Azərbaycan
   
   21 iyun 1794 - Görkəmli tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakı şəhəri yaxınlığında Əmircan (Xilə) kəndində anadan olub. Atası Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. 1819-cu ildə Bakıxanov çar Rusiyasının Qafqaz canişini general Yermolovun dəvəti ilə Tiflisə gedərək Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 26 il işləyib. İranla Rusiya arasında Türkmənçay müqaviləsinin (10 fevral 1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. 1847-ci ildə Məkkə ziyarəti zamanı vəfat edib.
   21 iyun 2001 - Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
   
   22 iyun 1802 - Məşhur şərqşünas alim, maarifçi Mirzə Kazımbəy (1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açılıb və Mirzə Kazımbəy onun ilk dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.
   22 iyun 1897 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 - 26.9.1961) Şuşada anadan olub. Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona “Bülbül” adı verilib. Xalq mahnılarının, romansların (“Sənsiz", "Sevgili canan", Ü.Hacıbəyli, “Ölkəm”, A.Zeynallı və s.), operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1940-cı ildən konservatoriyanın professoru olub.
   22 iyun 1924 - Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov; 1924 - 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanların, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.
   22 iyun 1942 - Musiqiçi, bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Deyin, hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Ay gecikən məhəbbətim" və s. populyar mahnıların müəllifidir.
   22 iyun 1947 - Şair Eldar Baxış (1947 - 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində çalışıb. "Uzun Həsən", "Məlikməhəmməd" pyeslərinin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
   22 iyun 1999 - Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1996-cı il aprelin 22-də Lüksemburqda imzalanıb) qüvvəyə minib. Saziş Avropa Birliyinin Azərbaycana iqtisadi, sosial, elmi-texniki, mədəni əməkdaşlıq sahəsində dəstək və yardımını əhatə edir.
   
   23 iyun Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən bu gün dünyanın əksər ölkələrində qeyd olunur. Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə respublikamızda 2006-cı ildən qeyd edilir.
   23 iyun 1920 - Nasir Əkbər Həzrətqulu oğlu Əkbərov (1920 - 25.01.1995) anadan olub.
   23 iyun 1920 - Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin 7 aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Xalq qarşısında çıxış edən Xiyabani Cənubi Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin 14 sentyabrında Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.
   23 iyun 1923 - Ədəbiyyatşünas, şair, tənqidçi, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 - 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Bənövşə yarpağı”, “İnsan min il yaşardı”, “Keçmə namərd körpüsündən”, “Dağlar buraxmır məni”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir. «Ədəbiyyat və incəsənət» qəzetinin redaktoru olub.
   23 iyun 1925 - Xalq artisti, rejissor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova anadan olub. 30 il ərzində S.Vurğun adına Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Bir sıra televiziya tamaşalarına quruluş verib. Bakı Musiqi Akademiyasının vokal kafedrasının professorudur.
   
   Dünya
   
   21 iyun 1840 - Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub. Məşhur gürcü xalq mahnısı “Suliko”nun sözlərinin müəllifidir.
   21 iyun 1905 - Fransız yazıçı-dramaturqu, görkəmli filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürəkbulanması”, “Azadlıq yolları” romanları, “Milçəklər”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” pyesləri, “Varlıq və yoxluq”, “Ekzistensializm - humanizmdir” fəlsəfi traktatları və s.
   21 iyun 1910 - Rus-sovet şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.
   21 iyun 1935 - Məşhur fransız yazıçısı Fransuaza Saqan (Françoise Sagan; 1935-2004) anadan olub. Əsərləri: “Salam, kədər” (30-dan çox dilə tərcümə olunub), “Soyuq suda bir az günəş”, “İtmiş sima”, “Əlvida, qüssə” romanlarının müəllifidir.
   21 iyun 1962 - Rusiyanın məşhur estrada müğənnisi və bəstəkar, “Kino” rok-qrupunun yaradıcısı Viktor Soy (1962-1990) anadan olub.
   
   22 iyun 1767 - Alman filosofu, məşhur dilçi alim, ədəbiyyatşünas Vilhelm Humboldt (Friedrich Wilhelm von Humboldt; 1767-1835) anadan olub. Berlin Universitetinin yaradıcısıdır.
   22 iyun 1887 - İngilis filosofu Culian Haksli (Julian Sorell Huxley, 1887-1975) anadan olub. Təkamülün sintetik nəzəriyyəsinin müəllifidir, UNESCO-nun ilk baş direktoru olub.
   22 iyun 1898 - Alman yazıçısı Erix Mariya Remark (Erich Maria Remarque - Erich Paul Remark; 1898-1970) anadan olub. Əsərləri: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Üç yoldaş”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s. romanlar.
   22 iyun 1906 - Amerika kinorejissoru, 4 dəfə «Oskar» mükafatı laureatı Billi Uaylder (Billy Wilder, 1906-2002) anadan olub. Filmləri: “Cazda ancaq qızlardır”, “Sabrina”, “Mənzil” və s.
   22 iyun 1947 - Tanınmış rus kinoaktrisası Natalya Varley anadan olub. “Qafqaz əsiri” filmində Nina rolu ilə məşhurlaşıb. “Qaçış”, “12 stul” və s. filmlərdə çəkilib.
   22 iyun 1949 - Məşhur Amerika aktrisası Meril Strip (Mary Louise "Meryl" Streep) anadan olub. “Kramer Kramerə qarşı” (Coanna Kramer), “Sofiyanın seçimi” (Sofiya Zavistovskaya) rollarına görə “Oskar” mükafatına layiq görülüb.
   
   23 iyun 1824 - Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke, 1824-1910) anadan olub. Opera, simfoniya, oratoriyaların müəllifidir.
   23 iyun 1868 - Amerikalı ixtiraçı Kristofer Letem Şoulz (Christopher Latham Sholes) ixtira etdiyi yazı makinasına ilk patent alıb. Yazı makinası ədəbiyyat, jurnalistika və ümumilikdə mədəniyyətdə o dövrün mühüm texniki inqilabı idi.
   23 iyun 1889 - Məşhur rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 - 5.3.1966) anadan olub. Qızıl Orda xanı Əhməd xanın nəslindən olub, soyadını (təxəllüsünü) də bu addan götürüb. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.
   23 iyun 1901 - Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.
   23 iyun 1910 - Fransız dramaturqu Jan Anuy (Jean Marie Lucien Pierre Anouilh, 1910-1987) anadan olub. “Yüksüz sərnişin”, “Kolomba”, “Antiqona” və s. pyeslərin müəllifidir.
   23 iyun 1927 - Amerika xoreoqrafı, tanınmış kinorejissor Bob Foss (Bob Fosse; 1927-1987) anadan olub. Filmləri: “Kabare”, “Lenni”, “Bütün bu caz” və s.
   23 iyun 1957 - Hollivud aktrisası, «Oskar» mükafatı laureatı Frensis Makdormand (Frances McDormand) anadan olub. “Farqo”, “Şerifin ulduzu”, “Misssisipi od içində” və s. filmlərdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar