarlndan sayılır, Alan Parkerin “Gecəyarısı ekspresi” filminə yazdığı musiqiyə görə “Oskar” alıb.
   
   27 aprel 1791 - Amerika rəssamı və teleqraf sahəsində ixtiraçı Samuel Morze (Samuel Finley Breese Morse, 1791-1872) anadan olub. Elektromaqnit teleqraf aparatı (“Morze aparatı”) və Morze kodu (teleqraf əlifbası) onun adı ilə bağlıdır.
   27 aprel 1820 - İngilis filosofu və sosioloqu, pozitivizimin nümayəndəsi, sosiologiyanın banilərindən biri Herbert Spenser (Spencer, 1820-1903) anadan olub.
   27 aprel 1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub.
   27 aprel 1927 - Tanınmış rus aktyoru Yevgeni Aleksandroviç Morqunov (1927 - 25.6.1999) anadan olub. Leonid Qaydayın “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərdəki “Çoxbilmiş” rolu ilə məşhurlaşıb.
   27 aprel 1932 - Fransız aktrisası, 50-60-cı illərin kinoulduzu Anuk Eme (Anouk Aimee - Françoise Sorya-Dreyfus) anadan olub. Filməri: “Kişi və qadın”, “Səkkiz yarım” və s.
   
   28 aprel 1848 - Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte, 1848-1909) anadan olub.
   28 aprel 1902 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Valentina Aleksandrovna Oseyeva (1902-1969) anadan olub.
   28 aprel 1902 - Tanınmış Norveç yazıçısı Yohan Borgen (Johan Borgen, 1902-1979) anadan olub.
   
   28 aprel 1924 - Sovet kinosunun görkəmli simalarından olan məşhur Litva aktyoru Donatas Banionisin doğum günüdür.
   
   28 aprel 1952 - Amerika aktrisası Meri Makdonnel (Mary Eileen McDonnell) anadan olub.
   28 aprel 1974 - Məşhur ispan kinoaktrisası, «Oskar» mükafatı (2009) laureatı Penelope Krus (Penelope Cruz Sanchez) anadan olub.
   
   29 aprel dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.
   
   29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub.
   29 aprel 1899 - Məşhur Amerika caz ifaçısı, bəstəkar və dirijor Dük Ellinqton (Edward Kennedy Ellington, 1899-1974) anadan olub.
   29 aprel 1907 - Avstriya mənşəli Amerika kinorejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub.
   29 aprel 1931 - Sovet İttifaqında (Moskva) ilk televiziya yayımı sınaqdan keçirilib. Moskva televiziyası 1935-ci ildən yayımlara başlasa da, II Dünya müharibəsi bu işləri yarımçıq qoyub. Televiziyanın fəaliyyəti 1945-ci ildə bərpa olunub. Azərbaycanda televiziya (Bakı studiyası) 1956-cı ildə fəaliyyətə başlayıb.
   
   29 aprel 1957 - Hollivud ulduzlarından kinoaktrisa Mişel Pfayffer (Michelle Marie Pfeiffer) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Canavar” və s.
   
   30 aprel 1870 - Macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub.
   30 aprel 1883 - Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb.
   30 aprel 1926 - Məşhur Amerika aktrisası “Oskar” laureatı Kloris Liçmen (Cloris Leachman) anadan olub.
   30 aprel 1952 - Fransız rejissoru və ssenaristi Jak Odiar (Jacques Audiard) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar