Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Müşavirədə dövlət başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Həmin tapşırıqların icrası ilə yerində tanış olmaq üçün martın 31-də prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında olub. Prezident Zabrat qəsəbəsinin 7500-dən artıq sakinin məskunlaşdığı “Teplitsa” adlandırılan yaşayış sahəsində və Bülbülə kəndində görülən işlərlə yaxından tanış olub.
   Daha sonra prezident “Atəşgah” məbədinə gələrək burada həyata keçirilən bərpa və abadlıq işlərinin gedişi ilə tanış olub. Aparılan arxeoloji qazıntılar barədə dövlət başçısına məlumat verilib. Qeyd olunub ki, Heydər Əliyev prospekti ilə “Atəşgah” məbədini birləşdirən küçələrdə əsaslı təmir işlərinə başlanılıb. Prezident Bakıətrafı qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlarını verib.