Azərbaycan
13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor, dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" romanları, “Dolça”, “Bir görüşün tarixçəsi” povestləri, “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri” pyesləri və s. Əsərləri bir çox dillərə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
14 may 1805 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi. Mayın 21-də imzalanan ikinci Kürəkçay müqaviləsi ilə Şəki xanlığı Rusiyaya birləşdirildi.
14 may 1916 - Azərbaycan kinosu tarixində birinci tammetrajlı bədii film olan “Neft və milyonlar səltənəti” ilk dəfə nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.
15 may 1893 - Dünya şöhrətli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.
15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.
15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəran şəhərində anadan olub.
15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.
15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların, operettaların («Yolayrıcında», «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
15 may 1939 - Nasir, dramaturq Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) anadan olub. Alman ədəbiyyatında bir çox əsərləri (Hötenin "Qərb-Şərq" divanı, Lessinqin "Müdrik Natan" dramı, Şillerin "Balladalar"ı və s.) dilimizə tərcümə edib.
15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncə şəhərində doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. Otar İoselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.
15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
15 may 1931 - Ədəbiyyatşünas, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1999) anadan olub.
15 may 1944 - Tanınmış aktyor, kinorejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov anadan olub.
16 may 1950 - Xalq artisti, aktyor Arif Quliyev anadan olub.
16 may 1992 - Tanınmış kinooperator, rejissor, ssenarist Arif Əmir oğlu Nərimanbəyov (13.04.1918 - 1992) vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu operatorudur.
Dünya
13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub.
13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan, 1842-1900) anadan olub.
13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque, 1882-1963) anadan olub.
13 may 1923 - Sovet bəstəkarı, bir çox filmlərin musiqi tərtibatçısı İsaak Şvarts (1923-2009) anadan olub. “Səhranın bəyaz günəşi”, “Cənab Mak-Kinlinin qaçışı” və s. filmlərə musiqi yazıb.
13 may 1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Qərara əsasən, kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
13 may 1934 - SSRİ Yazıçılar İttifaqına ilk üzvlərin qəbulu başlanıb. 1№-li üzvlük bileti yazıçı Maksim Qorkiyə verilib.
13 may 1950 - Məşhur Amerika müğənnisi və bəstəkarı Stiv Uander (əsl adı Steveland Judkins Morris) anadan olub.
13 may 1956 - Məşhur sovet yazıçısı, «Gənc qvardiya» romanının müəllifi, dövlət xadimi Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901-1956) intihar edib.
14 may 1265 - İntibah dövrünün dahi italyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. “İlahi komediya” müəllifidir.
14 may 1771 - İngilis filosofu, sosialist Robert Ouen (Robert Owen, 1771-1858), anadan olub.
14 may 1944 - Amerika kinorejissoru Corc Lukas (George Walton Lucas) anadan olub.
14 may 1952 - Rus bəstəkarı, populyar estrada mahnılarının bəstəkarı Vladimir Mateski anadan olub.
14 may 1959 - Fransız aktyoru Patrik Brüel (Patrick Bruel) anadan olub. “Yaquar” filmi (Fransua Peren) ilə məşhurlaşıb.
14 may 1969 - Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Blanşet (Cate Blanchett) anadan olub.
15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur.
15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub.
15 may 1848 - Görkəmli rus rəssamı Viktor Vasnesov (1848-1926) anadan olub.
15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
15 may 1891 - Məşhur rus yazıçısı Mixail Bulqakov (3 (15).5.1891 - 1940) Kiyev şəhərində doğulub. Əsərləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi" "Qaçış" roman və povestləri, "Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili" pyesləri və s.
15 may 1891 - Gürcü yazıçısı, akademik Konstantin Qamsaxurdia (1891-1975) anadan olub. Gürcüstanın mərhum prezidenti Zviad Qamsaxurdianın atasıdır.
15 may 1925 - Rus bəstəkarı, SSRİ Xalq artisti Andrey Eşpay anadan olub.
16 may 1898 - Yaponiya milli kinematoqrafiyasının banilərindən olan rejissor Kendzi Midzoquti (Kenji Mizoguchi, 1898-1956) anadan olub.
16 may 1910 - Görkəmli rus-sovet yazıçısı və şairəsi Olqa Berqols (3 (16).5.1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, radioda çalışıb, “Leninqrad poeması”nı yazıb.
16 may 1915 - Tanınmış İtaliya kinorejissoru Mario Moniçelli anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
16 may 1953 - Məşhur irlandiyalı aktyor Pirs Brosnan (Pierce Brendan Brosnan) anadan olub. “Agent 007” seriyasından dörd filmdə (o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə neft kəmərindən bəhs edən “Bütün dünya da bəs etməz” (1999) filmində çəkilib.
16 may 1966 - Amerika estrada müğənnisi Canet Cekson (Janet Damita Jackson) anadan olub. Dünya pop-musiqisinin ulduzu Maykl Ceksonun bacısıdır.
Hazırladı: Vüqar Orxan