Azərbaycanda xalqın mədəni tələblərini ödəmək üçün mədəni-maarif müəssisələrinin yaradılması tarixi ötən əsrin əvvəllərinə gedib çıxsa da, klub, kitabxana və qiraətxanalar şəbəkəsi geniş şəkildə 20-ci illərdə təşəkkül tapmağa başladı.
O vaxtadək Azərbaycanda klub və kitabxana müəssisələri yox dərəcəsindəydi. Onların sayı az, münasib binaları yox idi, müvafiq ədəbiyyatla təmin edilməmişdi, az miqdarda olan kitab, jurnal və qəzetlər geniş xalq kütləsinin maariflənməsi üçün yetərli deyildi.
1920-ci ildə Azərbaycanda mədəni-maarif ocaqlarının təşkilində böyük maarifpərvər ziyalı, ədib, dövlət xadimi Nəriman Nərimanovun tarixi xidmətləri olub. Xatırladaq ki, hələ 1894-cü ildə Bakıda ilk kütləvi qiraətxana məhz onun təşəbbüsü ilə yaradılmışdı.
1920-ci il mayın 20-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə milyonçu Murtuza Muxtarovun evində - indiki "Səadət" sarayının binasında Əli Bayramov adına qadınlar klubu təşkil olundu. Ceyran Bayramovanın rəhbərliyi ilə təşkil olunmuş klub başqa klublara nümunə olmaq etibarilə qadınlar arasında mədəni-maarif işində mühüm rol oynayırdı. Əvvəllər klub geridə qalmış Azərbaycan qadınları içərisində təbliğat və təşviqat işləri aparmaqla məşğul idi. İlk günlərdə klubun işləri çox çətin şəraitdə keçirdi. Çünki bəzi dindarlar klubun işinə qızğın müqavimət göstərirdilər. Əsrlərdən bəri böyük sıxıntı içərisində, şəriət qanunları ruhunda yaşamış Azərbaycan qadınlarının əksəriyyətinin də kluba münasibəti mənfi idi.
Aparılan tədbirlər nəticəsində klub öz işində dönüş əmələ gətirə bildi. Qadınların kluba cəlb olunması ildən-ilə artmağa başladı. Əli Bayramov adına qadınlar klubu az bir müddətdə nəinki respublikamızda, hətta Cənubi Qafqazda məşhur oldu. Klub tam mənası ilə maarif və mədəniyyət ocağına çevrildi. Burada qadınlar savadlanır, müxtəlif peşələrə yiyələnirdilər. Bu məqsədlə klubda 6 aylıq kurslar təşkil olundu. Klubda dram, xor, musiqi, bədən tərbiyəsi, kooperativ, ictimai-tərbiyə, səhiyyə, ədəbi və digər dərnəklər təşkil olundu. Dərnəklərdə qadınlardan müxtəlif peşə sahibləri hazırlandı.
Klubun rəyasət heyətinin bir neçə fəalı qərara alır ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Bu işin təməli bir neçə qadın tərəfindən qoyuldu, onlar ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirdilər və kiçik tikiş emalatxanası təşkil etdilər. Bir neçə gündən sonra həmin qadınlar birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazıldılar. Sonra onlar imtahan verdilər. Yaxşı qiymət alanları respublikanın qəzalarına yolladılar.
Əvvəllər tikiş emalatxanasında 7 işçi çalışırdı. Sonralar isə o, böyük müəssisəyə - Əli Bayramov adına tikiş fabrikinə çevrildi. Klubda qadınlar arasında mədəni-maarif işləri aparılır, maraqlı tədbirlər keçirilirdi.
1930-cu ildə həmin fabrikin işçi heyəti 1121 nəfərə çatdı. Qadınları istehsalata cəlb etmək məqsədilə klubun nəzdində körpələr evi və uşaq bağçası təşkil edildi. 7 il ərzində Əli Bayramov adına klubda 1923 nəfər öz savadsızlığını ləğv etmiş, 1350 nəfər müxtəlif peşələrə yiyələnmiş, 337 nəfər istehsalatda işləmək üçün göndərilmiş, müxtəlif yerlərə 70 ekskursiya təşkil edilmiş, 29 mühazirə oxunmuş, 128 tamaşa və konsert verilmiş, 78 nömrə divar qəzeti buraxılmışdı. Əli Bayramov adına qadınlar klubu Azərbaycan qadınları arasında aparılan işin aparıcı və nümunəvi mərkəzi oldu.
Tahirə Əliyeva,
Mədəniyyət və Turizm Nazirliyi
Kollegiyasının məsul katibi