Təbiətdəkilər güllü aləm üçün oxuyur, o isə küll-aləmçün...
   
   Murtuza, Məşədi Rza, Məmmədov. Tariximizin sükuti fonoteka dəryasına qərq olmuş milyonlarla ad-soyadlardan biri. Və lakin... Bülbül! Xalqımızın öz çağlar sənət dəryasından seçib-sonalayıb ad elədiyi sevgili bir isim.
   Bu ad bütöv bir obrazdır. Milli səs, sirli-sehrli nəfəs, xalqın verdiyi bu ada rəğmən dünyəvi “qəfəs” obrazı...
   
   www.Bülbülobraz.az
   
   Əlbəttə, “bu nə yarımbaşlıqdır?” deyəsi oxucular haqlıdırlar. Amma mən də belə yazmaqda ona görə haqsız deyiləm ki, internetdə bəzi adi sənətbazlar haqda “cikindən-bikinə” tutumlu dosyelər verildiyi halda, bu qeyri-adi sənətkar-obraz barədə - lətifəsi uzaq olsun - “üç badam, bir qoz” sanılı söz açılıb. Bu təqdimatın “epiloq”undakı “tezbazar”lıq, ortalığındakı qaçhaqaç dramatiklik bir yana, “proloq”undakı qrammatiklik məni daha çox məyus etdi: “22 iyun 1897, Xanbağı, (Şuşa) - 26 sentyabr 1961, Bakı”. Əcəba, demirsizmi, birdən, məsələn, hər gün, hər saat efir-ekranda Qarabağa dair “hələ də susurlar” deyə ərk-görk edib gileyləndiyimiz BMT-çilər, Minskçilər, AŞçılar - bütün yadelli başçılar bu bəşəri sənətkarın hər hansı bir ifasından feyzlənib, onun bioqrafiyası ilə də tanış olmaq istədilər. Belədə nə görəcəklər? Onun yurdunun - Şuşanın öz qələmimizlə mötərizəarası işğala da salınmasınımı? Nədən o “Qırxqız”, “Topxana”, “Meşəli”, “Cıdır düzü”, “Xankəndi” adlarının doğma, ekiz qardaşı olan “Xanbağı” kimi dadlı toponim haqda bir qırnıq siyasi-etnik məlumat, bir abzaslıq ədəbi-publisistik təəssürat verilməsin? Hələ bu gün də “Əməyi güllər açan Sərdarı, Bünyadı var” oxuduğumuz halda, niyə burada yazılmasın ki, bu ilahi səsi, dahi müğənnini bir əslən-nəslən qarabağlı ana anamız Qarabağın bir ocağından digərinə qonaq gedərkən məhz o Xanbağında - tələsdiyindən ayağı kəndirə düşən simsar faytonçunun “dəh-dəh!” hay-harayları, gələcək “rəqiblik ehtimalından” səs-səsə vermiş bülbüllərin cəh-cəh sədaları altında doğmuşdur. Nə üçün hər hansı bir ədəbi üslub-qurğu ilə vurğulanmasın ki, bu qədər sənət ağaları yetirən o torpaq, nə əcəb, özlərini buranın kökən etnosu adlandıran o dığaların bircəciyinə belə sənət südü əmizdirməmiş olsun?..
   Bəli, mədəniyyətimizin bu ecazkar səs, avaz, poetik hənirti, folkloranə üyültü, professional nərilti, bəşəri dinlənti - musiqistan obrazı hər yerdə, hər nüansda onun özünə layiq təqdim, təfsir və təmsil edilməlidir.   

  Xalqın artisti
   
   Bülbülün professor, musiqi folkloru tədqiqatçısı, professional vokal məktəbimizin banisi olması faktları öz yerində, ifaçılıq taktları ayrıca bir institutdur. Onun oxuyacağı hər hansı bir mahnının, təsnifin, ariyanın ilk sözünə qədərki sədaları bitkin bir elmi-populyar “giriş”dir. Hər biri beş-üç dəqiqə çəkən bu şifahi əsərlərin ilk misrasına verdiyi xarakter “məqsədli aspirantura”dır. O əsərlərin son sətir-bəndlərində çilədiyi vüsali zəngulələr müdafiəyə ehtiyacı olmayan “dissertasiya”lardır.
   Bir kərə Bülbül haqda bir televiziya verilişinə hər “növ” intellekt, səviyyə zümrələrilə birgə baxırdım. Bu böyük mərasim sahibinin özü də böyük adam idi, qonaqlıq təşkil etdiyi otağı, televizor cihazı da.
   Bu böyük, geniş otaq-salonda böyüklərin bir qulağı və bir gözü ekranda olsa da, öz aləmlərində, balaca bir qızcığazsa döşəmədən tapdığı, üfürə-üfürə başı üzərində qovduğu zərif, pırpız bir tükcüyün dalınca qaçmaqda idi. Bülbül isə “Səndən ayrı” ariyasındakı hicr dolu zəngulələrlə qoç Koroğlunu xas aşiqlik oduna yandırır, “ah, Nigarım!” - deyə dad döyürdü. Ariyanın ən yuxa bir məqamında dörd-beş yaşlı o qızcığaz öz məşğuliyyət “qov”unu qovmaqda ola-ola, məclisin aşağı başında oturmuş anasını çox ucadan səsləyərək: “Ana, ana, o kişi ölür, qoymuyun onu ölməyə, yazıqdı!” dedi.
   Bu təmiz uşaq səsi, uşaq sözü o məclisi diriltdi. Buradakı bütün yar-yoldaşlar, qohum-qardaşlar həm də vətəndaş oldular. Gözlənilmədən təbii, xəlqi bir konfrans, milli bir məclis alındı. “Kələm qonaqlığı”ndan kəlam mərasiminə çevrilən o yığıncağı “giriş sözü” ilə elə o qızcığazın atası açdı. Dedi ki, Bülbülün səsi eşq adlı əbədi müəmmanı Füzulinin sözü, Üzeyir bəyin musiqisi qədər aça bilir. Belə məclislər üçün hələ naşı olan bir tələbə qız çəkingən tərzdə buyurdu ki, Bülbülün səsində bütün ataların - yəni kişilərin bütün analara - yəni qadınlara nisbətdə amiranəlik, mənəm-mənəmlik iddialılığını kompensasiya etmək cövhəri var. O gözəl tələbə qızla üzbəüz oturmuş gənc və yaraşıqlı professor dərhal əlavə etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət haqda deyilməmiş, yazılmamış bütün fikirləri ifadə edir, hə?”. Gənc professorun obyektə tərifdən çox, qarşısındakı subyektə komplimentə bənzəyən bu sözlərinin fonunda veriliş aparıcısı Bülbülün həm də fenomenal professor şöhrətindən, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmasından, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, təhsil aldığı İtaliyanın “Haribaldi” ordenləriylə təltif edilməsindən danışırdı. Bu uzun titul sadalamasından canı darıxan ağsaqqal bir sürücü başını başlara qoşub: “Ay zalım oğlu, bu mükafatlar mənim onun səsinə vurğunluğumun yanında nəmənə şeydi, kişinin məcunlarından birini verin, dinləyib dirilək də!” - dedi. Bu kələ-kötür “çıxış”dan sonra “Nuhun gəmisi” timsallı “xalq” susdu. Hamı yaxşı tanıdığı, düzəltdiyi əşyalara nəfəsdən başqa hər şey verən Dəmirçi Aydına baxdı. Dəmirçi çəkic-zindan sədalı səsiylə bir nəqəratlıq nitq elədi: “Bülbüldən zövq almaq üçün gərək onu dinləyərkən bir sən olasan, bir də özün...”
   O “beynəlzümrə” yığıncaqda mən də bir-iki kəlmə dedim, amma deyəsən elə ən diqqətcil dinləyicim də elə özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda həm ifaçı olub, həm dinləyici, tamaşaçı, tənqidçi, təlimçi, münsif və sair. O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki zəif söz, misra və bəndlərə ecazkar səsi ilə elə şəkər qatır ki, heç kəs daha o fikrin mənasına varmır. Söz, fikir güclü olanda isə səsindəki emosiyanı yığışdırıb bir kənara çəkilir, bütün diqqətləri deklamasiya etdiyi sözün üstünə yönəldir. Məsələn, “Bir gün evlərinin lap qabağından, Titrəyib keçdiyim yadıma düşdüüü, aman, aman, aay amaaan...”
   Mən o məclisdə bu ifanı pisdən-yaxşıdan təqlid etdim. Bu yazıda isə... Heyf ki, yazıda oxumaq olmur...
   
   Daha bir qədim yığıncaqdan şühudi reportaj
   
   1981-ci il. Azərbaycan radiosunda növbəti “letuçka”. Dövrün məşhur bir qadın müğənnisinin (SSRİ Xalq artisti) ötən həftə televiziya və radioda getmiş “müsibət” konserti haqda qızğın, bəziləri tərəfindən isə məhrəmanə müzakirə, münasibət və mübahisələr gedir. Bu zaman qələminin arxası da, qabağı da yazan redaktorlardan biri qalxıb deyir ki, bu böyük sənətkar xanım haqda mahnı yazılmasının vaxtı deyilmi? Yerlərdən səslər: “Əlbəttə!”, “Hətta gecikmişik” və s. Elə bu zaman “Xəbərlər” baş redaksiyasının baş redaktoru Valid Sənani ayağa qalxır və deyir: “Ay yoldaşlar, nə vaxt o boyda Bülbül haqda mahnı yazılarsa, ondan sonra bu boyda xanım haqda da yazıb-yazdırarsınız...”
   Doğru deyilmi, əziz və hörmətli bəstəkarlarımız? Rəssamlar, heykəltəraşlar bir-birinin portretini, heykəlini, ədiblər, aktyorlar bir-birinin surətini yaradırlarsa, niyə bəstəkarlar, müğənnilər bu normal həmkarlıqda sussunlar?
   Sözüm Bülbül adına, Bülbül ladına layiq (böyük sənətkarın məşhur oğlu, həm də gözəl bəstəkar Polad Bülbüloğlundan savayı) bütün sanballı bəstəkarlaradır (Daha yaxşı mətn tapmasanız, çoxdan yazıb üzə çıxarmadığım üç bəndlik şeirimi təqdim edə bilərəm)...
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar