XIX əsrin sonu - XX əsrin əvvəllərində milli teatr sənətimizin inkişafı yolunda xidmətləri olan bir sıra sənətkarlar yaşayıb ki, onların həyat və fəaliyyəti hələ yetərincə işıqlandırılmayıb. Nəcəfqulu və Əbülfət Vəliyev qardaşları belə sənətkarlardandır.
Nəcəfqulu bəy Vəli 1858-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Məmmədhəsən bəy oğlu quberniya idarəsində kiçik məmur işləyib. Nəcəfqulu ibtidai təhsilini Şuşada, molla məktəbində aldıqdan sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda oxuyur. Quberniya idarəsində 25 ilə yaxın tərcüməçi işləyir. Balaxanı kəndində neft quyuları alır, sərvət sahibi olur. Xalqın mədəni inkişafına təmənnasız yardım göstərir.
Nəcəfqulu bəy həm də teatr həvəskarı olub, aktyor kimi bir sıra tamaşalarda çıxış edib. 1923-cü ildə Bakıda nəşr olunan "Azərbaycan türk teatrının müxtəsər tarixçəsi" kitabında yazılıb: “1887-ci ildən sonra türk teatrı Bakıda getdikcə tərəqqi etdi. O vaxtın cavanlarından Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov və Nəcəfqulu bəy Vəliyev başlarına teatr həvəskarlarını cəm edib tamaşa göstərməyə başladılar. Bu şəxslərin teatr yolunda çəkdikləri əzab, üzləşdikləri çətinliklər heç biri vəsfə gələsi deyildir".
Nəcəfqulu bəy həm də şair olub, “Şeyda” təxəllüsü ilə şeirlər yazıb. Lakin Nəcəfqulu bəyin həyatı və yaradıcılığı barədə mənbələrdə elə də səhih məlumat yoxdur. Mir Möhsün Nəvvab özünün «Təzkireyi-Nəvvab» kitabında Qarabağ şairləri sırasında onun haqqında qısa məlumat verərək onun bir müxəmməsini də təqdim edir:
A gül şaxı, yaşıl yarpaq açmısan,
Nə xoş olur, qönçələrin olaydı.
Açılaydı qönçələrdən güllərin,
Sənə məddah bülbüllərin olaydı.
Keçər fəsli-bahar sənin də dövrün,
Yetər xəzan, solar rənginə sorun.
Nayab olar aşiqlərdən hüzurun,
Nə sevilib bu günlərin olaydı.
Diyari-qürbətdə gedər bülbülün,
Solar ətrafında gülü sünbülün.
Tökülər yarpağın, qalmaz heç gülün,
Sənə ağlar Şeydaların olaydı.
Nəcəfqulu bəyin qardaşı Əbülfət bəy Vəli 1871-ci (bəzi mənbələrdə 1867) ildə Şuşada doğulub. Şuşa realnı məktəbini bitirir. Erkən yaşlarından elmə, mədəniyyətə maraq göstərir. Gənclik çağlarından el şənliklərində yaxından iştirak edir, teatr sənətinə böyük marağı olur. Sonralar istedadlı, mütərəqqi fikirli aktyor, rejissor və bacarıqlı teatr təşkilatçısı olur.
XIX əsrin sonlarından 1918-ci ilə qədər bir çox teatr tamaşalarında çıxış edir. Həmin illərin dövri mətbuat səhifələrində göstərilir ki, o, səhnə əsərlərində müxtəlif xarakterli obrazlar yaradıb.
Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin hazırladıqları həvəskar tamaşalarında kiçik, epizodik, həm də əsas rollarda çıxışlar edib. “Müsəlman Artistləri Cəmiyyəti“, “Nicat , “Səfa” teatr truppalarında aktyorluq və rejissorluq edir. Onun təşkilatçılığı sayəsində bir qrup aktyor İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Sevastopol, Yalta şəhərlərində qastrolda olur. Bir neçə dəfə Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov və Mehdi bəy Hacınski ilə "Nicat" cəmiyyətində ədəbiyyat və teatr komissiyasının üzvü seçilir.
O, Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Xəlil yüzbaşı, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy və Fəxrəddin, Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan"ında həkim, "Dağılan tifaq"da Əbdül rollarında dəfələrlə səhnəyə çıxıb. O, ictimaiyyət arasında Qafqazın ən müqtədir aktyorlarından biri kimi qəbul olunub. Müxtəlif mətbuat səhifələrində "bacarıqlı oyunu", "istedadlı ifası", "qüvvətli çıxışı" haqqında yazılar dərc olunub.
Əbülfət bəy rejissor kimi də fəaliyyət göstərib. Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəriman Nərimanovun "Nadir şah", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad" əsərlərinə səhnə quruluşu verib. Gənc və həvəskar aktyorların yetişməsinə öz töhfəsini verib. Məşhur aktyor Hüseyn Ərəblinskinin istedadının üzə çıxmasında onun böyük zəhməti olub.
1911-ci ildə göstərilən "Nadir şah" tamaşası (Nadir şahı Hüseyn Ərəblinski, Cavadı isə Cahangir Zeynalov oynayıb) Əbülfət Vəlinin ən yaxşı quruluşlarından sayılıb. Orada onun aktyor sənətkarlığı, bacarığı daha qabarıq görsənib. O, 1911-ci ildə müvəqqəti olaraq "Nicat" cəmiyyətinin teatr truppasından ayrılır. "Mirat" (“Güzgü”) adlı dram dərnəyi yaradır. Əsasən kiçik həcmli pyeslər tamaşaya hazırlayır. Həmin il güzəranının çətinliyindən səhnəni atır. Daşkəndə getmək istəsə də, bu səfəri baş tutmur. Qafqazın müsəlmanlar yaşayan bölgələrinə qastrola çıxır.
Həyatını başdan-başa teatr mədəniyyətinin inkişafına həsr edən Əbülfət Vəli 1918-ci il dekabrın 3-də Göyçayda vəfat edir.
Savalan Fərəcov,
Ənvər Çingizoğlu