Bağır İbrahim oğlu Məlikov 1924-cü ildə Bakıda dünyaya gəlib. Peşə məktəbində çilingərlik sənətinə yiyələndikdən sonra gəmiqayırma zavodunda işə başlayır. 1942-ci ilin əvvəlində - 18 yaşında ikən əsgərliyə çağırılır.
   
   Gürcüstanda bir neçə ay təlim keçdikdən sonra döyüşə atılır. Həmişə ön cəbhədə atıcı polkunda vuruşan həmyerlimizin yolu haralardan keçməyib - Şimali Qafqaz, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Macarıstan, Avstriya, Çexiya... Beş dəfə yaralanıb kontuziya alsa da, batalyon sanitar hissələrində müalicə olunaraq yenə döyüşlərə qatılıb. Kəşfiyyat sahəsində də özünü doğruldan B.Məlikov alman həbs düşərgələrinə hücumlarda da fəal iştirak edərək ingilis, fransız əsirlərinin azad edilməsində əlindən gələni əsirgəməyib. O, ötən illəri belə yada salır:
   - Elba çayının yaxınlığındakı meşədə idik. Gecə xəbər gəldi ki, faşistlər üzərində qələbə çalmışıq. Sevincimizin həddi-hüdudu yox idi, səhərə kimi silahlardan göyə atəş açıldı, bayram etdik. Müharibə 1945-ci ildə bitsə də, mən geri 2 il sonra döndüm. Baxmayaraq ki, ikinci qrup əlil idim. Ailəmizdən cəbhəyə qardaşlarım Kazım, Məlik, bacım Məsmə də getmişdilər. Geri dönən isə bacımla mən oldum... Müharibə çox insanların həyatına son qoydu.
   Yenidən zavodda işləməyə başladım, çətin zamanlar idi - ölkə ağır müharibədən çıxmışdı. Ailəni dolandırmaq asan deyildi - beş uşaq və yoldaşıma çörək gətirən təkcə mən idim. Dəfələrlə təhsilimi davam etdirmək təklif olunsa da, bunu həyata keçirmək qismət olmadı, ailə qayğıları çox idi. Müharibənin dəhşətlərini görən insan üçün gecə-gündüz işləyib balalarını böyütmək əsl səadət idi. Müharibə dəhşətdir, hər gün ölümlə qarşılaşır, şəhərlərin, evlərin yandığını görürsən... Rostovu iki dəfə almanlar almış, iki dəfə də biz onu geri qaytarmışdıq. Stalinqradın mühasirəsi də dəhşət idi. Almanlar həm də fəal təbliğat aparırdılar. Təyyarələrlə vərəqələr atıb bizi öz tərəflərinə çəkmək istəyirdilər. Amma döyüşçülərdə düşmənə nifrət güclü olduğundan onların səyi boşa çıxırdı.
   Ukrayna cəbhəsində sonralar Sovet İttifaqı Qəhrəmanı olan Məzahir Abbasovla görüşmüşdük - igid, qorxmaz insan idi. Biz azərbaycanlılar həmişə öz davranışımız, hünərimizlə xalqımızın adına şərəf gətirməyə çalışırdıq. O yerlərdə indi də bizləri xatırlayır, şəkillərimizi qoruyub saxlayırlar. Dəfələrlə döyüşdüyüm şəhərlərdən dəvət almışam. Donetsk, Odessa, Nikolayev şəhərlərinə getmiş, döyüşdüyüm yerləri bir də görmüşəm.
   İndi 87 yaşım var, müharibə və əmək veteranıyam, Prezident təqaüdü alıram, 30-dan çox orden və medallarla təltif olunmuşam. Səkkiz nəvəm var. Bu yaşımda məni darıxdıran torpaqlarımızın işğal altında olmasıdır. İstəyirəm ki, ömür vəfa qılsın, onların da azad olunmasını görüm. Bu gün də özümü Vətən qarşısında müsəlləh əsgər kimi hiss edirəm.
   
   İ.Əsədova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar