Ayrıca bir «səs» obrazı da yaratmış aktrisa
   
   Onun nəinki sənəti, hətta adı da səhnəyə, teatra ekvivalent kimi səslənirdi. Ümumxalq teatr zövqünə, səhnə-sənət müzakirələrinə hakim kəsilib, Azərbaycan sovet kütləsini kübarlaşmağa, elitarlaşmağa hökm edirdi Hökümə xanım...
   
   Ovqat aktrisası
   
   «Ədəbi ictimaiyyət», teatr-sənət adamları bir yana, deyirlər, hətta fəal tamaşaçılıq doğanağından keçməyənlər də Hökümə Qurbanova ilə küçədə, dükan-bazarda rastlaşarkən bir bəhanəylə onu söhbətə tutmağa cəhd edər, səs-sədasından, durğu-vurğularından, vizual (üz-üzə, göz-gözə) orfoepiyasından, sintaktik «simfoniyasından» doymaq bilməzmişlər. Hətta bir gün «Kommunist» (indiki «İstiqlaliyyət») küçəsində onunla rastlaşan köhnə bir müsavatçı-millətçi qoca: «Hökümə xanım, vallah əgər Siz səhnədə «Kommunist» qəzetini də ədəbi qiraət etsəniz, adama xoş gələr!» - deyib.
   Deyirlər, onun ən kamil, ən gözəl yaratdığı obraz öz obrazı olub. Tanrı tərəfindən yazılmış, özü tərəfindən oynanılmış bir obraz. Hamı kimi, o da bilirmiş ki, ömür müvəqqətidir. Amma o, hamıdan fərqli olaraq, bunu da bilirmiş ki, sənəd ömründən çox uzun bir ömür də var; sənət ömrü. Buna nail olmaqçünsə gərək Tanrı tərəfindən yaradılmış obrazı - öz surətini də kamil ifa edə biləsən. Və təkrar etməli oluram; deyirlər, onun ən gözəl, ən kamil yaratdığı obraz öz obrazı olub. O vaxtlar ədəbiyyat kitablarında, qəzet-jurnallarda «surət» sözü «obraz» terminindən çox işlənsə də, nədənsə belə deyirdilər: «öz obrazı». Amma məncə, «öz surəti» desəydilər, daha yaxşı səslənər, sənətlə «sənəd»in vəhdətinə də bir him, bir işarə olardı. Hökümə xanımın fiziki surəti - sifəti də kamil, «təcəllayi-mükəmməl» üzlərdən idi. Dodaqları canlı bir susmazlıq abidəsinə bənzəyirdi. Bu abidə-«dirijor» tərpəndikcə, ballı təbəssümlər, bibərli rişxəndlər, ilahi eyhamlar saçır, «ala gözlər»i çoxlarının ilk baxışda görmədiklərini göstərir, «qələm qaşlar»ı müəlliflərin cansız vərəqlərə əmanət etdiklərini canlı tamaşaçıların şüurlarına həkk edirdi.
   «Deyirlər» təhkiyəsi bu qədər. Birini də özüm deyirəm. Deyirəm, yaradıcılığının və ad-sanının ən bişmiş, ən bitkin çağlarında gördüyüm Hökümə Qurbanova fenomeni olmasaydı, Azərbaycan teatrını Rusiya və bir sıra Avropa teatrlarına yenilmiş zənn edər, bir çox sahələrimizdə olduğu kimi, «ucqar», «periferiya» kimi atmacalara, daha bir aşağılanmaya da məruz qalmış olardıq. Beləliklə, Hökümə Qurbanova təkcə Azərbaycan milli dram teatrımızın divarları arasında yox, çox nəhəng və çox illüstrativ SSRİ-nin tikan-məftil divarları arasında da sənət-ovqat «brend»imiz idi...
   
   Canlı sənət universiadası
   
   İctimai, ədəbi-tənqidi, publisistik qənaətcə, Hökümə Qurbanova əsasən minor təbli sənətkar - «milli səhnəmizin misilsiz faciə aktrisası» olub. Onun teatroqrafiyasında «çağlar temperament», «coşğun emosiya», «musiqili ritm-tonallıq», «hayqırtılı ehtiras», «romantik, lirik-dramatik səs» kimi epitetlər əsas yer tutur. Tənqidi yazılarda bu da vurğulanır ki, Hökümə Qurbanova bütün sənət ömründə dramaturji material düzənindən, rejissura mizanından kənara çıxıb və yaxud buna cəhd edib. Məsələn, o, «Qış nağılı»ndakı Hermionanı Şekspirin Hermionasından çox, öz Hermionası kimi təqdim edib. Bu haqda belə bir obrazlı cümlə də işlənib: «...o, səhnədə dəqiqələrlə mərmər abidə kimi donub qalırdı». Başqa qeydlərdə verilən «...bu tamaşa illər uzunu anşlaqla keçib» kimi fikirlər isə sübut edir ki, Hökümə xanımın əsər və tamaşa müəlliflərinin «işləri»nə müdaxiləsi əbəs deyilmiş. Heç yuxarıda «qeyri-realistik»liyə dair söylədiyimiz epitetlər də Hökümə xanımın realizmdən uzaqlığına dəlalət etmir. Yəni həmin keyfiyyət elementləri tamamilə realist üslubdan qaynaqlanır və nəhayət etibarilə, sənətin bu əbədi dənizinə qovuşur kimi qənaətləri daha vurğulu edir.
   Yaradıcılıq universiadasına dərindən diqqət yetirdikcə Hökümə Qurbanova təkcə öz dövrünün yox, bütövlükdə Azərbaycan teatrı dövrünün mükəmməl hadisəsi kimi görk olunur. Sənət hadisələrinin ənənəvi başvermə və sonuclanma texnologiyalarına rəğmən, Hökümə Qurbanova bir neçə elementi ilə daha özünəməxsusluq, daha cəlbedicilik, polifoniklik keyfiyyətləri daşıyır. Məsələn, elə böyük sənətkarlar var ki, onların bəziləri ya ancaq sənət adamları, elita və öz məmurlarına istinadən dövlət tərəfindən yüksək qiymətləndirilir, ya da yalnız xalq kütlələri tərəfindən. Bunun birtərəflilik minusu da simasından danışmağa isə, təbii, ehtiyac yoxdur. Hökümə Qurbanova, ilk yarımbaşlıq altında vurğuladığım kimi, həm öz qəlbində daim kiminsə sayəsində zirvəyə yetişmək arzusu bəsləyən zəhmətkeş xalqın, həm də həmin zəhmətkeş kütlənin mənəvi sosial güzəranına cavabdeh və dünya mədəniyyəti yarışında maraqlı olan (xüsusən, o dövrdə!) dövlətin sevimlisi idi. O, dövrün dramatik-teatral siyasətindən bıqmış xalq üçün həlim, yumşaq bir sənət sığalı, dincəliş ünvanı, hökumət üçünsə quru, zəhmli iclasların, yığıncaqların, «37»-dən sonrakı psixoloji repressiyaların hovunu alan sənət ocaqlarının ən hərarətli közlərindən biri idi. Elə buna görə də həmin hökumət, daha çox, xalqın sevgisinə görə sevməli olduğu bu sənətkarı 30 yaşında ikən Əməkdar artist, 47 yaşında Xalq artisti, 52 yaşında SSRİ Xalq artisti fəxri adlarına layiq görmüşdü.
   
   Onun sənət sarayından ornamentlər...
   
   Yaddaşlarda bir sənət bütövü kimi qalmış Hökümə Qurbanovanın istedadı, qabiliyyət və qalibiyyət imkanları onun yaradıcılığını bölgülərə ayırmağı mütləq edir. Əslində, teatr-aktyor stilləri içərisində ona bab olmayanı yoxdur. Romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik - bunların hamısı Hökümə Qurbanova tamının «ədava»larıdır. Maraqlıdır, onun ilk yaradıcılıq işi kino ilə bağlıdır. Bakı Pedaqoji Texnikumunu bitirib Azərbaycan Dövlət Konservatoriyasına daxil olan 20 yaşlı bu qız elə təhsil illərindəykən «Almaz» filmində (Yaxşı rolunda) çəkilir. Əvvəllər ara-sıra çıxış etdiyi Milli Dram Teatrında isə 1938-ci ildən (ömrünün sonunadək) çalışmağa başlayır. Fəaliyyəti boyu haqqında çox deyilir, çox yazılır. O deyim və yazılardan biri isə, məncə, hələ heç kəs haqda deyilməyib: «Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb».
   Bu rolların sayı çox olsa da, sanbalından azdır. Tutalım, yüzlərlə obraz oynayıb, amma o rollar haqda minlərlə rəy yazılıb, fikir söylənib, gərəkli təriflər, sürəkli alqışlar yağdırılıb. Deyirdilər ki, Cokondanın səhnə obrazı yaradılsaydı, rejissor traktovkasına ehtiyac qalmazdı - Hökümə onun təbəssümünü orijinaldakından da qüvvətli ifadə edə bilərdi.
   Hökümə xanım bir mövsümdə neçə ölkə, neçə millət xanımına çevrilərdi: Kleopatra, Janna d"Ark, Hermiona, Valentina, Oliviya, Nataşa, Yeva Qrant, Vasantasena, Amanda, Valya, Zina, Janina... Öz əsərlərimizdəki rolları isə bütöv bir statistikadır. Burada yalnız onun çəkildiyi kinofilmlərin adlarına yer var: «Almaz», «Onu bağışlamaq olarmı?», “İnsan məskən salır” və s.
   Bu xoş faktların sırasına iki naxoş tarixçəni əlavə etməmək olmur. Biri onun qızı - istedadlı aktrisa Vəfa Fətullayevanın 42 yaşında dünyasını dəyişməsi, o biri isə səhnəmizin təkrarsız səs-sədası Hökümə xanımın 75 yaşında sənət dünyamızı cismən tərk etməsi...
   
   T.Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar