1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli hökumətin bir sıra görkəmli xadimləri haqsız təqib və ittihamlardan yaxa qurtarmaq üçün ailəliklə mühacirətə getməli oldular. Onlardan biri də yazıçı, jurnalist, pedaqoq, cümhuriyyət parlamentinin üzvü Əhməd bəy Ağayevin (Ağaoğlunun) ailəsi idi.
      
   O, Türkiyəyə gedir və İstanbulda məskunlaşır. Həyat yoldaşı Sitarə xanımla övladlarını böyüdür, onları elmli, bilikli görmək istəyir. Böyük qızı Sürəyya əvvəlcə fransız məktəbində, sonra qız liseyində təhsil alır. Sürəyyanın mənəvi inkişafında və dünyagörüşündə təkcə məktəb həyatı yox, eyni zamanda ailə mühitinin - yəni evlərində keçirilən yığıncaqların da böyük təsiri olur. Türkiyənin tarixçiləri, ictimai-siyasi xadimləri tez tez onların evində qonaq olur.
   Belə bir mühitdə böyüyən və yetkinləşən Sürəyya ali təhsil almaq məqsədilə sənədlərini İstanbul Universitetinin hüquq fakültəsinə verir. Qeyd edək ki, o vaxt bu fakültədə yalnız oğlanlar oxuyurdu. Sürəyya Ağayevanın universitetə qəbul olunması əks-səda doğurur. O, universitetdə böyük səylə oxuyur, fransız, ingilis dillərini mükəmməl öyrənir. Praktiki biliyini artırmaq məqsədilə məhkəmələrdə cinayət proseslərini izləyir.
   Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud bəy Cavanşir Avropaya gedərkən yolüstü İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Sonra onu erməni terrorçusu Misak Torlakyan öldürür. Həmin qətlin məhkəmə prosesinə Sürəyya da dəvət olunur. Ona məsuliyyətli bir iş - ingilis dilindən tərcümələrə nəzarət etmək tapşırılır. Daha sonra bir neçə məhkəmədə iştirak edir. Tədricən Türkiyənin hüquq dairələrində tanınır, etimad qazanır.
   1925-ci ildə təhsilini uğurla başa vurur. Atasının məsləhəti ilə Ankarada çalışır. Həmin vaxt SSRİ-nin Türkiyədə səfiri olan M.Suriç onu Rusiya ilə Türkiyə arasında ticarət işləri ilə məşğul olan "Neftsindikat" şirkətində vəkil işinə dəvət edir. O, əvvəlki işi qalmaq şərtilə orada işləməyə razılıq verir. Səriştəli və savadlı bir vəkil kimi daim Türkiyənin hüquq-məhkəmə həyatında çətin və ağır məhkəmə proseslərinə dəvət edilir. 1930-cu ildə Dövlət Şurasında işə qəbul olunur.
   O, Türkiyənin ilk vəkil qadınlarından biri kimi hüquq aləmində məşhurlaşır. Təcrübəli bir hüquqşünas kimi beynəlxalq tədbirlərə dəvət olunur. “Türk-Amerika universitetləri dərnəyi” və ali təhsilli türk qadınları dərnəyinin yaradıcılarından biri olur. Dünya Hüquqşünas Qadınlar Assosiasiyasının vitse-prezidenti, Uşaq Dostları Dərnəyinin sədri seçilir. Öz vəsaiti hesabına uşaq evi açır.
   Sürəyya Ağayeva həm də dövrü mətbuatda publisist kimi çıxış edir. O, "Bir ömür də belə keçdi", ingilis dilində çap olunan "Londrada (London - red.) gördüklərim" adlı kitabların müəllifidir.
   Sürəyya Əhməd bəy qızı Ağayeva 86 illik ömrünün 80 ilini Türkiyədə yaşayır, 1989-cu ilin dekabrında dünyasını dəyişir. Ölümündən bir il öncə yaxın qohumu Nigar xanım Axundova ilə görüşür. Söhbət əsnasında deyir: "Məndən soruşurlar ki, vətənin haradır? Deyirəm: Şuşada doğulmuşam. İlk dəfə orada ulduzlu səmanı seyr etmişəm, güllərin ətrini duymuşam. Azərbaycanlı səsi, musiqisi eşidəndə uşaqlıq illərim yadıma düşür. Xatirələr məni qoynuna alır".    

 Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar